Ağsu sakini: 48 yaşında əmək qabiliyyətimi tam itirmişəmsə, 60 yaşında bunu necə bərpa edə bilərdim?!

“Uzağı yarım saat ayaq üstə dayana bilirəm”

Source: Meydan TV


Hüseyn Bağırov: “Bu vəziyyətdə olan adamın pensiyasını kəsmək insafsızlıqdır”

Ağsu sakini Hüseyn Bağırov 13 il ikinci qrup əlil kimi pensiya alıb. Bu ilin mayında o, pensiyadan məhrum edilib. Hüseyn Bağırov hazırda ailəsinin heç bir gəliri olmadığını bildirir.


“Heç bir köməyimiz yoxdu”

Ağsu sakininin 23 il təcrübəsi var, 2008-ci ilə qədər Teleradio İstehsalat Birliyində çalışıb. 2007-ci ildə onurğasında problemlər üzə çıxıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Məlum olub ki, artıq iş qabiliyyətini itirib:

“Altı ay xəstə yatdım. Tibbi ekspertiza mənə ikinci qrup əlillik dərəcəsi təyin etdi. Arayışda göstərilmişdi ki, vətəndaş iş qabiliyyətini tam itirib. Buna görə də məni işdən çıxardılar. Mənə pensiya təyin olundu. 2011-ci ildə yenə eyni xəstəliyə görə əməliyyat olundum. Sonradan, demək olar, hər il müalicə kursları keçirdim. 2020-ci ildə yenə 2 ay 10 gün intensiv müalicə almalı oldum. Maydan pensiyamı kəsiblər. Lazım olan sənədləri Şamaxı rayonlararası tibb komissiyasına təqdim etmişəm. Dörd ay keçəndən sonra mənə imtina cavabı verdilər”.

Hüseyn Bağırov ayda 437 manat pensiya alırmış. Deyir ki, həyat yoldaşı ilə birlikdə həmin pula bir ay dolanmağa çalışırdılar.

“2015-ci ildə oğlumuzu itirmişik. Heç bir köməyimiz yoxdu. Mən də şəkər xəstəsiyəm, həyat yoldaşım da. Bu dəqiqə böyrək ağrılarından əziyyət çəkirəm. Onurğamdakı problemlər hərəkət məhdudiyyəti yaradıb. Mən o vaxt xəstəliyin ilk vaxtlarında altı ay bir tərəf üstündə yatanda həyat yoldaşım qulluq etməli olurdu. Çox ağır vəziyyətdə idim. 2020-ci ildə də eyni vəziyyətə düşmüşdüm, təcili tibbi yardım maşını ilə Göyçaydakı reabilitasiya mərkəzinə aparmalı olmuşdular. Mən heç gəzə bilmirdim. Belə bir vəziyyətdə olan adamın pensiyasını dayandırmaq həm ədalətsizlik, insafsızlıqdır”, – Ağsu sakini belə deyir.

sened.jpg
Ambulator kartdan çıxarış


“Qonşu çörək gətirir, yeyirik”

Hüseyn Bağırov bir çox instansiyaya müraciət edib. Prezident Administrasiyasına da teleqram vurub. Heç bir dövlət strukturundan adekvat reaksiya görməməyindən məyusluğunu ifadə edir:

“Demirəm ki, prezident özü mənə cavab versin. Administrasiyadan əlaqə saxlaya bilərdilər. Mən o teleqramlara 40 manatdan çox pul vermişdim. Bizi dilənçi vəziyyətinə qoyublar. Qonşunun biri 5 manat, o birisi 10 manat verir, onunla dolanıram. Sözümü deməyə yer tapa bilmirəm. Hətta səfirliklərin elektron ünvanlarına məktub göndərmişəm. Onlar da cavab verməyib. Qonşu çörək gətirir, yeyirik. Heç bir məmur xəstə insanın qayğısına qalmır. Mən 2008-ci ildə 48 yaşında əmək qabiliyyətimi tam itirmişəmsə, 60 yaşında bunu necə bərpa eləyə bilərdim?! Mən qonşunun 2 manatını gözləmək istəmirəm. Belə yaşayış olmaz. Ər-arvad xəstə adamlarıq, iş qabiliyyətimiz yoxdu. Mən sağlam olsam da, bu yaşda işə qəbul eləməzlər. Uzağı yarım saat ayaq üstə dayana bilirəm”.

Hüseyn Bağırov yada salır ki, oğlunun sağlığında pis dolanmırlarmış. Övladı onun üçün hətta avtomobil də alıb. İndi ağır duruma düşdüyünə görə həmin maşını satmaq məcburiyyətində qalıb:

“Srağagün aptekdən 10 günlük borca 48 manatlıq dərman götürmüşəm. Dörd ay sonra rədd cavabı verirlər. Bu qədər məsuliyyətsiz davranıblar. Məni sənədləri bir daha hazırlamağa məcbur edirlər. Yenidən müəyyən müayinələrdən keçməliyəm. Bunlara 500-600 manat lazımdı. Mən indi heç çörəyə pul tapmıram. Gətirib iki kilo kartof verirlər ki, bişirib yeyə bilək…”

sened2.jpg
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavab məktubu


Dövlət orqanının cavabı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova bildirib ki, xəstəxananın göndərişi əsasında avqustun 24-də Hüseyn Bağırovun əlillik vəziyyətilə bağlı qiymətləndirmə aparılıb. Əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilib:

“Hüseyn Bağırova dair Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndərişdə ixtisaslaşmış müayinə və müalicə məsləhət görüldüyü üçün əlillik təyinatının aparılması mümkün olmayıb. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra Hüseyn Bağırov haqqında yenidən göndəriş rəsmiləşdiriləcəyi halda, əlillik vəziyyəti qanunvericiliyə uyğun qiymətləndiriləcək”.

Ana səhifəBölgəAğsu sakini: 48 yaşında əmək qabiliyyətimi tam itirmişəmsə, 60 yaşında bunu necə bərpa edə bilərdim?!