“AbzasMedia işi” üzrə həbs olunan jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın valideynləri Lənkəran Penitensiar Kompleksinin rəisinin məhbuslara qarşı zorakılığından sonra övladları üçün narahat olduqlarını bildiriblər.
Valideynlər Meydan TV-yə açıqlamasında deyir ki, həbsxana rəisi Babək İsgəndərov məhbuslara zorakılıq göstərir, onları alçaldır.

“Sevinc deyir ki, qadın məhbusun saçından sürüyürlər. Döyülən qadın bu barədə özü Sevincə danışıb. Deyib ki, rəis otağında ona qarşı zorakılıq göstərib. Ayağı əzilən qadın həkimə aparılmayıb. Döyülməsinə səbəb nəzarətçinin ondan şikayət etməsi olub. Həmçinin kişi məhbusları diz çökdürüb döyür, işgəncə verirlər. Kimsə telefonla artıq danışmaq istəyirsə və ya geyimi ilə bağlı döyülürlər. Sevinc deyir ki, rəis ağlını işlətməlidir, qolunu yox. Qanuna görə həbsdə olanlara şiddət göstərilə bilməz”, – deyə Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova bildirib.
Məhərrəmova deyir ki, hazırda “Abzasçılar”a hər hansı bir təzyiq yoxdur. Amma AbzasMedia-nın direktoru Günel Səfərova hesab edir ki, bu nə vaxtsa onlara təzyiq olmayacağına zəmanət vermir.

“Sentyabrın 3-nə qədər Lənkəran həbsxanasında qadın məhbus yox idi. Bakıda 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qadınlardan bəziləri həmin gün ora aparılıb. Bundan sonra Sevincgil sentyabrın 26-da ora köçürülüb. Həmin vaxta qədər Lənkəran Penitensiar Kompleksində yalnız kişi məhbuslar olub”, – deyə Günel Səfərova bildirib.
Səfərova müvafiq dövlət qurumlarından baş verənlərə reaksiya verilməsini tələb edir.
Valideynlər deyir ki, məsələ ilə bağlı dövlət qurumlarına şikayət etsələr də cavab ala bilməyiblər. Onlar həmçinin xarici təşkilatların da hadisələrə biganə qalmasından şikayətlənirlər.
“Hara müraciət edək ki, onsuz da heç kim şikayətə baxmır. Ombudsmanın qəbuluna düşmək olmur. Şikayətə baxan yoxdur. Xaricilərlə də görüşürük, amma heç bir nəticə yoxdur”, – deyə valideynlər qeyd edib.
Günel Səfərova deyir ki, Lənkəran həbsxanasında bundan öncə də işgəncə halları ilə bağlı onlara müraciətlər olub. O deyir ki, daha əvvəl orada olan bir məhbus geyindiyi şalvarın parçasına görə döyülüb.
Ofeliya Məhərrəmova deyir ki, həbsxana rəisi video zəngə də məhdudiyyətlər qoyur, internet yoxdur deyir.
“Qızlar istəyirdilər ki, bir yerdə qalsınlar. Amma razılıq vermədilər. Həmçinin görüntülü danışığa icazə verilmədi. Qanunla zəng vaxtı görüntülü danışmaq olmur. Hər dəfə yalandan bir bəhanə gətirirlər ki, burada internet yoxdur. Rəis hər dəfə deyir ki, düzələcək amma hələ də danışa bilməmişik”, -deyə o bildirib.
“AbzasMedia işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 20 iyun tarixli hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ötən il sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Yaxınları bu köçürülmənin görüş imkanlarını məhdudlaşdırdığını və jurnalistlərə təzyiq kimi qiymətləndirildiyini bildirirlər.