Akif Qurbanov: Hökumətə seçkilər zamanı cəmiyyətin fəallaşması sərf etmir

“Sadəcə, əvvəlki seçkilərdə bir seçici bir nəfərə imza verə bilərdisə, indi bir seçici çoxlu namizəd olmaq istəyənə imza verə bilər”.

Source: Meydan TV


“Məqsəd partiyalara efir vaxtı verməməkdir”

Dairə Seçki Komissiyaları fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizəd olmaq istəyən şəxslərin bir çoxuna müsbət cavab verib. Müşahidəçilər belə bir halın 1995, 2000, 2005, 2010 və 2015-ci il parlament seçkilərində olmadığını qeyd edirlər. O zaman imza vərəqələrini DSK-lara verən siyasi mənsubiyyəti olan, yaxud müstəqil şəxslərin əksəriyyətinə mənfi cavab verilirdi.

Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Akif Qurbanov yaranmış mənzərəyə fərqli yanaşır. O, imzatoplama və namizədlərin qeydə alınması prosesinin asan keçmədiyini hesab edir.

Akif Qurbanov ReAL Partiyasının sədri İlqar Məmmədovun, üzvləri Rəsul Cəfərovun və Zaur Qurbanovun qarşılaşdıqları qanunsuzluqları xatırladaraq bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi imzatoplayanlara maneə yaratmasalar da, namizəd olmaq istəyənlərə başqa vasitələrlə təsir göstərirlər. Bu basqılar daha çox 60-dan çox dairədə namizəd irəli sürən partiya üzvlərinə olur. Məqsəd həmin partiyalara efir vaxtı verməməkdir:

Hüquqşünas  Akif Qurbanov
Akif Qurbanov

“Mənə fərdi qaydada bu cür maneələr barədə məlumatlar daxil olur. Ancaq qeydiyyat prosesi başa çatmadığından, gedişatın necə sonuclanacağı haqda heç nə deyə bilmərik. Sadəcə, hökumət efirdə sərbəst danışacaq adamları proqnozlaşdıra bilir və həmin partiyalara efir vaxtı imkanı tanımayacaq. Efir imkanının tanınması seçki ərəfəsində fəallığın artmasına yönələn addımdır. Çünki açıq debatlar istər-istəməz cəmiyyəti fəallaşdırır. Bu isə hökumətə sərf etmir”.

Akif Qurbanovun sözlərinə görə, ilkin təəssürat yaranıb ki, namizədlərə qarşı kəskin münasibət göstərilmir:

“Ancaq hökumətin seçkiöncəsi vəziyyəti həll etdiyi məlumdur. Yəni qanunvericilikdəki məhdudiyyətləri yaradıb, seçki mühitindəki fəallığı aşağı salıb, hər şey nəzarətdədir. Bu baxımdan qeydiyyat problemi yaranmasını istəmir. Sadəcə, belə bir taktika seçilib: namizədlərə fərdi qaydada, ya şirnikləndirici təkliflə, yaxud zəif yerlərinə təsir edərək öz ərizələri ilə geri götürdəcək. Hökumət prosesi özbaşına buraxsa, şikayətlər Avropa Məhkəməsinə gedə bilər ki, bu, ona sərf etmir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı prosesə yekun münasibət bildirməyin əleyhinədir.

Onun sözlərinə görə, yanvarın 10-dan sonra imzatoplama kampaniyasının necə keçməsi barədə fikir bildirmək olar:

414695213.jpg
Məhərrəm Zülfüqarlı

“Sadəcə, əvvəlki seçkilərdə bir seçici bir nəfərə imza verə bilərdisə, indi bir seçici çoxlu namizəd olmaq istəyənə imza verə bilər. Yalnız bu fərq var və güman ki, bu amil təsir edir. Ona görə bunu islahat adlandırmaq olar. Amma namizədliyi qeydə alınanlarla bərabər alınmayanlar da var və onlar az deyil. Bu baxımdan prosesə qiymət verməyə tələsməyək”.

Növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi.

Dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-a təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətAkif Qurbanov: Hökumətə seçkilər zamanı cəmiyyətin fəallaşması sərf etmir