Ağsu sakini: Polis rəisinin müavini məni təhqir etdi, döydürdü

Eldar Sayılov deyir ki, o, iyulun 11-də Ağsu Rayon Polis Şöbəsində saxlanılan yaxınına yemək aparıb. Elə problem də orada yaranıb

Source: meydan.tv


''Polislərə yalnız onu deyə bildim ki, siz Allah, belimə vurmayın, amma dinləmirdilər''

Ağsu rayon sakini, II qrup əlil Eldar Sayılov iyulun 11-də yerli polislər tərəfindən döyüldüyünü və bir sutka polis şöbəsində saxlanıldığını deyir. O, döyülməsində Ağsu Rayon Polis İdarəsinin rəis müavini Vüsal Əliyevi suçlayır.

Rayon məhkəməsi Eldar Sayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandıraraq 200 manat cərimə edib.

Bu barədə Eldar Sayılov özü Meydan TV-yə danışıb.

Eldar Sayılov deyir ki, o, iyulun 11-də Ağsu Rayon Polis Şöbəsində saxlanılan yaxınına yemək aparıb. Elə problem də orada yaranıb:

“Yeməyi verəndən sonra növbətçi polisdən icazə aldım ki, yaxınlıqdakı “besedka”da özüm də nahar edim. Saat 12-ni keçmişdi, xəstə olduğum üçün yeməyi gecikdirə bilməzdim. Polis icazə verib dedi ki, heç bir problem yoxdur. Bir az keçdi, 3-4 polis də gəlib oturdu. Onları da yeməyə dəvət etdim. Bu zaman mülki geyimli şəxs polisləri geri qaytarıb mənə yaxınlaşdı və kimliyimi soruşdu. “Vətəndaş Sayılov” cavabını verəndə, “gəl, bas bayıra” deyərək, üstümə qışdırdı. Mən ona çörək yemək istədiyimi bildirəndə, yenə həmin sözü təkrar etdi. Ona “ədəbli danışın” dedim. Bunu demişdim ki, polislər məni ərazidən uzaqlaşdırdı, amma mülki şəxsin kim olduğunu bilmirdim, ona dedim ki, niyə təhqir edirsən, gəl, kənarda sözünü de. Kənara çəkilib, dərmanımı içmişdim ki, üstümə 10-a yaxın polis gəldiyini gördüm. Məcburi şəkildə məni şöbəyə apardılar, saldıqları kabinetdə həmin mülki şəxsi gördüm, sonradan öyrəndim ki, o, rəis müavini Vüsal Əliyevdir. Məni küçə söyüşləri ilə təhqir etdi, əllərimi qandalladılar və amansızcasına döydülər. Polislərə yalnız onu deyə bildim ki, siz Allah, belimə vurmayın, amma dinləmirdilər. 10 dəqiqəyə yaxın döyəndən sonra təkadamlıq kameraya saldılar. Xahiş etdim ki, mənə həkim gətirin, ancaq Vüsal Əliyevin özünə həkim çağırdılar, çavuş da onu masaj edirdi, guya, təzyiqi qalxıb. Özünə dedim ki, siz mülki formada olduğunuzdan tanımamışam, təhqir də etməmişəm, niyə belə davranırsınız, təəssüf ki, bunların qarşısında söyüş eşidirdim. Bir sutka saxladıqdan sonra məhkəməyə apardılar, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandıraraq 200 manat cərimə qərarı çıxartdılar”.

67060727_2324103494349385_4852421864535883776_n.jpg
Eldar Sayılov

Hərbi xidmətdə xəsarət aldığı üçün Eldar Sayılovun II qrup əlilliyi var. Polislər tərəfindən döyülməsi və təhqir olunması ilə bağlı Ağsu Rayon Prokurorluğuna şikayət edib:

“Təəssüf ki, rayon xəstəxanasından ekspertiza sənədi almaq istəsəm də, yaxın buraxmadılar”.

Meydan TV Ağsu Rayon Polis Şöbəsinin rəhbər şəxsləri ilə əlaqə saxlaya bilməyib. Növbətçi polis əvvəlcə Vüsal Əliyevin yerində olduğunu söyləsə də, zəng edənin jurnalist olduğunu bilən kimi dəstəyi asıb. Növbəti zənglərdə isə rəisin və Vüsal Əliyevin yerində olmadığını bildirib.

İsrarlı zənglərdən sonra növbətçi polis Eldar Sayılovun döyülməsinin və 1 sutka şöbədə saxlanılmasının səbəbi ilə bağlı suala “məlumatım yoxdur” cavabını verib.

Həftəsonu olduğundan Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

67158351_1314874808663524_3612702197613068288_n.jpg
Eldar Sayılov
Ana səhifəXəbərlərAğsu sakini: Polis rəisinin müavini məni təhqir etdi, döydürdü