İlqar Mustafayevin aylarla suvara bilmədiyi yonca sahəsi

Mənbə: Foto: Meydan TV

Başlıq: İlqar Mustafayevin aylarla suvara bilmədiyi yonca sahəsi

Ağstafanın Xətai kəndinə yaz gəlsə də, yonca bitmək bilmir

Məqalə yeniləndi:  30 Aprel 2020

Sakinlər deyir, su varlıların taxıl sahələrinə axıdılır, sadə kəndlilər yonca sahələrini suvara bilmir, hektarlarla yonca sahələri quruyur

“İki il əvvəl Meydan TV-yə şikayət etdik, su problemimiz işıqlandırıldı, həllini tapdı. Bu il yenə susuz qalmışıq. Yenə yonca sahələrimiz yanır. Rayondakı Suvarma İdarəsi mənim sahəmin yanıından keçir, aralarında 20 metr məsafə yoxdur, su o kanaldan yönləndirilir, mənim sahəmdən o tərəfə əkilmiş hansısa varlının ağacları, yoncası suvarılır, bimirəm”.

Ağstafanın Xətai kənd sakini İlqar Mustafayev belə deyir.

“Yonca gözümün qarşısında məhv olur”

İlqar Mustafayev Meydan TV-yə danışır ki, illərdir kənddə suvarma problemi var. Daha doğrusu, kənddə suvarma üçün su var, ancaq gəlib sadə kəndlinin əkin sahəsinə çatmır. Səbəb imkanlı şəxslərin Suvarma İdarəsinə görüm-baxım edib, suyun səmtini öz sahələrinə yönləndirmələridir. Onun deməsinə görə, 2018-ci ilin avqustunda kənd sakinləri Meydan TV-yə şikayət etdikdən sonra problem həllini tapıbmış. Ancaq bir müddətdir ki, sadə kəndlilərin əkin sahələri yenə susuz qalıb:

“Bununla neçənci dəfədir ki, əkdiyim yonca gözümün qarşısında məhv olur, 1 aydır yenə suyu kəsiblər deyə, sahədə quruma prosesi gedir. Kanaldan bir az kənardakı ağaclıq, ondan o tərəfə də taxıl sahəsi var. Bu sahələr əvvəllər Su İdarəsində işləmiş, indi də idarə ilə möhkəm bağları olan Ələsgər adlı şəxsə məxsusdur. Kanalın suyu həmin ağaclığa və taxıl sahəsinə axıdılır. Kanala tərəf gələndə mənim yonca sahəmdir, günbəgün quruyub əldən gedir”.

“Yonca yoxdursa, heyvandarlıq da yoxdur”

İlqar Mustafayev deyir, 5 hektar ərazidə əkdiyi yonca ilə həm heyvanlarını saxlayır:

“Yonca presinin biri 7 manatdır, mal-qaraya alıb çatdırmaq olmur. Varlı taxıl əkib satır, biz də yonca əkib həm heyvanlarımıza yem tədarükü görürük, həm də satıb ailəmizi dolandırırıq. Ölkənin başçısı məmura tapşırır ki, kəndliyə şərait yarat, inəyini saxlasın, qoyununu otarsın, taxlını, yoncasını əksin. Məmurlarsa acgözlük edir, istəyirlər ki, hər şey onlara qalsın, taxıl da, yonca da, su da, torpaq da, heyvan da.... Əkin vaxtı çatır, texnika, gübrə, su eyni adamlara verilir, suvarma vaxtı çatır, kanalın suyu eyni adamların sahəsinə axıdılır, biçin vaxtı çatır, texnika eyni adamların sahəsində çalışır. Bizim kimi kasıblar da acından qırılır. Sonra da deyirlər, torpağın var, ünvanlı sosial yardım düşmür, torpağın var, 190 manat düşmür... 5-10 sot torpağı atıblar kəndlinin qabağına ki, dövlətdən heç nə istəməsin, imtina eləmək üçün əllərində bəhanə olsun. Kəndli torpaq yeyib dolanası deyil ki... Su versin, texnika versin, bərabər imkanlar yaratsın, kəndli də ac qalmasın. Mənim bu il də sahədən yonca götürə bilməməyim bu il də ailəlikcə çörəksiz qalmağım deməkdir. O yonca olmasa, heyvandarlıqla da məşğul ola bilməyəcəm, heyvanlarımı dəyər-dəyməzinə satmalı olacam ki, acından ölməsinlər. Budur fermerə, kəndliyə qayğı?”

İlqar Mustafayevin aylarla suvara bilmədiyi yonca sahəsi

İlqar Mustafayevin aylarla suvara bilmədiyi yonca sahəsi

Mənbə: Meydan TV

İdarə: “Hazırda taxıl sahələri suvarılır”

Ağstafa Rayon Suvarma İdarəsindən Meydan TV-yə bildirilib ki, əkin sahələrinin suvarılmasının ən qızğın vaxtı olduğundan, suvarma suyu sahələrə növbəli qaydada verilir. Hazırda kənddə taxıl sahələri suvarılır, sonra növbə yoncaya çatacaq. Ələsgər adlı şəxsə gəlincə, idarədən bildirilib ki, belə bir adam tanımırlar. İlqar Mustafayevsə idarənin dedikləri ilə razılaşmır. O, bildirir ki, hazırda da yonca sahələri suvarılan imkanlı şəxslər var:

“Görürsünüz, bizə çatanda deyirlər, yoncaya tez-tez su vermək olmaz, idarə mənə deyir, sənin sahənə su ən tezi 6 aydan sonra veriləcək. Halbuki, imkanlıların yonca sahələri ildə azı 5 dəfə suvarılır. Elə norması da budur – ildə ən azı 5 dəfə suvarılmalıdır. Qonşuluqdakı Poylu kəndində bir vergi məmuru var, hektarlarla yonca sahəsi var, vaxtlı-vaxtında suvarılır. Artıq sahədən ikinci biçimi etməyə hazırlaşır, mən hələ birinci biçimi etməmişəm, yoncalar da quruyur. Pulu, vəzifəsi olmayanlar da hər gün quruyan yoncaya tamaşa edə-edə qalırlar. Kəndli üçün yaşamaq çətindir, bu çətinliyin böyük hissəsini də məmurlar yaradır. Kəndli borca-xərcə düşüb sahə əkir ki, başını dolandırsın, məmur əngəllər yaradıb hər şeyi alt-üst edir. Yoncalar torpaqdan yenicə qalxıb, körpədir, ancaq 1 aydır suvara bilmirəm, tələf olur”.

İlqar Mustafayev hər gün yonca sahəsi ilə 10-15 metr aralıdakı su kanalının arasında vurnuxur. Bir gözü su kanalından varlıların torpaqlarına axıb gedən suda, bir gözü günbəgün tələf olan yoncada qalıb. Çarə tapmır ki, tapmır... Deyir, kənddə əkin sahəsi məhv olan təkcə o deyil, xeyli əkinçi əlini hektarlarla sahədən üzüb. Taxılı, tərəvəzi yanan kim, heyvanları yemsiz, susuz qalan kim... Kənd sakinləri dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə, Prezidentə müraciət ediblər, ancaq faydası olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xwxgnp

Ən çox baxılan