Ağsu sakini: Həkimlərdən biri dedi ki, hörmət elə, yoxsa uşağına əlillik dərəcəsi verilməyəcək

“Mehriban Əliyevaya yazdığım məktubu Ağsu Rayon Mərkəzi Xəstəxanasına göndərdilər”

Source: Meydan.TV


"Mehriban Əliyevaya yazdığım məktubu Ağsu Rayon Mərkəzi Xəstəxanasına göndərdilər"

“Hər gün işdən evə gələndə uşağa baxıram, ürəyim parçalanır. Nə danışa bilir, nə də eşidə. Uşaqdakı problemi yeddi aylığında hiss etdik. Həkimə aparanda öyrəndik ki, nevroloji ağır xəstədir və heç vaxt sağalmayacaq”.

Ağsunun Hacıqədirli kənd sakini Zamir İmanovun iki yaşlı övladı fiziki və əqli məhdudiyyətlidir.

“Baş həkim sənədləri özümə qaytardı ki, düzələn deyil”

Ata deyir ki, oğlu Əlinin səhhəti ilə bağlı əllillik dərəcəsi almaq istəyib, lakin qeydiyyatda olduğu rayon xəstəxanasında göndərişi (forma 88) qəbul olunmayıb: “Övladım bir müddət Uşaq Nevroloji Xəstəxanasında yatdı. Sənədlərini apardım ki, uşağa təqaüd alaq. Fikirləşdim ki, pensiyasını alıb müalicəsinə verərik. Çünki maddi vəziyyətimiz yaxşı deyil, çatdırmaq olmur. Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov sənədləri özümə qaytardı ki, düzələn deyil. Dedi ki, get, təzədən övladını Uşaq Nevroloji Xəstəxanasına müalicə etdir. Dəfələrlə müxtəlif həkimlərin yanında olmuşam. Hamısı da müayinə zamanı deyiblər ki, bu uşağa əlillik dərəcəsi düşür”.

download.png
Ağsunun Hacıqədirli kənd sakini Zamir İmanovun övladı

“Mehriban Əliyevaya da yazdım”

Ağsu sakini problemlə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etdiyini deyir, amma müraciəti nəticəsiz qalıb: "Mehriban Əliyevaya məktub yazdım. Məktubumu Ağsu Rayon Mərkəzi Xəstəxanasına ünvanladılar ki, vətəndaşın müraciətinə mütləq baxılsın. Amma orada yenə də dedilər ki, xəstəxanada yatmalısan, vəssalam. Halbuki uşağı orada müalicə etdirmişdik. Həkimlərdən biri mənə məsləhət gördü ki, hörmət edim, yoxsa əlillik dərəcəsi ala bilməyəcəyəm. Pulum olsa, niyə əlillik dərəcəsi alıram? Uşağımı özüm müalicə etdirərəm. Sanki bu ölkədə yad adamlarıq, azərbaycanlı deyilik. Xəstəxanaya gedirsən, pulun yoxdursa, həkimlər adamın üzünə baxmırlar. Yıxıl, öl, həkimlərin vecinə deyil. Adamlara pul mənbəyi kimi yanaşırlar”.

“Əllilik pensiyamı bu uşağa xərcləyirik”

Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar tikinti sektoru fəaliyyətini dayandırıb. Tikintidə fəhlə işləyən Zamir İmanov ailəsini dolandırdığı günəmuzd 15-20 manatdan da məhrum olub: “Əvvəllər imkanım normal idi, uşağı Bakı Bərpa Mərkəzinə aparırdım. Orada da qiymətlər bahadır, masajın bir saatı 36 manatdır. Aparatla masaj olunurdu, bu da ona yaxşı təsir edirdi. Müalicəni davam etdirməyə imkanım çatmadı. Ayağımda şikəstlik var, üçüncü qrup əliləm. Buna görə dövlətdən 110 manat pul alıram. Ailəmi fəhləliklə dolandırıram. Uşağın qüsurlu olduğunu yeddi aylığında hiss etdik. Həmin vaxtdan da qazancımı, əllilik pensiyamı bu uşağa xərcləyirik. Bir ildir ki, pandemiyaya görə də iş yerləri bağlanıb. Həkimlər deyir ki, üstünə düşüb, müalicə etdirsən, vaxtlı-vaxtında masaj edilsə, irəliləyiş olar. Özünü idarə edə bilər. Əvvəl dərmanlarını almaq imkanımız vardı, uşaq da sakit idi. İndi dərmanları ala bilmirik deyə çox ağlayır, ağrıları, narahatlığı var, sakitləşdirə bilmirik. Eşitmir, danışmır, yerimir”.

“Düzü, müayinələrə də aparmağa imkanımız yoxdur. Dərdinin nə olduğunu da bilmirik. Uşağı Nəsrəddin Tusi adına Xəstəxanada 220 manata MRT (Maqnit Rezonans Tomoqrafiya-red) etdirmək üçün bankdan kredit götürdüm. Qazandığım pulla özümə paltar almamışam, amma uşağıma xərcləmişəm ki, bəlkə, sağalar”, – Meydan TV-yə belə deyir.

Copy of Copy of untitled9 (1).png
Xəstəxanadan verilən sənədlər

Baş həkim Əli Hüseynov: “Müalicədən sonra sənədi təqdim edər, qəbul edərik”

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov Meydan TV-yə bildirib ki, şikayətçinin göndərişi (forma 88) bir dəfə sistemə vurulub, lakin imtina cavabı gəlib: “Cavabda əlavə ixtisaslaşmış müalicənin davam edilməyi bildirilirdi. İki aylıq müalicə tövsiyə olunub. Müalicədən sonra təkrar sənədi təqdim edər, qəbul edərik”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən Meydan TV-yə bildirilib ki, göndəriş (forma 88) baş həkim tərəfindən doldurulumalı və sistemə vurulmalıdır.

Bundan sonra göndəriş Səhiyyə Nazirliyindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə ötürülür. Həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir.

Daha sonra əlillik qrupunun təyin edilib-edilməməsinə  dair qərar barədə məlumat, eləcə də, imtina vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə çatdırılır. Əgər vətəndaşın göndərişi sistemə vurulmasa, yaxud buna görə pul istənilsə, mütləq Səhiyyə Nazirliyinə şikayət etmək lazımdır.

Ana səhifəSosialAğsu sakini: Həkimlərdən biri dedi ki, hörmət elə, yoxsa uşağına əlillik dərəcəsi verilməyəcək