Hökumət ərizəçilərə təzminat ödəyəcək
Noyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 5 qərar və qərardadını elan edib.
Bu barədə məlumat yayan “aihmaz.org”ın bildirdiyinə görə, 10 şikayət üzrə çıxarılmış bütün qərarlarda ərizəçilərə təzminat ödənilməsi nəzərdə tutulur.
2013-cü ildə Vəkllər Kollegiyasından xaric edilən Əfqan Məmmədov başqa bir vəkili korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə də istintaq orqanlarına vəkil orderi satmaqda ittiham etdiyi üçün ona qarşı intizam işi qaldırılıb.
Ə.Məmmədov Kollegiyanın Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq, intizam icraatında şəxsən iştirakına qatılmayıb.
Bundan sonra Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkilin peşə etikası ilə bir araya sığmadığı qənaətinə gəlib, yerli məhkəmələr də həmin nəticəyə uyğun qərar çıxarıblar.
Əfqan Məmmədov Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanaraq ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması hüquqlarının pozulduğunu bildirmişdi.
AİHM onu ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb:
“Qərara əsasən, Məmmədova mənəvi zərər əvəzi 5 min, xərc və məsrəflər əvəzi 1000 avro ödənilməlidir”.
Onun Kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb:
“Dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətini nəzərə alaraq, digərləri ilə yanaşı, onun peşəkar fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin görülməsinə nəzarət olunması Nazirlər Komitəsinə həvalə edilməlidir”.
İkinci şikayətçi AXCP sədri Əli Kərimli və digərləri 2018-ci ilin dekabrında paytaxtın “Hüseyn Cavid” parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsini mübahisələndirib:
“Əli Kərimli, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Səlimov Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinin qadağan edilməsindən və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət ediblər”.
Məhkəmə hesab edib ki, onların sərbəst toplaşmaq azadlığına edilmiş müdaxilə Avropa Konvensiyasına ziddir.
Ona görə də onlara münasibətdə Konvensiyanın 11-ci maddəsi pozulub.
Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 1500, xərc və məsrəf əvəzi 250 avro ödənilməlidir.
Tofiq Yaqublu və digərlərinin şikayəti isə qanunsuz və qeyri-mütənasib tədbirlərin tətbiqi iddiaları ilə bağlı idi. Onlar Konvensiyanın 5-ci, 6-cı və 11-ci maddələrinə əsaslanan ərizəçilər barələrindəki inzibati icraatın qurama, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət etmişdilər.
AİHM-in qərardadına görə, hökumət Tofiq Yaqubluya (1-ci ərizə) 3500, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu (2-ci ərizə), Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin 225 avro hüquqi xərclər əvəzi də verilməlidir.
Rəhim Vəliyev və Yusif Qarayev inzibati qaydada saxlanılmları, daha sonra məhkum edilmələrindən şikayət ediblər:
“Yerli məhkəmələr onların inzibati icraatın qanunsuzluğu ilə bağlı iddialarını rədd ediblər”.
Avropa Məhkəməsi onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib və bildirib ki, hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.
Vüqar Rzalı isə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsindən AİHM-yə şikayət edib:
O, “Facebook”da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub” və arxasınca gələn polislərlə bölməyə getməməklə “polislərin əmrinə tabe olmamaqda” ittiham olunurdu.
Cəlilabad Rayon Məhkəməsi 12 iyul 2018-ci il tarixdə Vüqar Rzalının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahkar bilib və ona 20 sutkalıq inzibati həbs cəzası verib.
Şirvan Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
V.Rzalı Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanaraq icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət etmişdi. Amma kommunikasiya zamanı tərəflər dostca anlaşıblar:
“Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2500 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir”.
Ərizəçini məhkəmədə vəkil Əlibaba Rzayev təmsil edib.