Afrikanın Dağlıq Qarabağı: Sudan münaqişəsi

Ordunun tam dəstəyinə və mütləq gücə, böyük korrupsiya pullarına sahib olan Mayarditin bunlardan imtina edəcəyi isə sual altındadır…

Foto: Meydan TV


Qərbin də bu məsələdə təmkinli mövqeyi Cənubi Sudan liderlərini ehtiyatlı siyasət aparmağa istiqamətləndirirdi

Cənubi Sudan məsələsi müasir dünyadakı ən ciddi münaqişələrdən biridir. Və müəyyən qədər də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsilə oxşar cizgilərə sahibdir.

Heç cür müharibənin bitmədiyi bu ölkə yaxın tarixdə çox dəhşətli fəlakətlər yaşayıb.

II Dünya müharibəsindən sonra ABŞ-ın israrı ilə Böyük Britaniya müstəmləkələrinə müstəqillik verir.

1952-ci ildə Misirin tərkib hissəsi kimi üzvü olduğu Böyük Britaniya imperiyasından və eləcə də Misirdən müstəqillik əldə edən ərazidə Sudan dövləti yaradılır, 1956-cı ildə BMT-yə üzv olur.

Soyuq müharibə dövründə dünyanın iki qütbə bölünməsi, bir çox regionda, eləcə də 19-cu əsrdə dünyanın hegemon güclərinin masa üzərində xəritəsini çəkdiyi Afrikada bir çox münaqişəni dondurmuşdu. Soyuq müharibənin bitməsi ilə torpaq mübahisələri, əsrlər ərzində davam edən etnik münaqişələr yenidən alovlandı. Balkanlarda tarixin ən qəddar müharibələrindən biri yaşandı. Yaxın şərq, Qafqaz qan gölünə çevrildi.

Həmin vaxt uzun əsrlər boyunca müstəmləkə siyasətinə məruz qalmış, elmdən və inkişafdan qəsdən məhrum buraxılmış, hələ də möhkəm idarəçilik ənənəsinin olmadığı Afrika dövlətlərində dəhşətli qırğınlar yaşandı. Bu qırğınlar, vaxtilə Avropa dövlətləri tərəfindən basdırılan detonatorların nəticəsi idi. Məsələn, Ruandadakı qətliam, sırf başqa dövlətlər tərəfindən yerli xüsusiyyətlər, etnik coğrafiya və digər detallar nəzərə alınmadan dövlətlərin, daha doğrusu, müstəmləkələrin ərazisini bölüşdürməyin nəticəsi idi.

139622714_214841756971245_8471784614593303103_n.png
Cənubi Sudanda vətəndaş müharibəsi zamanı sərhədlər(qırmızı hökümət-dinkalar, yaşıl Riek və üsyançı nuerlər)

Düşmən və ya etnik yaxınlığı, ortaq idarəçilik altında yaşamaq ənənəsi olmayan xalqların bir dövlətdə cəmləşdirilməsi, eyni xalqın parçalanaraq iki qonşu dövlətin ərazisinə yerləşdirilməsi kimi tərs qərarlar Berlin konfransından qalma anormallıqlar idi və gözəl olmayan günlərin birində hər şeyin nəzarətdən çıxması tamamilə mümkün idi. Necə ki, soyuq müharibə bitən kimi Ruanda, eləcə də Afrikanın bir çox xalqı bunu yaşadı.

Həmin ərəfələrdə Sudanda da qaynar siyasi proseslər yaşanmaqdaydı.

Müsəlman ərəblərin dominant olduğu Sudanda, xristianların sıxışdırıldığını düşünən Con Qaranq liderliyindəki Cənubi Sudan Milli Azadlıq Cəbhəsi uzun illər ərzində aparılan və demokratik dünyadan da dəstək alan mübarizənin nəticəsi olaraq muxtariyyət almışdı.

Milli Azadlıq Cəbhəsi daxilində isə müstəqilliyin lazım olması, ya da muxtariyyatın yetərli olması barədə kəskin fikir ayrılıqları var idi.

Sudandan ən yüksək muxtariyyət statusu alan Cənubi Sudanın Qaranq da daxil olmaqla, mötədil liderləri, müstəqilliyin gərəkli olub-olmaması ilə bağlı ehtiyatlı mövqeyə sahib idilər. Qərbin də bu məsələdə təmkinli mövqeyi Cənubi Sudan liderlərini ehtiyatlı siyasət aparmağa istiqamətləndirirdi.

Bir müddətdən sonra Qaranqın nisbətən mötədil siyasətinə qarşı daxildə radikal qanad tərəfindən baş qaldıran güclü etirazlar yavaş-yavaş küçələrə daşır və bu təmkinli siyasət bir müddətdən sonra yerini ayrı-ayrı təxribatçı qrupların mərkəzdən verilən silah və maddi dəstəklə törətdiyi müxtəlif təxribatlara verir; Sudan hökuməti də öz növbəsində bu təxribatlara çox sərt şəkildə cavab verir.

139150328_161270718836542_3025970036886801874_n.jpg
Con Qaranq

Ərazi və müstəqillik münaqişəsindən, qısa müddət sonra dini və etnik münaqişəyə transformasiya olunan böhran böyük qırğınlara səbəb olur, dəhşətli qətliamlar yaşanır.

Sudan hökumətinin/ərəblərin törətdiyi Darfur qətliamından sonra nüfuzdan düşməsindən istifadə edən Cənubi Sudan Milli Azadlıq Cəbhəsi 2011-ci ildə dünyanın güclərinin dəstəyi ilə referendum keçirir və müstəqilliyini elan edir. Beləcə iki Sudan dövləti ortaya çıxır: şimalda paytaxtı Xartum olan Sudan, cənubda paytaxtı Cuba olan Cənubi Sudan.

Bu dəfə də təxminən 3.5 milyard barrel ehtiyata sahib zəngin neft yataqlarının yerləşdiyi Avyel (eləcə də qərbi Darfur) mübahisə və münaqişə zonasına çevrilir. BMT-nin Sudan ərazisi olaraq tanıdığı, razılaşmaya əsasən, Sudanda qalmalı olan bölgədən öz ordularını çıxartmayan Cənubi Sudan daha bir böhranın başlamasına səbəb olur.

Lakin bu dəfə də törədilən Darfur qətliamının hesabını Sudan ödəyir və yekunda Avyel bölgəsi ABŞ-ın dəstəyi ilə Cənubi Sudanın nəzarətində qalır və dünyanın bir çox məşhur neft korporasiyası Avyel yataqlarının işlənməsində iştirak edir.

2342342.png
Silva Kiir Mayardit

Müstəqilliyini qazanandan sonra Cənubi Sudanın ilk prezidenti seçilən, ölkənin iki əsas xalqından biri olan dinkaların nümayəndəsi, demokratik imicə və demokratik dünyadan böyük dəstəyə sahib olan xarizmatik lider Silva Kiir Mayardit, ərəblərə qarşı müstəqillik mübarizəsində aktiv şəkildə iştirak etmiş digər böyük xalqın-nuerlərin nümayəndəsi, milli azadlıq hərəkatının digər lideri doktor Riek Maşeri vitse-prezident təyin edir.

Bu dövrdə Chinapet, Petronas, Triniti kimi neft nəhənglərinin investisiyalarının demokratik Cənubi Sudanı Afrikanın lideri edəcəyi gözlənilsə də, hadisələr fərqli məcrada inkişaf edir.

İşlər yoluna düşdükcə və böyük neft gəlirləri gəldikcə, harınlayan Mayardit hakimiyyətini möhkəmləndirir, azad mətbuatı və siyasi azadlıqları boğmağa başlayır, əsas vəzifələrə dinka xalqından olanları təyin edir, nuerlər yüksək vəzifələrdən sıxışdırılır, qonşu Sudan daxilində silahlı müqavimət hərəkatına pul və silah dəstəyi edilir.

49947153_1985103251602867_8486830723783720960_n.png
Mübahisəli Avyel bölgəsi

Bu siyasətə etiraz edən Riek Maşer vitse-prezidentlikdən istefa verir, partizan hərəkatını başlatdığını elan edir və və nuerləri qiyama çağırır. Özü isə meşəliklərə çəkilib ordu toplayır.

Mayarditin şimaldakı müsəlman Sudanın daxili işlərinə qarışması, Xartum hökumətini devirmək üçün solçu müxalifəti silahla dəstəkləməsi əks-təsir göstərir və Xartum hökuməti Mayarditə qarşı doktor Riekin Nuer Qisas Ordusunu dəstəkləyir.

Afrikanın ən zəngin 3-cü neft resurslarına sahib olan və qərbin dəstəyi ilə demokratikləşərək Afrika lideri olacağı gözlənilən Cənubi Sudan bir anda dəhşətli vətəndaş müharibəsinin ağuşuna düşür.

138959126_313325316783123_6954198443637515448_n.jpg
Riek Maşer

Riekin ordusu dinkalara qarşı qəddar terror aktlarına başlayır və minlərlə dinka öldürülür. Cavab olarar Mayardit ordunu hərəkətə gətirir və onlar da minlərlə nuer öldürür. Beləcə, arada müvəqqəti atəşkəslərlə dayanan bu münaqişə ötən ilədək davam edir. Və 800 min dinc insan qanlı qırğınların qurbanı olur…

Dinkalarla nuerlər dərilərinin rənginə görə bir-birlərindən kəskin fərqləndiyindən (dinkalar tünd qara, nuerlər tünd qəhvəyi dəriyə sahibdirlər) ölkədə iki xalqın bir yerdə yaşaması mümkünsüz olur. Küçə davaları və şiddət ölkəni bürüyür.

Ölkədə təsərrüfat darmadağın olur, ərzaq və gündəlik tələbat malları defisiti yaranır, kütləvi aclıq yaşanır.

Cənubi Sudan iki yerə parçalanır, Sudandan aldığı silahlarla güclü ordu quran Riek Maşer ard-arda qələbələr qazanır.

Mayarditin ordusunun ardıcıl məğlubiyyətlərindən sonra başlayan sülh danışıqları 2016-cı ildə dalana dirənir, mühasirəyə alınan Riek Maşer ölkədən Konqo Demokratik Respublikasına qaçır, ardınca Cənubi Afrikadan siyasi sığınacaq alır, lakin müharibə cinayətləri ilə ittiham olunduğu üçün faktiki olaraq ev həbsində qalır.

Maşer qaçsa da, nuerlər silahlı müqavimətə davam edirlər və münaqişə bitmir.

BMT münaqişəyə müdaxilə edir, müharibə dayansa da, lokal hərbi qarşıdurmalar davam edir.

139456832_233214431601441_2828773313477701944_n.jpg
Üsyana qalxan Nuerlər

2018-ci ildə ABŞ və Avropa İttifaqının çağırışı ilə sülh danışıqları yenidən başlayır. Riek Maşer ölkəyə qayıdır və Cənubi Sudanın yenidən birləşdirilməsilə bağlı danışıqlar başlayır.

Bu dəfə ABŞ-ın sərt nəzarəti altında gedən danışıqlar 2020-ci ilin fevral ayında uğurla yekunlaşır, ABŞ nümayəndələrinin iştirakı ilə yekun sülh müqaviləsi imzalanır.

Lakin hələ də gərgin atmosferi olan ölkə ilə bağlı bütün dünyanı bu suallar düşündürür: sülh müqaviləsi yekundurmu? Daha bir müharibə olacaqmı?

Demokratik dünyanın dəstəyi ilə müstəqillik qazanan Cənubi Sudanın hörmət edilən lideri Mayarditin hakimiyyət sevdası, demokratiya və Afrika lideri olma yolunda irəliləyən Cənubi Sudanı bir anda dəhşətli vətəndaş müharibəsinin, aclığın və səfalətin ağuşuna salmışdı. Daxildə bir-birinə qarşı düşməncə köklənmiş iki xalqın mövcudluğu normal demokratik müqaviməti böyük ölçüdə istisna etdiyindən, bundan sonra bütün hər şey bir nəfərin-Salva Kiir Mayarditin seçimindən asılı olacaq. O, hakimiyyəti seçsə, böyük ehtimalla yeni müharibə başlayacaq.

Ordunun tam dəstəyinə və mütləq gücə, böyük korrupsiya pullarına sahib olan Mayarditin bunlardan imtina edəcəyi isə sual altındadır…

140084377_262180815302287_2576210534795185141_n.jpg
Cənubi Sudan ordusunun dinka əsgəri
140596085_233029855050003_9018118964270699783_n.jpg
Nuerlər
Ana səhifəXəbərlərAfrikanın Dağlıq Qarabağı: Sudan münaqişəsi