Ailəsi Əfqan Sadıqovun komaya düşdüyünü deyir

Jurnalistin anası ölkə rəhbərliyinə müraciət edib

Source:

“Azel TV” saytının həbsdə olan təsisçisi və baş redaktoru Əfqan Sadıqovun 81 günlük aclıq aksiyasından sonra komaya düşdüyü bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, Əfqanın vəziyyəti çox ağırlaşıb.

Ə.Sadıqov aclıq aksiyasına Bakı İstintaq Təcridxanasında olarkən başlamışdı. Aksiya bir müddət davam edəndən sonra Ə.Sadıqovun səhhətində problemlər yarandığına görə o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və hazırda da orada saxlanılır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilən Ə.Sadıqovun işi hazırda apelyasiya məhkəməsinin icraatındadır. Onun şikayəti üzrə məhkəmə baxışı yanvarın 21-nə təyin edilsə də, proses baş tutmayıb. Pandemiya ilə əlaqədar Azərbaycanda məhkəmə iclasları yanvarın 25-nə qədər təxirə salınmışdı. Ə.Sadıqovun işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsində iclas da yanvarın 28-nə təyin edilib.

S.Sadıqova deyir ki, uzunmüddətli aclıq aksiyası həyat yoldaşının orqanizmini sıradan çıxarıb, daxili orqanların fəaliyyətində ciddi problemlər yaranıb. Həyat yoldaşı vurğulayıb ki, Müalicə Müəssisəsində Ə.Sadıqovun həyatının təhlükə altında olduğunu görüb, onu məcburi qidalandırıblar.

Son günlər Ə.Sadıqovla nə görüşdüyünü, nə də telefonla danışdığını deyən S.Sadıqova bildirib ki, həyat yoldaşının durumuyla bağlı görüntüsü yayılmasını istəyir. Yalnız bu halda, onun real vəziyyəti haqda məlumata inana bilər.

Ə.Sadıqovun anası Hürnisə Sadıqova ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Oğlunun günahsız olduğunu, məmurların korrupsiya əməllərini ifşa etdiyinə görə cəzalandırıldığını deyə H.Sadıqova onun azadlığa buraxılmasını istəyib.

Penitensiar Xidmətdən S.Sadıqovanın dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Ombudsman Aparatı isə Ə.Sadıqovun həbsdə aclıq etdiyini təsdiqləyib. Aparatdan verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun yanvarın 25-də Ə.Sadıqovla görüşüb. Görüş zamanı o, haqqındakı hökmdən narazılığını bildirərək, aclığı davam etdirdiyini vurğulayıb.

“Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub. Onun səhhətinin nəzarətdə saxlanması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib”, – Ombudsman Aparatından bildirilib.

Ə.Sadıqov 2020-ci il mayın 13-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. İddia olunur ki, Ə.Sadıqov “xeberfakt.az” redaktoru Sakit Muradovla birlikdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən 10 min manat rüşvət alarkən saxlanılıb. İstintaq dövründə S.Muradov həbs olunmayıb. Məhkəmə də onun haqqında şərti cəza hökmü çıxarıb.

Ə.Sadıqov isə ittihamı qəbul etmir, jurnalist fəaliyyətinə, məmur özbaşınalıqları haqda tənqidi materiallarına görə cəzalandırıldığını deyir.

Məhkəmənin hökmündən dərhal sonra aclıq aksiyasına başladığını elan edib.

Ana səhifəSiyasətAiləsi Əfqan Sadıqovun komaya düşdüyünü deyir