“Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəməyə gəlməkdən imtina ediblər

“AbzasMedia”. Foto-kollaj: Meydan TV

Jurnalistlər onlara qarşı zorakılıq və ayrı-seçkiliyə etiraz etdiklərini bildirirlər

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi davam etdirilməli idi. Lakin jurnalistlərin əksəriyyəti onlara qarşı zorakılıq və və ayrı-seçkiliyə etiraz olaraq, məhkəməyə gəlməkdən imtina ediblər.

Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən 3 nəfər – “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı, “Azadlıq” radiosunun əməkdaşı Fərid Mehralızadə və “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov iştirak edib.

Daha dörd nəfər – “Abzas Media”nın təsisçisi və baş direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova məhkəməyə gəlməkdən imtina edib.

Fərid Mehralızadə də bildirib ki, onu zorla məhkəməyə gətiriblər. Onun sözlərinə görə, təcridxana əməkdaşları kamerada məcburi şəkildə qollarını qandallayıb gətiriblər.

Fərid Mehralızadə bildirib ki, məhkəməyə çıxmamaqla onlara qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər. Jurnalistin sözlərinə görə, “Abzas Media” işi üzrə təqsirləndirilən şəxsləri nəinki bir-birindən, hətta həbsdə olan digər jurnalistlərdən – “Meydan TV” və “Toplum TV” əməkdaşlarından da gizlədirlər. Penitensiar Xidmətin işçiləri çalışır ki, onlar bir-biri ilə qarşılaşmasın.

Fərid Mehralızadə. Foto: Meydan TV

Fərid Mehralızadə məhkəmədə danışıb ki, əgər onu vəkillə və ya ailə üzvlərilə görüşə aparırlarsa, həmin vaxt dəhlizdə həbsdəki jurnalistlərdən kimisə gətirirlərsə, mütləq onu gizlədirlər ki, qarşılaşmasınlar. Bundan başqa, istintaq başa çatmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləndə belə, onları bir-birindən ayrı gətirirlər. Məhkəmə binasında da zirzəmidə uzun müddət çox pis şəraitdə saxlayırlar.

O, əlavə edib ki, belə ayrı-seçkilik davam eləcə, növbəti məhkəmə iclaslarında da iştirakdan imtina edəcəklər.

Hakim bildirib ki, jurnalistlərin etirazına səbəb olan məsələ araşdırılacaq.

Məhkəmə prosesi fevralın 18-nə qədər təxirə salınıb.

“Abzas Media” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ülvi Həsənli məhkəmədə ifadəsində bildirib ki, Fərid Mehralızadənin ümumiyyətlə, “Abzas Media”ya aidiyyəti olmayıb. Onunla sadəcə, dost olublar.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsaslanda cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəXəbərlər“Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəməyə gəlməkdən imtina ediblər