Allahşükür Paşazadə: Koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır

A.Paşazadə dəfn məsələsi ilə bağlı başqa dinlərlə birgə xüsusi siyahının olacağını güman edir

Source:


“Tək müsəlmanlar deyil, eləcə də xristian və yəhudi icması ilə də danışıqlar aparılıb”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə koronavirus xəstəliyindən ölənlərin dəfni üçün mollalara xüsusi icazə olacağını bildirib.

A.Paşazadə bununla bağlı Baş nazir Əli Əsədovun razılığını aldığını bildirib.

Real tv-yə müsahibəsində idarə sədri bildirib ki, o, aprelin 3-də Baş nazir Əli Əsədovla bu barədə telefonla danışıb:

“Baş nazir razılığını verdi. Çünki insanların vəfat etməsi ilə bağlı öncədən nəsə demək olmur. Tək müsəlmanlar deyil, eləcə də xristian və yəhudi icması ilə də danışıqlar aparılıb. Dəfn prosesində lazım olan din xadimlərimiz gecə-gündüz bir çox məscidlərdə növbəli şəkildə işləyirlər".

A.Paşazadə dəfn məsələsi ilə bağlı başqa dinlərlə birgə xüsusi siyahının olacağını güman edir:

“Həmin siyahı Nazirlər Kabineti yanında Operativ Qərargaha göndəriləcək. Onlar da bunu Daxili İşlər Nazirliyinə təqdim edəcəklər və həmin şəxslər üçün xüsusi icazələr veriləcək. Çünki bunun başqa yolu yoxdur. Biz ölüm halının nə zaman baş verəcəyini bilmirik. Amma bizim əməkdaşlar hər zaman hazırdırlar. Bu sahədə bizim heç bir narazılığımız olmayacaq və bütün lazımi şərait yaradılıb”.

Azərbaycanda ümumilikdə 521 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ana səhifəSosialAllahşükür Paşazadə: Koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır