Səfir jurnalistlərə qarşı repressiyalardan narahatdır
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanda jurnalistlərə qarşı repressiyalardan narahat olduğunu deyib. Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O həmçinin bildirib ki, insan hüquqlarının pozulduğu təcridxanalara kameralar yerləşdirilməlidir:
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyata keçirmək, həmçinin insan hüquqlarını müdafiə etmək üçün insan hüquqlarının pozulduğu yerlərə kameralar və mikrofonlar yerləşdirməliyik”.
“Mətbuat azadlığı insan hüquqları sahəsində vəziyyətin indikatoru olduğuna görə biz bütün dünyada, o cümlədən Azərbaycanda jurnalistlərə qarşı zorakılıq və repressiyalardan narahatıq”, – deyə səfir qeyd edib.
Son bir il ərzində ölkədə çoxlu sayda jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.
2024-cü il dekabrın 6-da isə Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.