Ağstafada icra nümayəndəsi həbs olundu

Vəkil Vəliyev haqqında cinayət işi vətəndaşın Ağstafa rayon prokurorluğuna şikayəti əsasında başlanıb.

Source: Specify Source


Cinayət işi vətəndaşın Ağstafa rayon prokurorluğuna şikayəti əsasında başlanıb

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kəndi üzrə nümayəndəsi Vəkil Vəliyev həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, icra nümayəndəsi Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.

Vəkil Vəliyev haqqında cinayət işi vətəndaşın Ağstafa rayon prokurorluğuna şikayəti əsasında başlanıb. O, 2019-cu ilin fevralından 2020-ci ilin dekabrına qədər ümumilikdə 7900 manat pulu ələ keçirməkdə ittiham olunur.

İttihama əsasən, icra nümayəndəsi 2019-cu ilin fevralından “DOST İş Mərkəzi” MMC-də vətəndaşları sosial işçi kimi qeydiyyata aldırıb, onlar işə gəlmədikləri halda, davamiyyət cədvəllərinə işdə olmaları haqda yalan məlumatlar yazılıb. Həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarını da özündə saxlayıb, pulları özü çıxarıb.

Vəkil Vəliyev aprelin 30-da təqsirləndirilən şəxs qismində cəlb olunub. Ağstafa rayon Məhkəməsinin qərarıyla barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Vəliyevin vəkili və ya ailə üzvlərindən bu ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini olmuş Ramiz Tatarov və rayonun bir sıra başqa vəzifəli şəxsləri 2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi davam edir.

Ana səhifəBölgəAğstafada icra nümayəndəsi həbs olundu