Afiəddin Məmmədov: “Məhbusların telefonla danışmaq hüquqları pozulur”

Afiəddin Məmmədov – Foto: Şəxs Facebook səhifəsi

“Mobil telefona zənglər üçün məhbuslar “kontur” almağa məcburdur”

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov həbsxanadan yazdığı məktubunda bildirir ki, məhbusların telefonla danışmaq hüquqları pozulur.

Onun sözlərinə görə, Azərbaycanda məhbusların telefon hüququ müxtəlif qurumlarda fərqli qaydalara tabedir.

Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində, müvəqqəti saxlanılma yerlərində, Penitensiar Xidmətin təcridxanalarında və Cəzaçəkmə müəssisələrində telefonla danışıq vaxtı sərt məhdudiyyətlərlə tənzimlənir.

Azərbaycan qanunvericiliyinə əsasən, məhbuslar həftədə 2 dəfə, hər biri 15 dəqiqə olmaqla (ümumilikdə 30 dəqiqə) telefonla danışmaq hüququna malikdir.

Afiəddin Məmmədov yazır ki, qanunda “15 dəqiqəyə qədər” ifadəsinin olması sui-istifadə hallarına yol açır. Fərqli müəssisələrdə bu hüququn tətbiqi də dəyişir:

“Müvəqqəti saxlanılma yerlərində məhbuslar yaxınları ilə birbaşa əlaqə saxlaya bilmir. Məhbus ehtiyaclarını və yaxınının telefon nömrəsini polis nəzarətçisinə bildirir, nəzarətçi isə zəng edərək ehtiyacları çatdırır. Bəzi nəzarətçilər bu vəziyyətdən sui-istifadə edərək öz şəxsi ehtiyaclarını məhbusun yaxınlarına sifariş edir. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində məhbuslara həftədə cəmi 1 dəqiqə danışıq vaxtı verilir. Əvvəllər həftədə iki dəfə 1 dəqiqə olan bu hüquq, səbəbi açıqlanmayan qərarla bir dəfəyə endirilib. Bu tənzimləmənin hansı qanuna əsaslandığı məlum deyil”.

“Penitensiar müəssisələrdə qanunla həftədə iki dəfə 15 dəqiqəyə qədər danışıq hüququ nəzərdə tutulsa da, bəzi müəssisələr telefon aparatlarının azlığını və ya məhbus sayının çoxluğunu bəhanə gətirərək bu vaxtı 10 dəqiqəyə endirir. Bəzi müəssisələr dəqiqələri zəngin qəbul olunduğu, bəziləri isə nömrənin yığıldığı andan hesablamağa başlayır”, – Afiəddin Məmmədov yazır.

O bildirir ki, DİN-ə bağlı müəssisələrdə zənglər üçün kontur müəssisə tərəfindən təmin edilir. Penitensiar müəssisələrdə isə ev telefonuna zənglər ödənişsizdir, lakin mobil telefona zənglər üçün məhbuslar “kontur” almağa məcburdur.

Afiəddin yazır ki, həbsxanalarda “kimdə kontur var?” qışqırığı adi hala çevrilib, bu da məhbuslar arasında özünəməxsus bir “ticarət” sisteminin yaranmasına səbəb olub.

Afiəddin Məmmədov yazır ki, Azərbaycanda məhbusların telefon hüquqlarının təkmilləşdirilməsi onların sosial reinteqrasiyasına və ailələri ilə əlaqələrinin möhkəmlənməsinə töhfə verə bilər. Qonşu ölkələrin təcrübəsinin, xüsusilə Türkiyə modelinin tətbiqi bir sıra problemləri həll edə bilər.

Türkiyədə məhbusların telefon hüququ daha çevik və əlverişli şəkildə təşkil olunub. Türkiyə qanunvericiliyinə əsasən, məhbuslara həftəlik müəyyən danışıq vaxtı dövlət tərəfindən təmin edilir. Bu vaxt vətəndaşlıq statusuna görə fərqlənə bilər.

“Məhbuslar dövlət tərəfindən verilən danışıq vaxtı bitdikdə ödəniş qarşılığında əlavə dəqiqələr ala bilər. Danışıq dəqiqələri kart şəklində təqdim olunduğundan, məhbuslar həftəlik bölgünü özləri təyin edə bilir. Bu sistem həm məhbusların rahatlığına, həm də şəffaflığa xidmət edir.

Həftəlik 30 dəqiqəlik limitin artırılması məhbusların ailələri ilə daha sıx əlaqə saxlamasına imkan yaradar.

Mobil zənglər üçün “kontur” alışı prosesi şəffaf və əlçatan olmalıdır. Kart sistemi kimi yeniliklər sui-istifadə hallarını azalda bilər.

DİN MSY-dəki nəzarətçilərin sui-istifadə hallarının qarşısını almaq üçün zənglərin birbaşa məhbuslar tərəfindən edilməsinə icazə verilməsi nəzərdən keçirilə bilər.

Məhbusun telefon hüququ sadəcə bir zəng deyil, onların ailələri və cəmiyyətlə bağlılığını qoruyan bir körpüdür. Bu körpünün möhkəmliyi dövlətin humanitar siyasətindən və qanunların ədalətli tətbiqindən asılıdır. Türkiyə kimi qonşu ölkələrin təcrübəsi Azərbaycanda həm məhbuslar, həm də dövlət üçün daha əlverişli bir sistemin qurulmasına ilham verə bilər”, – Afiəddin Məmmədov yazır.

Afiəddin Məmmədov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır. Bu təşkilat 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə bağlı həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Ana səhifəSiyasətAfiəddin Məmmədov: “Məhbusların telefonla danışmaq hüquqları pozulur”