205 nəfərin xəsarət aldığı açıqlanıb
Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarında maşınla insanların üzərinə hücum edən şəxsin kimliyinin məlum olduğu bildirilir.
Milad bazarına edilən hücumla bağlı 50 yaşlı Taleb A. (soyadı açıqlanmır) saxlanılıb.
O, Maqdeburqdan 45 kilometr aralıda yerləşən Bernburq şəhərində psixiatr və psixoterapevt işləyir.
Həmin şəxsin mənzilində axtarış aparılıb.
Polisin məlumatına görə, hücum edən heç kimlə əlbir olmayıb.
Almaniya mətbuatının yazdığına görə Taleb A. Səudiyyə Ərəbistanındandır.
2006-cı ildən Almaniyada yaşayır, daimi yaşayış icazəsi var.
2016-cı ildə İslamı tərk etdiyinə görə ölümlə hədələndiyini iddia edərək Almaniyada qaçqın statusu alıb.
İnternetdə Taleb A. İslamın əleyhdarı kimi çıxış edib, həmçinin Səudiyyə Ərəbistanı qadınlarına bu ölkədən necə qaçmaq barədə məsləhətlər verib.
O, Almaniyada siyasi sığınacaq əldə etmək yollarına həsr olunmuş internet saytını idarə edib.
Maqdeburqdakı hücumdan sonra Səudiyyə Ərəbistanı Almaniyaya başsağlığı verib.
Maqdeburqda hücuma görə saxlanılan şəxs Almaniyanın ifrat sağçılarının tərəfdarıdır.
“Der Spiegel” nəşrinin jurnalistlərinin öyrəndiyinə görə, Taleb A. miqrantlara mənfi münasibət bəsləyən ifrat sağ populist “Almaniya üçün Alternativ” partiyasına açıq rəğbət bəsləyirmiş.
Daha əvvəl bildirilib ki, polis saxlanılan şəxsi radikal islamçı hesab etmir.
“Bild” polis mənbələrinə istinadən xəbər verir ki, ilkin analiz zamanı hücumçunun bədənində narkotik maddələrin izləri aşkarlanıb.
Hücumdan sonra bütün Almaniyada Milad bazarlarında təhlükəsizlik tədbirləri gücləndirilməyə başlanıb.
Maqdeburqun özündə Milad bazarı bağlanıb.
Berlin və Almaniyanın digər şəhərləri yarmarkalarda polislərin sayı artırılıb.
Dekabrın 21-nə olan məlumata görə, “BMW X3” sürücüsünün Milad bazarına gələnləri vurması nəticəsində ölənlərin sayı 5-ə çatıb.
205 nəfərin xəsarət aldığı bildirilir.
Onlardan 41 nəfərin vəziyyətinin kritik olduğu deyilir.
86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digər 78 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.