ADO “Yeddinci Məkan”ı Qış Parkında nümayiş etdirmək istəyir

“ADO küçə performansları nümayiş etdirmək üçün üç ildir cəhdlər edir”

Source: Specify Source


Ehsan Zahidov: "Müraciət olunsa, qanunamüvafiq cavab veriləcək"

ADO Teatrı iyulun 15-də Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşası nümayiş etdirməyi planlaşdırır.

Teatrın məlumatında bildirilir ki, performans ADO-nun yaranmasının doqquzuncu ildönümünə həsr olunacaq.

Saat 20:00-da başlayacaq tamaşada modern rəqs performansı nümayiş olunacaq.

“ADO küçə performansları nümayiş etdirmək üçün üç ildir cəhdlər edir. Bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdu. Nazirlik bu məsələyə meriyanın, icra hakimiyyəti isə bu məsələyə nazirliyin baxdığını bildirirdi. Daha sonra teatr məhkəməyə müraciət etdi. Birinci instansiya məhkəməsi ilk öncə teatrın xeyrinə qərar çıxardı. Daha sonra meriya apellyasiya şikayəti verərək teatrın xeyrinə olan qərarı ləğv etdirdi. Bundan sonra teatr Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdi. Eyni zamanda, Milli Məclis bu məsələyə toxunmuş və qanunda bununla bağlı boşluq olduğunu etiraf etmişdi. Ölkədaxili hüquqi prosedurlar yekunlaşdığı üçün küçə performanslarının nümayişinə start vermək qərarı aldıq”, – Teatrın məlumatında deyilir.

Teatr küçə tanaşasının keçirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib: “Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq edir, eyni zamanda, Daxili İşlər Nazirliyindən performansın baş tutması üçün tamaşaçıların təhlükəsizliyinin təmin olunmasını istəyirik. Həmçinin Qış Parkından Akademik Milli Dram Teatrı istiqamətindəki amfiteatr formalı fəvvarənin saat 20:00-21:00 aralığında fəaliyyətinin dayandırılması xahiş olunur”.

Məsələyə nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə də Nazirlər Kabineti yanında Operativ Qərargahın mövqeyini öyrənmək mümkün olub.

Hər iki qurumun mətbuat sözçüləri zənglərə cavab verməyib.

Operativ Qərargahın qərarına əsasən, pandemiya ilə əlaqədar ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, teatrdan quruma rəsmi müraciət edilməyib: “Müraciət olunsa, qanunamüvafiq cavab veriləcək”.

Mədəniyyət Nazirliyindən Meydan Tv-yə bildirilib ki, ADO müstəqil teatrdır, qurumun tabeliyində deyil.

Ana səhifəMədəniyyətADO “Yeddinci Məkan”ı Qış Parkında nümayiş etdirmək istəyir