Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib

Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olandan sonra quruma üzv olan vəkillərin sayı iki dəfə artıb.

Source: Specify Source


Vəkillər kassasiya icraatının özəl xüsusiyyətlərindən xəbərsizdir?

Azərbaycanda bir neçə il əvvəl qanunvericiliyə dəyişiklik edildi və Ali Məhkəməyə şikayət verilməsi, orada işə baxılması üçün vəkilin iştirakı məcburi oldu. Əvvəllər vətəndaş özü də müraciət edə bilərdisə, dəyişiklikdən sonra şikayəti mütləq Vəkillər Kollegiyasının üzvü olan şəxs hazırlayıb göndərməli idi. İndi isə məlum olur ki, Ali Məhkəmənin rəhbərliyi vəkillərin tərtib etdiyi şikayətlərdən də razı qalmır.


Ramiz Rzayev Anar Bağırovdan dəstək istəyib

Ali Məhkəmənin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasının sədri Anar Bağırova vəkillərdən şikayətlənib. Kollegiya sədrinə bu barədə məktub göndərən Ramiz Rzayev yazıb ki, vəkillər Ali Məhkəməyə göndərdikləri şikayətlərdə prosessual qanunvericiliyin tələblərinə riayət eləmirlər. Qanunda nəzərdə tutulmayan əsaslarla Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayətləri verirlər. Vəkillərin bir çox halda kassasiya icraatının özəl xüsusiyyətlərindən xəbərsiz olmasını vurğulayan R.Rzayev bu cür nöqsanların aradan qaldırılması üçün Anar Bağırovdan dəstək istəyib.

Anar Bağırov da Ali Məhkəmə sədrinin iradları barədə bütün vəkil bürolarına və fərdi vəkillərə məktublar göndərib. Məktubda yazıb ki. R.Rzayev ona müraciətinə sübut olaraq, vəkillərin qanunvericiliyə uyğun olmayan şikayətlərini də əlavə etmişdi. Həmin şikayətlərə baxılıb və məlum olub ki, vəkillər kassasiya və əlavə kassasiya şikayətlərini tərtib edərkən bir çox halda qanunvericiliyin tələblərinə əməl etmirlər.

Kollegiyanın sədri göstəriş verib ki, bütün vəkil qurumlarında pandemiya ilə əlaqədar videokonfrans formatında iclaslar keçirilsin, qeyd olunan nöqsanlar bütün vəkillərin diqqətinə çatdırılsın, müzakirələr aparılsın, təhlil edilsin. Bundan əlavə, vəkillər üçün Kollegiyanın Hüquqi yardım və Tədris Mərkəzi tərəfindən keçiriləcək təlimlərində fəal iştirak etsinlər.


“Məqsədimiz vətəndaşların məmnun qalmasıdır”

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Meydan TV-yə bildirib ki, Ali Məhkəmə sədrinin iradları ilə bağlı müzakirələr ictimaiyyət üçün deyil, məqsəd vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətini artırmaqdır:

“Vəkillərin işinin daha da təkmilləşdirilməsi, şikayətlərin daha peşəkar, qanuna uyğun yazılması üçündür. Məqsədimiz vətəndaşların məmnun qalmasıdır. Mülki Prosessual Məcəllədə əlavə kassasiya şikayəti verilməsinin əsasları konkret göstərilib. O əsaslar məhduddur. Əgər bu əsaslardan heç biri yoxdursa, aydın məsələdir ki, əlavə ksassiya şikayəti təmin oluna bilməz, həmin şikayətə baxılıb qərar qəbul olunmayacaq. Vətəndaş vəkilə müraciət edib deyir ki, bu qərardan Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti ver. Vəkil o materiallarla tanış olmalıdır, baxmalıdır ki, burada şikayət vermək üçün əsas var, yoxsa yox. Ondan sonra şikayəti göndərməlidir. İstəmirik ki, vətəndaşda lüzumsuz yerə ümid yaransın.

Biz deyə bilmərik ki, bütün vəkillər işlərini ideal səviyyədə görürlər. Bütün peşələrdə olduğu kimi, vəkillikdə də bunu iddia etmək olmaz. Yeri gələndə, hakimlər də bəzən səhv edirlər, çıxardıqları qərarlar ləğv olunur.


“Nöqsanlar kütləvi deyil”

Qeyd olunan nöqsanlar vəkillikdə kütləvi deyil. Dediyim kimi, bəzi hallarda əsas olmadan əlavə kassasiya şikayəti verirlər. Vətəndaşla müqavilə bağlayırlar, qonorar alırlar. Sabah da əlavə kassasiya şikayəti təmin olunmayanda vətəndaş narazı qalır”.

Ramiz Rzayev məktubunda vəkillərin şikayətləri peşəkar hazırlamamasından narazılıq etsə də, Vəkillər Kollegiyasının sədri vəkillərin peşəkarlığının aşağı olması fikrini bölüşmür: “Yazmır ki, bütün şikayətlər o formadadır. Yazır ki, “bəzi şikayətlər”. Bütün peşələrdə olduğu kimi, vəkillər də səhv eləyirlər. Biz istəyirik ki, ümumiyyətlə, belə hallar olmasın”.

Ali Məhkəmə sədrinin hüquqi baxımdan müstəqil təsisat olan Vəkillər Kollegiyasına vəkillərlə bağlı irad bildirməsini Anar Bağırov doğru addım sayır:

“Bizim diqqətimizi bu məsələlərə cəlb edir. Əlavə kassasiya şikayətləri üzrə qərarları Ali Məhkəmənin sədri olaraq o qəbul edir. Görür ki, əsas olmadan kütləvi şəkildə əlavə kassasiya şikayətləri verilir. Bizim məqsədimiz vətəndaşların hüquqlarının təmin olunmasıdır. Vəkillər vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməlidir. Vətəndaşın işi ilə bağlı əsas olmadığı halda, əlavə kassasiya şikayəti verilirsə, vətəndaş ümidli olur, başqa hüquqi müdafiə vasitələrindən istifadə etmir. Məsələn, Avropa Məhkəməsinə, Konstitusiya Məhkəməsinə müraciətlər üçün müddətləri ötürür. Sonda əsas olmadığına görə şikayətinə baxılmayanda isə narazı qalır. Bizim məqsədimiz odur ki, belə hallar olmasın. Ali Məhkəmə sədrinin müraciəti mənim də diqqətimi cəlb etdi. Rəyasət Heyətində müzakirə etdik. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna görə, Rəyasət Heyətinin əsas vəzifələrindən biri də peşəkarlığın artırılması üçün metodik tövsiyələr hazırlanması, bu istiqamətdə tədbirlərin görülməsidir”.


“Məsələni başqa müstəviyə çəkməyək”

Üç il öncə Azərbaycanda Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünasların məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qarşı çıxanlardan biri də Anar Bağırov idi. Bu fikrin tərəfdarı olanların əsas arqumenti bu idi ki, vətəndaşlara keyfiyyətli hüquqi yardım, peşəkar müdafiəçi lazımdır, istənilən hüquqşünas bu işin öhdəsindən gələ bilməz, bundan ötrü peşəkar vəkil olmalıdır. Ali Məhkəmə sədrinin vəkillərə iradlar haqda məktubunun bu arqumenti sıradan çıxarması haqda suala isə A.Bağırov belə cavab verib: “Məsələni başqa müstəviyə çəkməyək. Mən o fikirdə deyiləm ki, belə hallar kütləvi xarakter daşıyır. Səhvi hamı eləyə bilər – hakim də, prokuror da. Məhdud xarakter daşıyır. Qabartmaq, şişirtmək, başqa prizmaya çəkmək doğru deyil”.


Kəmiyyət dəyişikliyi keyfiyyətə təsir edib?

Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olandan sonra quruma üzv olan vəkillərin sayı iki dəfə artıb. Hazırda ölkə üzrə 1844 vəkil fəaliyyət göstərir. Kəmiyyət dəyişikliyinin keyfiyyətə də təsir göstərib-göstərmədiyi haqda danışan Anar Bağırov yeni vəkillər arasında peşəkarların çox olduğunu deyir: “İstənilən hakimdən, prokurordan soruşun, görün nə deyəcək. Yeni vəkillərin əksəriyyətinin işə yanaşmasının yüksək səviyyədə olduğunu deyirlər. Əvvəllər dövlət hesabına işə çıxan vəkillərin can yandırmadığı, formal yanaşdığı iddia olunurdu. İndi isə dövlət hesabına hüquqi yardım göstərən vəkillər də işə o qədər vicdanla yanaşırlar ki, hakimlər belə, onları alqışlayır. Əvvəllər işə həvəssiz çıxırdılar. İndi çox dəyişib. Mən hər şeyin ideal olduğunu demirəm. O qədər işlər görülməlidir, o qədər problemlərimiz var ki. Amma olan nöqsanları da aradan qaldırmağa çalışırıq”.

Ramiz Rzayevin məktubunda bəhs olunan pozuntulara yol vermiş vəkillərin cəzalanıb-cəzalanmayacağı haqda sualı isə Anar Bağırov belə cavablandırıb:

“Keyfiyyət özlüyündə çətin meyardır. Vəkilin işi vətəndaşın hüquqlarını müdafiə etməkdir. Amma müdafiə də səmərəli olmalıdır. Hazırda bütün vəkillərin göstərilən nöqsanlara diqqətini cəlb edirik ki, belə səhvlərə yol verilməsin. Görsək ki, bu hallar təkrarlanır, sistematik xarakter daşıyır, o halda, artıq tədbir görülməsi məsələsini müzakirə edəcəyik”.


Qeyd:

Ali Məhkəmənin Plenumu əlavə kassasiya şikayətlərinə Ali Məhkəmə sədrinin təqdimatı, Baş Prokurorun protesti (etirazı) və ya müdafiə tərəfinin şikayəti əsasında, yaxud da hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar olduqda işlərə baxıb, qərar verir. Bu əsaslardan biri yoxdursa, o halda, əlavə kassasiya şikayətinə baxılmır.

Ana səhifəSiyasətAli Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib