Ağadadaş Ağayevin balta ilə birini yaraladığı iddia olunur (yenilənib)

Ağadadaş Ağayev. Foto: Ağadadaş Ağayevin şəxsi arxivindən

Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub. O, xuliqanlıqda ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisənin digər iştirakçısı Nurəddin Cəlilov da eyni əməldə ittiham olunur. Onun da barəsində xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.

“Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – DİN-in mətbuat xidmətindən bildirilib.


Faktla bağlı araşdırma aparıldığı bildirilir

Binəqədi rayon Polis İdarəsində Xalq artisti, müğənni Ağadadaş Ağayevlə bağlı araşdırma başlayıb. Ondan özəl klinikalardan birinin gözətçisi şikayət edib. Gözətçi iddia edir ki, Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib. Onun iddiasına görə, 68 yaşlı müğənni ona balta atıb. Amma balta ona yox, yanındakı qadının ayağına dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti polis idarəsində belə bir şikayətlə bağlı araşdırma aparıldığını təsdiqləyib.

“İyulun 22-də Bakı sakini N.Cəlilov ərizə ilə polisə müraciət edərək, səhər saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində A.Ağayevin onu söydüyünü, əlindəki balta ilə hədələdiyini bildirib. N.Cəlilov izahatında qeyd edib ki, A.Ağayev baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəyib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar başlanıb”, – DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Müğənninin özü ilə əlaqə saxlayıb, ünvanına səslənən ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialAğadadaş Ağayevin balta ilə birini yaraladığı iddia olunur (yenilənib)