Ali Məhkəmədə Azərbaycan və Ermənistan qanunvericiliyinin müqayisəsi

Müqavilə bağlandıqdan 7 ay sonra Elgiz Qasımovun idarə etdiyi “Kia Sportage” markalı avtomobil Lökbatan qəsəbəsinin yaxınlığında qəzaya uğrayıb.

Foto: Meydan TV


“Azad İstehlakçılar” təklif edir ki, qanunvericiliyə dəyişiklik edilsin, sığorta şirkətləri ödənilməmiş hissəni kompensasiyadan tutsunlar

“Azad İstehlakçılar” İctimai Birliyi Ali Məhkəməyə müraciət edərək, Azərbaycan mülki qanunvericiliyinin Ermənistan, Rusiya, Almaniya və Gürcüstan qanunvericiliyilə müqayisəsini müzakirəyə çıxarıb. Təşkilat hesab edir ki, xüsusən sığorta ödənişlərilə bağlı mübahisələrin daha ədalətli həlli, vətəndaşların çətin vəziyyətdə qalmaması üçün belə müzakirəyə ehtiyac var.

“Azad İstehlakçılar” hazırda Ali Məhkəmənin icraatında olan, sığorta ilə bağlı mübahisəyə də diqqət çəkib. Söhbət vətəndaş Elgiz Qasımovla sığorta şirkəti arasındakı məhkəmə çəkişməsindən gedir.

Elgiz Qasımov özünə məxsus “Kia Sportage” markalı, “99-NE-103” dövlət nömrə-nişanlı avtomobili 2018-ci il aprel 16-da bir illik sığortalatdırıb. Pulun 75 faizini ödəyib, sonuncu hissəni isə gecikdirib. Dediyinə görə, gecikmə üzrlü səbəbdən olub.

Müqavilə bağlandıqdan 7 ay sonra Elgiz Qasımovun idarə etdiyi “Kia Sportage” markalı avtomobil Lökbatan qəsəbəsinin yaxınlığında qəzaya uğrayıb. Nəticədə avtomobilə 15 min 751 manat zərər dəydiyi müəyyənləşib. Amma sığorta şirkəti ödənişdən imtina edib. Səbəb kimi isə sığorta haqqının tam ödənilməməsi göstərilib.

Elgiz Qasımov deyir ki, şirkət gecikmə barədə müştərini xəbərdar etməliydi. O, sığorta şirkətini məhkəməyə verib. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi onun haqsız olduğu qənaətinə gəlib və sığorta şirkətinə qarşı iddianı təmin etməyib.

“Almaniyanın “Sığorta müqavilələri haqqında” qanununun 38 paraqrafında, Rusiya Mülki Məcəlləsinin 954-cü maddəsində, Gürcüstan Mülki Məcəlləsinin 817-ci maddəsində və Ermənistan Mülki Məcəlləsinin 1010-cu maddəsində göstərilib ki, əgər sığorta haqqı vaxtında ödənilməyibsə, şirkət onun ödənilməsi üçün müddət təyin etməlidir. Əgər vətəndaş həmin müddətdə də pulu ödəməsə, o zaman ödənişdən imtina edə bilər”, – “Azad İstehlakçılar” Ali Məhkəməyə müraciətində yazır.

Azərbaycan Mülki Məcəlləsinin 920.1-ci maddəsinə əsasən, sığorta ödənişi ödənilmədikdə, şirkət dərhal vətəndaşı bu barədə xəbərdar etməlidir.

“Azad İstehlakçılar” təklif edir ki, qanunvericiliyə dəyişiklik edilsin, sığorta şirkətləri ödənilməmiş hissəni kompensasiyadan tutsunlar.

Qanunlara dəyişiklik Milli Məclisibn qərarıyla həyata keçirilir. Amma dəyişiklik təşəbbüsü ilə Ali Məhkəmə də parlamentə müraciət etmək hüququna sahibdir. Ona görə də təşkilat bu məsələ ilə əlaqədar Ali Məhkəməyə müraciət edib.

Ana səhifəSosialAli Məhkəmədə Azərbaycan və Ermənistan qanunvericiliyinin müqayisəsi