ABŞ Şimali Koreyanın “Milad hədiyyəsi” ilə baş etməyə hazırdır

“Sürprizin nə olduğunu öyrənəcəyik və bununla məşğul olacağıq”,- Tramp Mar-a-Lago kurortunda jurnalistlərə deyib

Source: Foto: arxiv


Tramp: “Bəlkə raket sınağından fərqli olaraq mənə gözəl bir vaza göndəriləcək”

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Şimali Koreyanın “Milad hədiyyəsi” barədə xəbərdarlığını qulaqardı edərək, Pxenyanın uzun mənzilli raket sınağı planlarının ABŞ-ın diqqətində olduğunu söyləyib.

Şimali Koreyanın ən önəmli dəstəkçisi Çin Vaşinqtonu Tramp və Şimali Koreya lideri Kim Jong Un arasında Sinqapurda ötən il keçirilmiş zirvə görüşündə əldə edilən razılaşmaları həyata keçirmək üçün konkret addımlar atmağa çağırıb.

Çinin Xarici işlər naziri Wang Yi Şimali Koreya və ABŞ-ı “daimi sülh rejiminin qurulması üzərində və (Koreya) yarımadasında tam nüvəsizləşmə üçün mümkün yol xəritəsi” işləməyə dəvət edib.

Şimali Koreya bu ilin sonuna qədər ABŞ-a ölkəsinin nüvə arsenalına dair danışıqlarda yeni güzəştlər təklif etmək və rəqiblər arasındakı gərginliyi azaltmaq üçün vaxt vermişdi. Bu addımların atılmadığı təqdirdə Vaşinqton üçün “Milad hədiyyəsi” ediləcəyi xəbərdarlığı edilmişdi.

“Sürprizin nə olduğunu öyrənəcəyik və bununla məşğul olacağıq”,- Tramp Mar-a-Lago kurortunda jurnalistlərə deyib: “Nə olacağını görəcəyik”.

“Bəlkə də bu, gözəl hədiyyədir”,- o bildirib: “Bəlkə raket sınağından fərqli olaraq mənə gözəl bir vaza göndəriləcək?!”

Xəbərdarlıq edərkən Şimali Koreya Vaşinqtonu Trampın gələn il təkrar seçki maratonu öncəsi nüvəsizləşdirmə danışıqlarını uzatmağa çalışmaqda günahlandırıb və milad hədiyyəsinin nə olacağının tamamilə ABŞ-a bağlı olduğunu bildirib.

ABŞ hərbi komandirləri bildirib ki, Şimali Koreyanın cavabı 2017-ci ildən bəri nüvə bombası sınaqları ilə yanaşı Şimali Koreyanın dayandırdığı uzun mənzilli raketin sınağı ola bilər.

Tramp dəfələrlə Şimali Koreya ilə siyasətin uğurlu işləməsinin sübutu olaraq raket sınaqlarının dayandırılmasını göstərib.

Ana səhifəDünyaABŞ Şimali Koreyanın “Milad hədiyyəsi” ilə baş etməyə hazırdır