Ağdam – “damsız binalar şəhəri…”

Ağdam – “damsız binalar şəhəri…”

Martın 13-də media qurumlarının, QHT rəhbərlərinin, müstəqil jurnalistlərin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil olunub. 6 avtobusluq heyət öncə Baş Qərvənd kəndində dəmiryolu ətrafında minatəmizləmə prosesini izləyib, mina partlayışını müşahidə edib.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Ağdam rayonu 2020-ci ilin sonunda geri qaytarılıb.

Yolboyu müharibənin izləri aydın görünür: istehkamlar, zirehli texnikanın hərəkəti üçün salınan torpaqaltı yollar.

Vaxtilə Xankəndinə qədər uzanan dəmir yolunun indi yalnız qalıqları var.

Ağdam da Qarabağın digər rayonları kimi viran edilib, kəndlər dağıdılıb. Rayonun mərkəzində yerləşən binaların heç biri salamat deyil. Bir sözlə, Ağdamda damı qalmış bir bina belə yoxdur. Yalnız üz görünüşündən binanın şahmat məktəbi, başqa bir binanın üzərindəki şəkildən onun Çörək Muzeyi olduğu görünür. Ağdam Dram Teatrının yalnız sütunları qalıb.

Yeganə salamat qalan məscidin isə üstündəki kümbəzlərdən biri dağıdılıb.

Ağdamın məşhur məkanlarından biri İmarətdir. Vaxtilə fotbol oyunları, şənliklər təşkil olunan stadion, tribuna dağıdılıb. Pənahəli xanın, oğlu İbrahimxəlil xanın türbəsi, Xurşid Banu Natəvanın büstü məhv edilib. Xanın mavzoleyi tövləyə çevrilib.

Birinci Qarabağ müharibəsi zamanı Şəhidlər Xiyabanına çevrilmiş Abidə adlanan ərazidə bütün qəbirlər dağıdılıb. İşğaldan azad olunduqdan sonra yalnız bir neçə məzarın sahibi müəyyənləşib, qəbri yenilənib. Xiyabanda sındırılmış başdaşılara da rast gəlinir.

Azərbaycan hökuməti işğaldan azad olunmuş rayonların bərpa ediləcəyini deyir. Tamamilə dağıdılmış Ağdamın əvvəlki görkəmi özünə qaytarılacaq, yoxsa yeni şəhər salınacaq. Meydan TV-nin bu sualını Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev cavablandırıb.

Ana səhifəVideoAğdam – “damsız binalar şəhəri…”