AİHM Azərbaycanla bağlı 5 yeni qərarını elan edib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

İki şikayət qəbuledilməz sayılıb, digərləri dostca anlaşıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 29-da Azərbaycandan göndərilmiş 26 şikayət üzrə 5 yeni qərarını elan edib.

Məhkəmə həmin şikayətlərdən ikisini qəbuledilməz sayıb, digər işlərdə isə tərəflər dostca anlaşıb.

“Əsədov Azərbaycana qarşı” işdə ərizəçiyə məxsus mülkiyyətin (yanacaq doldurma məntəqəsi) dövlət maraqları əsası ilə özgəninkiləşdirilməsi və sökülməsi, ərizəçiyə hər hansı kompensasiya ödənilməməsi ilə bağlı olub.

Mübahisə ilə bağlı iki AİHM-ə iki fərqli məzmunda şikayət göndərilib.

Ərizəçi AİHM qarşısında iddia edib ki, ona məxsus mülkiyyətin sökülməsi, əlindən alınması, onun Konvensiyanın 6-cı, 8-ci, 13-cü və 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq və mülkiyyət hüququna müdaxilə məzmunda olub.

Şikayət 2009-cu ildə göndərilib.

AİHM bu şikayəti də qəbul edilməz sayıb.

“Paşayev Azərbaycana qarşı” məhkəmə işinin hallarına görə, ərizəçi Bakıda “Olimpus AZ” özəl tikinti şirkətindən iki mənzil alıb. Ancaq şirkət nə mənzilləri təhvil verib, nə də ərizəçinin ödədiyi vəsaiti geri verib.

Şirkətin direktoru mənimsəmə cinayətinə görə, məhkum edildikdən sonra həbsxanada vəfat edib.

Ərizəçi məhkəmələrə müraciət edib, onun iddiaları təmin edilib və cavabdeh şirkətin üzərinə ərizəçiyə həm əsas borcu, həm də faizlərini ödəmək vəzifəsi qoyulub.

Ancaq cavabdeh şirkət müflis olduğu və fəaliyyətini dayandırdığı üçün ərizəçiyə hər hansı ödəniş edilməyib.

Şikayətin komunikasiyası zamanı hökumət ərizəçinin xeyrinə olan milli məhkəmə qərarlarının icrası üçün mümkün olan hər şeyi edib.

İcra vərəqəsi verilib, icra məmurları icra prosesini başlayıb, ancaq cavabdeh şirkətin hər hansı əmlakı və gəliri olmadığından qərarın icrası mümkünsüz olub. Bu səbəblərə görə dövlət mübahisəli qərarın icra olunmamasına görə məsuliyyət daşıya bilməz.

AİHM öz qərarında belə qənaətə gəlib ki, hökumət yerli məhkəmənin ərizəçinin xeyrinə olan qərarının icrası üçün mümkün olanları edib.

“Məhkəmə qeyd edib ki, … məhkəmənin çıxardığı qərarların icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi kimi qəbul edilməlidir. Ancaq bu, dövlətin özəl şəxsin iflas etməsinə görə bir qərarın icra edilə bilməməsinə görə məsuliyyət daşıması anlamında başa düşülməməlidir…”, – deyən AİHM belə durumlarda dövlətlərin vəzifəsinin məhkəmə qərarlarının icrasına səylə kömək göstərmək olduğunu qeyd edib.

Məhkəməyə görə, hazırkı işdə dövlət məhkəmə qərarının icrasında ərizəçiyə kömək etmək üçün səylə hərəkət edib:

“Bundan başqa, ərizəçi istər daxili məhkəmələr, istərsə də Məhkəmə qarşısında qərarın icrası üçün, əgər varsa, başqa hansı konkret addımların atıla biləcəyini və atılmadığını, icra məmurları tərəfindən hansı konkret hərəkətsizliklərə yol verildiyini dəqiqləşdirməyib”.

Məhkəmə yekunda şikayəti əsassız olması səbəbi ilə rədd etməyə qərar verib.

“Rəşidov Azərbaycana qarşı” məhkəmə işi də daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşdıqlarına görə AİHM şikayətin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib.

Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3250 avro ödəyəcək.

“Sarıyev və 14 başqa ərizəçi Azərbaycana qarşı” məhkəmə işində ərizəçilər toplaşmaq hüquqlarının (Maddə 11) pozuntusundan şikayət edib.

Kommunikasiya zamanı tərəflər dostca anlaşma bağladıqlarına görə AİHM ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Anlaşmaya görə, hökumət 15 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 39 000 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 6000 avro ödəyəcək.

(Ərizəçilər: Nurlan Sarıyev; Kazım İmanov; Məcnun Pirəliyev; Araz Səmədov və Şəfəq Səmədova; İlham Hüseynov; Yalçın Abdullayev; Emil Səlimov; Saqif Qurbanov; Emil Maniyev; Bəhruz Həsənov; Aqil Məhərrəmov; Ruslan Nəsirov; Yalçın Abdullayev; Məhərrəm Rzayev; Füzuli Hüseynov).

“Şahhüseynov və 7 başqa ərizəçi Azərbaycana qarşı” (59188/17) məhkəmə işi də toplaşmaq hüququnun pozuntusu iddiaları ilə bağlı olub.

Bu işdə də tərəflər kommunikasiya mərhələsində anlaşıblar.

Anlaşmaya görə, hökumət 8 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 20 800 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 1000 avro ödəyəcək.

(Ərizəçilər: Füzuli Şahhüseynov; İmaməddin Məhərrəmli; Məhəmməd Həbibov; Salman Sultanov; Azər Şamxalov; Ayaz Məhərrəmov; Xalqı Hüseynov və Vəlixan Hüseynov; Babək Həsənov).

Ana səhifəSiyasətAİHM Azərbaycanla bağlı 5 yeni qərarını elan edib