AFFA-nın təcili və növbədənkənar konfransının sirri

Ya Elxan Məmmədov öz yerini möhkəmlədir, ya da…

Source: google


Ya Elxan Məmmədov öz yerini möhkəmlədir, ya da…

Yanvarın 8-də AFFA-nın növbədənkənar konfransı keçirildi. Azərbaycan futbolunda söz sahibi olanların belə təcili konfrans keçirməsinin səbəbi AFFA İcraiyyə Komitəsinin üzvlərinin sayını 11-dən 13-ə, vitse-prezidentlərin sayını isə 4-ə qaldırmaq idi. Amma İcraiyyə Komitəsinin yeni üzvlərinin adları və yeni yaradılan icraçı vitse-prezident postunu kimin tutacağı hələ məlum deyil. Bu məsələyə yanvarın 28-də keçiriləcək seçki konfransında aydınlıq gələcək. İndi isə Azərbaycanın futbol ictimaiyyətini düşündürən məsələ, icraçı vitse-prezident postuna kimin gətiriləcəyi, struktur dəyişikliyinin nəyə hesablanmasıdır.

Məmmədov seçir, Abdullayev “imza atır”

AFFA prezidenti Rövnəq Abdullayevin federasiyaya vitse-prezidentləri seçmək səlahiyyəti var. Amma AFFA ilə yanaşı, ölkə üçün böyük əhəmiyyəti olan SOCAR-a da rəhbərlik edən Abdullayevin vitse-prezidentlərlə vaxtını itirəcəyini düşünmək sadəlövhlük olar. Çox güman, bu günə qədər olduğu kimi, federasiyanın baş katibi Elxan Məmmədov vitse-prezidentlərin siyahısını AFFA rəhbərinə təqdim edəcək, o da razılıq verəcək. Vəssalam. Hətta düşünmək olar ki, AFFA İcraiyyə Komitəsinin üzvlərinin də, vitse-prezidentlərin adları da çoxdan məlumdur, sadəcə, formallıq naminə yanvarın 28-dəki konfransı gözləyirlər, açıqlamaq üçün.

Adları olub, özləri olmayan vitse-prezidentlər

Futbol ictimaiyyətini narahat edən məsələlərdən biri yeni yaradılan icraçı vitse-prezident postuna baş katib Elxan Məmmədovun keçə biləcəyi ehtimalıdır. Məmmədov xüsusilə də, son dövrlərdə Azərbaycan futbolunda ən çox tənqid edilən şəxsdir. Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində bərbad çıxış etməsinin, qrup oyunlarını cəmi 1 xalla başa vurmasının əsas günahkarı kimi Məmmədov, onun yürütdüyü siyasət göstərilir. Hətta iş o yerə çatmışdı ki, milli komandanın oyununa cavabdeh olan əsas şəxs – baş məşqçi Nikola Yurçeviçdən də çox, Məmmədov tənqid olundu. Yeri gəlmişkən, AÇ-2020-nin seçmə mərhələ oyunlarından sonra onsuz da müqaviləsi başa çatan Yurçeviçlə yola davam edilməmək qərarı verildi.

Əslində, Elxan Məmmədov baş katib də olsa, icraçı vitse-prezident də olsa, AFFA-da bütün işlərə o nəzarət edir. Məsələ burasındadır ki, bu günədək nə AFFA prezidenti Rövnəq Abdullayev, nə 1-ci vitse-prezident Rauf Əliyev, nə də digər vitse-prezident Elşad Nəsirov futbolun içində olmayıblar. Onların yolu AFFA-ya elə ancaq konfrans olandan-olana düşür. Başqa sözlə, Azərbaycan futbolunun idarəçiliyində adları var, özləri yoxdur. Abdullayev üçün futboldan daha vacib məsələ var – neft! Rauf Əliyev isə uzun zaman Milli Məclisin üzvü olub. Elşad Nəsirovun da SOCAR-da işi, öhdəlikləri var. Ola bilsin ki, icraçı vitse-prezident, doğrudan da, Elxan Məmmədova tapşırılsın və o, adları olub özləri ortada görünməyən digər vitse-prezidentlərin də görməli, nəzarət etməli olduqları işləri həyata keçirsin. Məmmədova kömək məqsədi ilə baş katib postuna ona yaxın olan şəxslərdən birinin gətirilməsi mümkündür. Məsələn, bu, Azərbaycan millisinin keçmiş baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqov ola bilər. Niyə də yox? Sadıqov uzun zamandır AFFA-da çalışır, Elxan Məmmədovun vaz keçmədiyi futbol adamlarından biridir. Ola bilər ki, Vaqif Sadıqov baş katib olsun, Məmmədov icraçı vitse-prezident postuna keçsin, ya da əksinə, Sadıqov icraçı vitse-prezident, Məmmədov baş katib. Əsas odur ki, AFFA-da “iplər” yenə Elxan Məmmədovun əlində olsun.

AFFA-nın gələcək prezidenti üçün…

AFFA-dakı struktur dəyişikliyi ilə bağlı ikinci ehtimal budur ki, ümumiyyətlə, Azərbaycan futbolunun idarəçiliyində “əl dəyişikliyi”nin startı veriləcək.

Artıq xeyli müddətdir ki, futbol ictimaiyyəti arasında ölkədə futbolun icarəçiliyinin İqtisadiyyat naziri Mikayıl Cabbarova tapşırılacağı barədə söz-söhbət gəzir. Federasiyada yeni yaradılan icraçı vitse-prezident postuna Cabbarova yaxın adamlardan birinin gətirilə biləcəyi də ehtimallar arasındadır. Bu, gələcəkdə AFFA-da bütün rəhbərliyin dəyişdirilməsi yolunda atılan ilk addım ola bilər. Bu ilin yayında Bakı Olimpiya Stadionunda Avropa çempionatı-2020-nin bir neçə oyunu keçiriləcək. Bu oyunlaradək AFFA rəhbərliyində köklü dəyişikliyin olacağını düşünmək mənasızdır. AÇ-2020-dən əvvəl Rövnəq Abdullayevin də, Elxan Məmmədovun da futbolun idarəçiliyindən uzaqlaşdırılması demək olar mümkün deyil. Ölkə rəhbərliyi bu səhvi etməz. Çünki onlar da yaxşı bilirlər ki, AÇ-2020-nin final mərhələsinin bir neçə oyununun Bakıda təşkili üçün danışıqlar Rövnəq Abdullayevlə Elxan Məmmədovun iştirakı ilə baş tutub. Oyunların təşkilindəki əsas məsuliyyət də məhz bu şəxslərin üzərində olacaq, olmalıdır. Buna görə də, Azərbaycan futbolunda Rövnəq Abdullayev-Elxan Məmmədov hegemonluğunun bitməsi ancaq AÇ-2020-nin oyunlarından sonra mümkün ola bilər. Amma…

Amma yeni yaradılan icraçı vitse-prezident postuna AFFA-nın gələcəkdəki rəhbərinin (Mikayıl Cabbarov, ya da başqası) adamının yerləşdirilməsi mümkündür. Bu, həm indiki rəhbərliyin AÇ-2020-nin oyunları başa çatanadək öz postlarında qalması, həm də, yeni rəhbərliyin artıq indidən futbolda özünə yer, işlərə nəzarət etməsi deməkdir.

İstənilən halda, bəzi suallara yanvarın 28-də keçiriləcək seçki konfransından sonra aydınlıq gələcək. Sualların hamısının cavabları isə AÇ-2020-nin Bakıda keçirilən oyunlarından sonra bilinəcək. Gözləyək.

Ana səhifəXəbərlərAFFA-nın təcili və növbədənkənar konfransının sirri