Alma Karlin – Kolumb olmaq arzusuyla dünyanı dolaşan qız

Hər zaman ancaq özünü düşünən insan həyat yolunu tək gedər

Source: meydan.tv

(Birinci hissə)

“Hər zaman ancaq özünü düşünən insan həyat yolunu tək gedər. Amma hər şeyi sevgiylə tənzimləyib uğur qazanmağı bacaran, insanlara necə yardım edəcəyini bilən və onlara əl uzadan insan çiçək açan çəmənlik kimidir, öləndən sonra da gördüyü işlərin izi qalır”.

Alma M. Karlin

24 noyabr 1919-cu il. Dəmiryolu stansiyası. Xəstə görkəmli, çəlimsiz bir qız dünya səyahətinə yollanır. Son bir cəhdlə onu fikrindən daşındırmağa çalışan anasının sözünü kəsib deyir: “Mən bunu etməliyəm. İçimdən bir şey məni hərəkətə sövq edir, bu impulsun arxasınca getməsəm, rahatlıq tapmayacam”.

O, evlərinə bir də 8 il sonra qayıdacaqdı. Bu illər ərzində başına gəlməyən qalmayacaq, xəstələnəcək və hətta zorlanacaqdı da. Amma dünyanı dolaşıb xalqları, dilləri, dinləri araşdırmaq fikrindən vaz keçməyəcək, yalnız ölüm ayağında olan anasının xahişilə geri dönəcəkdi.

****

Alma Karlin – məşhur sloven səyahətçisi, yazıçı, poliqlot, teosof, həvəskar araşdırmaçı. O vaxt Avstriya-Macarıstan imperiyasının, indi Sloveniyanın tərkibindəki Sele şəhərində dünyaya gəlib (1989). Atası hərbçi, anası alman dili müəlliməsi olan qızcığaz fiziki qüsurlarla doğulmuşdu – paraplegiya xəstəliyinə görə (əl və ayaq iflici) bədəninin bir tərəfi az hərəkətliydi, yerində axsayırdı, gözlərində asimmetriya problemi vardı, hətta həkimlər onun ağıldankəm olacağını da proqnozlaşdırmışdılar.

Balaca qızcığaz öz dözümü və əzmi sayəsində bu proqnozları alt-üst edib – sağ əli yaxşı işləmədiyi üçün əvvəlcə sözünə baxmayıb elə hey çırpınan sol əlini “dərisi sürtülənə qədər” məşq etdirərək özünü solaxay olmağa məcbur edib. Yaxşı işləməyən ayaqlarını yeriməyə alışdırmaq üçün saatlarla məşq edib – arxasınca baxıb “mərhəmətlə pıçıldaşanlara, təəssüflə başlarını bulayanlara” fikir vermədən, “özüm bacaracam” deyib onların kömək təklifini qəbul etmədən. Və nəhayət, bir gün o da “müstəqil hərəkət etməyin sevincini” yaşayıb.


“Ağrıverən korsetlər geyib xarici dilləri öyrənir, ailə üzvlərimdən uzaq dururdum. Mən bütün qızlar kimi tikiş və ya biş-düş öyrənmirdim, onlar kimi sakit və sözəbaxan da deyildim. Müstəqilliyimə, özümə qapanıq olmağıma və səfehliyimə görə


ətrafım


qəddar düşmənlərlə doluydu. Sonrakı illərdə kanniballar və vəhşilərlə yola getmək bacarığımı uşaqlığımdakı ailə davaları sayəsində qazandığımı düşünürəm”.

****

Fiziki problemləri Almanın uşaqlıq illərinin fasiləsiz müalicələrdə keçməsinə səbəb olur. O, səkkiz yaşındaykən xasiyyəti və hobbiləriylə şox bənzədiyi, çox sevdiyi atası vəfat edir, sərt təbiətli və tələbkar anasıyla tək qalması qızcığazın vəziyyətini daha da ağırlaşdırır. Almanın bir çiyninin digərindən hündür hesab edən anası onu müxtəlif klinikalara aparır, mütəxəssislər fərqin çox cüzi olduğunu, hərəkətsiz həyat tərzindən (bəlkə də ona qarşı şübhəli davranışlardan) qaynaqlandığını desələr də, fikrindən daşınmır.

Avtobioqrafisyasında Alma həmin günlərdən birini belə xatırlayır:


“Həkim məni işgəncə otağına apardı, başıma kəndir bağlayıb onu elə dartdı ki, asılqan kimi havada yellənməyə başladım. Sonra anamı yan otağa xəsətliyim barədə danışmağa dəvət etdi. Düz beş


dəqiqə elə asılı vəziyyətdə qaldım. Əgər heç vaxt başınızdan asılmamısınızsa, mənim vəziyyətimi təsəvvür edə bilməzsiz. Adama elə gəlir ki, alt və üst çənə bir-birinə çırpılır, ənsədəki onurğa qığırdaqları isə indicə bir-birindən qopacaq. Dişlərin hamısı ağrıyır, qulaqlar guruldayır, əzablı köməksizlik hissi adamı qorxmağa vadar edir”.

Lübnandakı ortopedik klinikada – işgəncə alətlərinə bənzətdiyi müxtəlif qurğularda gündə 6 saat vaxt keçirməsi fiziki baxımdan onsuz da zəif olan balaca qızı xeyliyorurdu. Alma onu hər yerdə müşayiət edən dayəsi Mimiylə ayda cəmi 3 gün gəzməyə çıxa bilərdi.

****

O, ilk təhsilini evə gələn müəllimlərdən almışdı. Musiqiyə, rəsmə, ələlxüsus da xarici dillərə böyük həvəs göstərən Alma sonra Qrase şəhərində məktəbə getmiş, oranı bitirəndə dillər üzrə təhsilini davam etdirmək üçün Londona yollanmışdı(1913). Əvvəl anası onun evdən bu qədər uzaqlaşmasına etiraz etsə də, sonradanrazılaşmaq məcburiyyətində qalmışdı.

Almandilli mühitdə böyüdüyü üçün bu dili (Onlar evdə də bu dildə danışırdılar) ana dilindən qat-qat yaxşı bilən Alma Londondakı İncəsənət Məktəbində ingilis, fransız, latın, italyan, rus, ispan, Norveç və Danimarka dillərini öyrənir (Sonrakı dönəmlərdə bu siyahıya fars, çin və yapon dilləri də əlavə olunacaqdı). İlk vaxtlarda yalnız anasının maddi dəstəyi sayəsində İngiltərədə yaşayır, sonra büroların birində tərcüməçi işi tapıb öz xərclərini özü qarşılamağa başlayır. Qazancının çox az hissəsini yeməyə sərf etməsi onun onsuz da güclü olmayan orqanizmini daha da zəiflədir.

Almanın həmin dövr haqqında xatirələrindən:


“Səhərlər ümumiyyətlə heç nə yemədiyim o günlərdə nahara isti bir şey bişirmək istəyən


kimi


içimdəki böyük “Mən” dərhal öz kiçik tayına etiraz edirdi: “Həmin pula bir dərs (ya da vacib bir kitab) almaq olar, amma sən vəhşi heyvan kimi nəsə tıxışdırmaq istəyirsən!” Və mən “vəhşi heyvan” olmamaq üçün isti yeməkdən vaz keçib bir neçə qəpiklik kiçik pendir paketi alır, şam yeməyini isə az miqdar çörəklə yola verirdim. Evdəki balaca qızdırıcının üstündə kulinariya eksperimentləri etməkdən çoxdan vaz keçmişdim”.

Həmin dövrdə Alma xarici dillərdən dərs deməklə də pul qazanırdı. Bundan başqa, o, sloven dili də daxil olmaqla, on dili əhatə edən xüsusi lüğət hazırlayırdı.

İncəsənət məktəbindəki təhsilini müvvəffəqiyyətlə başa vurandan sonra büroda gənc qıza daha məsuliyyətli işlər tapşırırlar, onlardan biri də çinlilərə individual ingilis dili dərsi keçmək idi. Amma bu, Almanın maddi vəziyyətinə xüsusi təsir etmir və həm çətinliklərdən, həm də depressiyadan bezən qız çəkdiyi əzablara son vermək üçün intihar barədə düşünməyə başlayır. Xüsusi simpatiya bəsləmədiyi və aralarında hər hansı intellektual bağ olmayan çinli tələbəsi Syuy Lunq məhz həmin günlərdə ona evlilik təklif edir. Alma üçün bu, “həyata müəyyən məna qatan son xilasedici dairə” olur. Milad bayramında gənclər Seleyə gedirlər, amma Almanın anası və qohumları çinli oğlanı bəyənmir. Londona qayıdandan bir müddət sonra Karlin ondan ayrılır.


“Təəssüf ki, ömrümüzün yarısından da çoxu insanın mahiyyətini təşkil edən faktlardan birini anlamağa – insanı bizim istədiyimiz kimi yox, özünün olduğu kimi qəbul etməyə gedir. Hər bir yetkin insan dəyişməz “mən”ə sahib


olan tam


bir varlıqdır. İnsanların çoxuna elə gəlir ki, yaxın münasibətdə olduğu şəxsi dəyişə bilər. Bu, mənasız mübahisələrə və xəyal qırıqlığına səbəb olur, münasibətlər tədricən soyuyur və ayrılıqla nəticələnir. Ona görə də biriylə yaxınlaşmazdan əvvəl onun xasiyyətinin və çatışmazlıqlarının bizim dəyərlərimizə və təbiətimizə uyğun gəlib-gəlmədiyi barədə düşünmək lazımdır. Mən də səhvə yol verdim – oxumağı heç sevməyən, poeziyayla maraqlanan, gözəl olan hər şeyə meyil


göstərən və həm də çox materialist olan balaca çinlini dəyişəcəyimə inandım. Hər şeyin olduğu kimi qəbul edilməsi məcburiyyətini anlamağıma xeyli vaxt lazım gəldi”.

Alma Karlin1915-ci ildə qələmə alıb bir neçə il sonra (1921) dərc etdirdiyi “Mənim balaca çinlim” adlı ilk romanında belə yazır.


****

Birinci dünya müharibəsinin başlaması Almanı Londondan getməyə məcbur edir – Britaniyayla savaş halında olan Avstriya-Macarıstan imperiyasının vətəndaşı bu şəhərdə artıq arzuedilməz şəxs hesab edilirdi. Əcnəbilərin nəzarətə götürüldüyü və maaşlarının azaldıldığı Londonda yaşamağın elə bir cazibəsi qalmamışdı.

Alma əvvəl Norveçə, ordan da İsveçə gedir. Həyatının Skandinaviya dövrü onun üşün həm də dönüm nöqtəsi olur – o, səyyah və yazıçı olmaq qərarına gəlir. Qədim mədəniyyətləri, o cümlədən, inklərin, asketlərin və mayyaların tarixini öyrənir, gedəcəyi ölkələrin ekzotik bitkilərini çəkə bilmək üçün rəsm dərsləri alır. Bəzi mənbələrdə onun 6 ay da Parisdə yaşadığı, Sorbonna Universitetində müxtəlif dil kurslarına getdiyi qeyd olunur.

Sonra Alma dünya səyahətinə pul yığmaq üçün Seleyə qayıdıb dil məktəbi açır (1918), ömrünün sonun qədər hər yerə özüylə aparacağı “Erika” yazı makinəsini alır, coğrafiya, tarix, təbiətşünaslıq, botanika və zoologiyanı öyrənir.

Həmin dövrdə o, Seledəki slovenlərin və almanların barışmasına da yardım etməyə çalışır.


“Bu müharibə nifrətdən doğmuşdu, milli barışmazlıq


mənim


ilk gənclik kədərimiydi.


Dünyadakı bütün pisliklərin səbəbi ilk növbədə dərin cahillik idi. Mən slovenləri və almanları siyasi mövzuların heç açılmayacağı əyləncə məclisinə toplamaq istəyirdim. Bu təxminən ona bənzəyirdi ki, bir quldur məcburiyyətə və cəzaya əl atmadan canavarla cəngəllik pişiyini eyni qabdan su içməyə alışdırmaq istəyir”.

1919-cu ilin sonunda Alma, nəhayət ki, dünyanı dolaşmaq planını gerçəkləşdirir – anasının etirazına və pulunun azlığına rəğmən. Kiçik çamadandan və “Erika”dan ibarət baqajıyla Triyest qatarına minib arzusunun dalınca gedir. Onu irəlidə məşəqqətli günlər-illər gözləyirdi. Amma bu səyahət Almaya özünü dərk etmək vəvarlıq, həyat, dinlər və mədəniyyətlər haqqında bilmək istədiyi əbədi həqiqətləri anlamaq imkanı yaradacaqdı.

****

Avropanı “Boloniya” gəmisində tərk edən Alma çətinliklər və təhlükələrlə dolu ilk dörd il ərzində əvvəlcə Cənubi, Mərkəzi və Şimali Amerikada, sonra Havay adalarında, Yaponiyada, Avstraliyada , Yeni Zenlandiyada, Çində, Tayvanda və Honkonqda olur.

Sonrakı dörd ildə Alma Misirə, Ficiyə, Yeni Kaledoniyaya, Yeni Hebridlərə, Solomon adalarına, Yeni Qvineyaya, Tailanda, Sinqapura, Myanmaya, Hindistana, Pakistana və Banqladeşə gedir.

Əslində, Almanın getmək istədiyi ilk ölkə Yaponiyaydı, amma viza problemi səhayətə Cənubi Amerikadan başlamaq məcburiyyəti yaradır.

Sloveniyalı Karlinin kommunist ola biləcəyindən ehtiyat edən Argentina da ona viza vermir, gənc qadın ilk olaraq Peruya getməli olur. Ağdərili bir qadının, həm də təkbaşına ölkəyə gəlişi yerli əhali arasında əsl sensasiya yaradır. Gah küçədə yaxınlaşıb görüş təklif edirlər, gah ev sahibləri onunla münasibət qurmaq istəyir. Arekipa şəhərində isə bir qrup şəxs Almanın yaşadığı evi mühasirəyə alıb mülk sahibindən tələb edirlər ki, “ya Çili, ya da Boliviya agenti olan” bu qadını qovsun: “Bunu həmin şəxslərə məndən rədd cavabı almış iki kişi deyibmiş. Saçlarım çox qısa olduğu üçün onları kişi olduğuma inandıra bildim. Amma bəziləri yaxınlaşıb paltarımı soyundurmaq istədilər…”

Alma son çarə kimi mətbəx bıçağına əl atıb özünü öldürməyi düşünən anlardapolis gəlib çıxır.

Bu “qəribə qadının” (Karlin özü haqqında belə deyirdi) problemləri sonrakı aylarda da davam edir – onu izləyirlər, qarət edirlər. Bütün bunlar Almada insanlara, xüsusilə də kişilərə qarşı dərin inamsızlıq yaradır (Nadir istisnalardan biri yaponiyalı həkim olur – Alma Çin səyahətinə onunla birlikdə gedəcək, möhtəşəm bağları və “darvazalarının ağzında uzunburun allahları olan qaranlıq məbədləri” “mister Roy” deyə bəhs etdiyi bu mədəni centlmenlə gəzəcəkdi). O, ilk dəfə Panamada gördüyü şimali amerikalıları da bəyənmir, qeydlərində onların çox da dərin adamlar olmadığını vurğulayır.

Ana səhifəXəbərlərAlma Karlin – Kolumb olmaq arzusuyla dünyanı dolaşan qız