ADR Hərəkatının üzvü inzibati cəza alıb

“Bundan sonra polislər saxlayıb və Sumqayıt Şəhər Məhkəməsinə gətiriblər, məhkəmədə olanda da qarşılaşdığı qanunsuzluq barədə məlumat yayıb”.

Source: Foto: sosial şəbəkə


Daha bir hərəkat üzvü cərimələnib

Aprelin 6-da aptekə getmək üçün SMS-lə icazə alıb evdən çıxan Azərbaycan Demokratiya və Rifah Partiyasının Ali Məclis üzvü Şakir Məmmədov həbs olunub. İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunan Ş.Məmmədov haqqında 15 günlük həbs qərarı çıxarılıb. O, ünvansız söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.

Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə keçirilən prosesdə Ş.Məmmədov bu ittihamın saxta olduğunu deyib. O bildirib ki, yaşadığı binadan çıxanda artıq polislər onu gözləyirdi. Siyasi fəalın sözlərinə görə, polislər onu Sumqayıt şəhəri, 1-ci polis bölməsinə gətiriblər.

"İki-üç gün əvvəl yazdığım status haqda soruşdular. Bölmənin rəisi silməyimi tələb etdi. Düzü, dedi ki, paylaşımı silim, cərimə ilə yola verərlər, çıxıb gedərəm. Statusu silməkdən imtina etdim. Telefonu istədilər, vermədim. Göstəriş verildi ki, həbs olunmağım üçün sənədlər hazırlansın", – deyə Ş.Məmmədov məhkəmədə bildirib.

Lakin hakim onun dediklərini özünümüdafiə kimi qiymətləndirərək, barəsində 15 günlük həbs qərarı çıxarıb.

Ş.Məmmədovun yaxınları Meydan TV-yə bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək:

"Telefonu polislərdə qalıb. Düzdü, telefonu açmaq üçün kod vardı. Kodu istəyiblər, deməyib. Amma görünür, açıblar. Həmin paylaşım hesabında yoxdur artıq".

Yaxınlarının dediyinə görə, Ş.Məmmədov sözügedən paylaşımda COVİD-19 pandemiyasına qarşı mübarizə məqsədilə evdən çıxmasına, işləməsinə icazə verilməyən aztəminatlı vətəndaşlara dövlətin sahib çıxmalı, onlara yardım etməli olduğunu yazıb.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı baş verənlərlə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda deyilir ki, dünyada dövlət və hökumət başçıları vətəndaşlarına maddi, mənəvi, psixoloji dəstək olduqları bir zamanda Azərbaycan hakimiyyəti əks mövqedən çıxış edir:

"İnsanlara minimal yardımlar etmir, hətta bununla bağlı narazılığını bildirən müxalif mövqeli insanları həbs etməkdən də çəkinmir. Bu yaxınlarda şərlənərək həbs olunan Tofiq Yaqublu və bir neçə cəbhəçidən sonra növbə ADR Hərəkatının üzvlərinə də çatıb".

Bəyanat müəllifləri bildirir ki, aprelin 5-də hərəkatın Sumqayıt şəhər təşkilatının üzvü Rövşən Muradı polislər evindən bölməyə aparıb, orada "profilaktik” söhbət aparıb, xəbərdarlıq etdikdən sonra buraxıblar. Hərəkatın Qubadlı rayon təşkilatının üzvlərindən Ülfət Haqverdiyevin polis şöbəsinə aparıldığı və heç bir əsas olmadan 100 manat cərimələndiyi, Məhəbbət Muradın isə telefon vasitəsiylə psixoloji təzyiqlərə məruz qaldığı da bəyanatda əksini tapıb.

"Polisə aparılan ADR üzvlərinin səxsi “Facebook” hesablarındakı məlumatların silinməsi onu deməyə əsas verir ki, hakimiyyət təmsilçilərinin hərəkat üzvlərinə qarşı addımları sifarişli və qanunsuzdur. ADR Hərəkatı bütün bu qanunsuz addımların dayandırılmasını, Şakir Məmmədovun azad edilməsini, bütün repressiv addımlara son qoyulmasını hakimiyyət orqanlarından tələb edir", – bəyanatda deyilir.

Ana səhifəSiyasətADR Hərəkatının üzvü inzibati cəza alıb