ADO Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər

”Əgər tələbimiz yerinə yetirilməsə, bununla bağlı etirazımızı bildirəcəyik. Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, – Elmin Bədəlov əlavə edib.

Source: Foto: Meydan TV


“Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdən qismən razı qaldıq”

“Biz 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Mədəniyyət Nazirliyinə qarşı qaldırdığımız iddiada iki əsas qoymuşduq. Birincisi, nəyə görə teatrımıza küçə tamaşalarının keçirilməsinə icazə verilmir? İkinci iddiamız isə qurumun rəsmi müraciətimizi cavablandırmaması idi. Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdən qismən razı qaldıq”.

Bu sözləri Meydan TV-yə ADO teatrının qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov deyib.

Bildirib ki, məhkəmənin və teatrın tələbinə uyğun olaraq nazirlik rəsmi qaydada əsaslandırılmış cavab sənədi təqdim edib. Hakim isə əsaslandırılmış cavabın təqdim olunduğu üçün işə xitam verilməsi haqda qərar qəbul edib.

Əsaslandırılmış sənəddə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq nazirliyin küçə və prospektlərdə tamaşa göstərilməsi üçün icazə və rəy vermək səlahiyyətinin olmaması vurğulanır.

Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimiyyətində olduğu üçün teatr nazirliyin rəsmi sənədini meriya ilə olan məhkəməyə təqdim edib. Məhkəmə rəsmi sənədi meriyaya göndərib və onlardan cavab tələb edib.

“Bakı İcra Hakimiyyəti ilə bağlı məhkəmə prosesini şərh etmək mənim üçün çətindir. Çünki prosesin hansı istiqamət üzərində gedəcəyini hələ bilmirik. Meriyanın küçə tamaşalarının keçirilməsinə imkan verməməsinin səbəbini necə əsaslandıracağı məhkəmə zamanı məlum olacaq.

Əgər tələbimiz yerinə yetirilməsə, bununla bağlı etirazımızı bildirəcəyik. Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, – Elmin Bədəlov əlavə edib.

ADO ilə Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə prosesi 30 dekabr, saat 10:40-da 1 Saylı Bakı-İnzibati İqtisadi Məhkəməsində keçiriləcək.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciətlər etsə də, müsbət cavab almayıb.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini və Bakı İcra Hakimiyyətini məhkəməyə verib.

Ana səhifəMədəniyyətADO Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər