İlkin Rüstəmzadə

Mənbə: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Alçalma, sülh və müharibə

Münhen tarixdəki ən məşhur misaldır

Müharibə səliqəli uniformalı əsgərlərin çəmənliklərin üzərində kişiliyin zirvəsinə romantik səyahəti deyil. Günlərlə, həftələrlə nəmli səngərlərdə gözləməkdir, çox vaxt düşməninin üzünü belə görə bilmədən parça-parça olmaqdır, sönən həyatlardır, parçalanan ailələrdir, anaların sinəsindəki dağdır. Amma təəssüf ki, işğalçının qarşısından qaçmaq, işğalçını sakitləşdirmir, daha da aqressivləşdirir. Alçaldılmaya razılaşmaqla sülh əldə etmək istəyi, irəlidəki daha fəlakətli müharibələrin və böyük qırğınların bünövrəsi olur, adətən. Bunun tarixdə çoxlu örnəkləri var. Ən ibrətamizi və fəlakətlisi isə, şübhəsiz ki, Münhendir.

1938-ci ilin gərginlik dolu aylarından birində, Versal müqaviləsinin bütün maddələrinə tüpürən, Avstriyaya ordularını marş qaydasında yeridən və I dünya müharibəsinin ağrı-acılarından yorğun düşmüş və daha bir müharinə istəməyən müttəfiqlərin(İngiltərə və Fransa) buna heç bir reaksiya verməməsindən ürəklənən Hitler, Çexoslovakiya qarşı ərazi iddiaları irəli sürməyə başladı. Fransanın Baş naziri Daladiye və İngiltərə Baş naziri sülhü qorumaq üçün danışıqlara başladı. Çemberlenin Almaniyaya iki səfərindən sonra Münhendə görüşən liderlər Çexoslovakiyanın almanlar yaşayan Sudet bölgəsinin Almaniyaya verilməsini və bunun qarşılığında Almaniyanın Çexoslovakiyanı heç vaxt işğal etməmək öhdəliyi götürməsini razılaşdıran Münhen müqaviləsini imzaladılar. Müqaviləni imzalayıb qayıdan Çemberlen ölkəsində qəhrəman kimi qarşılandı (onun aeroporta əlində yellədiyi müqavilə və "bizim zamanımızda sülh" ifadəsi tarixə düşmüş ştrixlərdəndir).

Müqavilənin imzalanmasından bir neçə gün sonra alman təbliğat naziri Göbbelsin radiodakı Çemberleni və sülhü ələ salan aşağılanma dolu çıxışına baxmayaraq, müttəfiqlər və dünya özünü aldatmağa davam etdi. Gözlənilən oldu, Hitler sözünü tutmadı və 6 ay sonra Çexoslovakiyanın qalan ərazisini də işğal etdi. Dünya sülhü pozmamaq üçün susqunluğunu davam etdirdi.

Bir neçə ay sonra, Hitler Almaniyanı şərqi Prussiyadakı torpaqlarından ayıran polyak dəhlizinə və Dansinqə ərazi iddiaları sürməyə başladı. Bu dəfə, Çemberlen və Daladiye xətti daha kəskin çəkmişdilər. Göbbelsin təhqirindən sonra ələ salındığını anlayan və gecikmədən, İngiltərənin müharibənin gedişində ayaqda qalmasını təmin edən aviasiya proqramını işə salan Çemberlen, Polşaya təhdiddən dərhal sonra, bir neçə ölkəyə birtərəfli hərbi zəmanət verən müqaviləni parlamentə təqdim etdi. Bu zaman, ortaya Anqlo-sakson və german qardaşlığını atan, qardaş qırğınının əleyhinə sülh yürüşləri təşkil edən ingilis faşisti Osvald Mozli çıxdı. Mozli təkcə sülhü yox, iki ali irqin dünyaya hökm etməsini, bunun üçün də bir-biriləri ilə döyüşməməsi gərəkdiyini təbliğ edirdi. Mozli, hökuməti qardaş qırğını təşkil etməkdə ittiham edirdi və qısa vaxtda xeyli tərəfdar tapmışdı. Ardınca həbs olundu və hərəkatı qadağan edildi. Hitlerin Polşaya hücumundan sonra isə İngiltərə və Fransa Almaniyaya müharibə elan etmişdilər.

Bütün bu dövr ərzində, bir nəfər, artıq 5 il idi ki, Hitlerə qarşı möhkəm ittifaq yaratmaq və güclü silahlanma proqramı başlatmaq gərəkdiyini hayqırır, buna görə hakim cərəyanlar-liberallar və pasifistlər- tərəfindən ələ salınırdı. Uinston Çörçill, buna baxmayaraq əzmlə öz dediyinin üstündə dayanmışdı və Avropanı dəhşətli müharibədən xilas etməyin yeganə yolunun Hitlerə qarşı birləşmək olduğunu hayqırırdı. Yüz minlərlə gənc ingilisin sümüklərinin Flandriyanın palçıqlarına batıb qaldığı dəhşətli müharibədən 20 il belə keçməmişdi və heç də populyar olmayan Çörçill, orta əsrlərin qoca və dalaşqan feodal baronlarıyla müqayisə olunur, hər fürsətdə aşağılanırdı. Lakin tarix, Çörçili haqlı çıxartdı.

İngiltərənin Hitlerə həddindən artıq güzəştə getməsi və acgöz tiran Stalinin qarşısında əlində heç bir joker saxlamaması nəticəsində, İngiltərə müharibəyə SSRİ ilə ittifaq qura bilmədən, ən dəhşətlisi, SSRİ-nin Almaniya ilə sazişi olduğu şəraitdə girməli oldu və Fransanın bir il sonrakı çöküşündən sonra Avropanı udan Almaniya qarşısında təkbaşına bir il can çəkişdi. Çörçill, müharibədən əvvəl "əgər almanları Varşavada qarşılamasaq, onları Duvrda qarşılayacağıq" demişdi. Daha pisi oldu. Londonda qarşılamalı oldular. İngiltərə, tarixinin ən dəhşətli müharibə dağıntısını yaşadı, yarım milyon əsgəri öldü. Avropa qan gölünə çevrildi. Kaledən Yapon dənizinədən səpələnən 100 milyon cəsəd, şübhəsiz ki, sülh istəyən və buna görə də işğalçıya güzəştə getmək lazım olduğu gərəkdiyini düşünən siyasətçilərin və cəmiyyətlərin günahı idi.

Müharibənin gedişində sükanı ələ alan Çörçil, İngiltərənin və Avropanın azadlığının xilaskarı oldu. Bugünədək İngiltərən tarixinin ən möhtəşəm şəxsiyyəti hesab olunur. Həmin vaxt sülh üçün hər cür alçalmaya razılaşan Çemberleyn isə adını tarixə şərəfsizliyin və təslimiyyətin simvolu kimi yazdırdı. Mozliyə gəlincə, işğalçının maraqları naminə sülhü təbliğ edən bu faşist, həbs həyatından sonra müxtəlif siyasi təşkilatlarda öz ideologiyasını təbliğ etməyə davam etsə də, artıq mənasız və nifrətlə anılan bir fiqur idi.

Münhen tarixdəki ən məşhur misaldır. Amma tək deyil. Yüzlərlə, minlərlə belə örnək var. İşğalçının qarşısından qaçmaq, heç də sülhü qorumur. Xüsusilə də, əgər qarşı tərəf özünü ali, səni aşağı irq hesab edirsə.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xuqah1

Ən çox baxılan