ABŞ prezidentləri: maraqlı faktlar

O, qətlə yetirilən Mak-Kinlinin yerinə 1901-ci ildə prezident keçərkən 43 yaşına 43 gün qalırdı.

Foto: Meydan Tv


Dövlət başçısının iki dəfədən artıq seçilməməsi əsası ilk prezident Corc Vaşinqton tərəfindən qoyulan ənənə olub

Noyabrın 3-də Amerika Birləşmiş Ştatlarında 59-cu prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar oxuculara maraqlı ola biləcək bəzi faktları bölüşmək istədim.

ABŞ qanunlarına görə, prezident olmaq üçün sadəcə 3 şərtə uyğun gəlmək lazımdır. Anadangəlmə ABŞ vətəndaşlığı (bu, ABŞ yaranmamışdan öncə anadan olanlara aid deyildi, 1-7 və 9-cu prezidentlər daha əvvəl anadan olublar), ən azı 35 yaş və ən azı 14 il ölkə ərazisində yaşamaq. Başqa şərtlər – məsələn, bizdə olduğu kimi ali təhsil – yoxdur.

İndiyə qədər cəmi 44 nəfər Birləşmiş Ştatlarının prezidenti seçilib. Onlardan yalnız bir nəfər – Qrover Klivlend arada fasilə ilə iki dəfə (1885-1889 və 1893-1897-ci illərdə) prezident olub və ölkənin həm 22-ci, həm də 24-cü prezidenti sayılır. Buna görə də prezident olan şəxslərlə prezidentlik saylarında kiçik fərq var. Məsələn, Donald Tramp ABŞ prezidenti olan 44-cü adamdır, amma 45-ci prezidentdir.

Dövlət başçısının iki dəfədən artıq seçilməməsi əsası ilk prezident Corc Vaşinqton tərəfindən qoyulan ənənə olub. Bəzi prezidentlər bu ənənəni pozmaq istəsələr də (məsələn, Uliss Qrant, Vudro Vilson) ), belə hal 1940-cı ilə qədər davam edib. Yalnız həmin il Franklin Delano Ruzvelt üçüncü müddətə namizədliyini irəli sürüb və seçilib. Üstəlik, 1944-cü ildə dördüncü dəfə seçilib, lakin qısa müddət sonra vəfat edib.

Ruzvelt nümunəsinin gələcəkdə diktaturaya apara biləcəyindən ehtiyat edən amerikalılar 1951-ci ildə konstitusiyaya iyirmi ikinci dəyişiklik etdilər və prezident vəzifəsini iki dəfədən artıq tutmaq qadağan olundu. Həmin dəyişikliyə görə, əgər vitse-prezident iki ildən çox prezident vəzifəsini icra edərsə, yalnız bir dəfə, iki ildən az icra edərsə, yenidən iki dəfə prezident seçilə bilər. Başqa sözlə, maksimum 10 il ABŞ prezidenti olmaq mümkündür.

Corc Vaşinqtonun ilk andiçməsi 1789-cu il aprelin 30-da keçirilib. Bundan sonrakı 140 il (1793-1933) ərzində prezidentlərin inauqurasiyası martın 4-də baş tutub. Konstitusiyaya 1933-cü ildə edilən iyirminci dəyişiklikdən sonra inauqurasiya günü yanvarın 20-nə təyin olundu və 1937-ci ildən bəri həmin gün keçirilir.

İndiyə qədər bütün prezidentlər (eləcə də vitse-prezidentlər) kişi cinsinə və Barak Obama istisna olmaqla ağ irqə mənsub olublar. F.D.Ruzvelt bu vəzifəni ən uzun müddət icra edən şəxsdir – 12 il 1 ay və 8 gün. Ən az müddət prezident olan isə Uilyan Harrisondur. 1841-ci il martın 4-də baş tutan andiçmə zamanı iki saat nitq söyləyən Harrison möhkəm soyuqlayır və düz bir ay sonra, aprelin 4-d vəfat edir.

Uilyam Harrison həm də vəzifə başında ölən ilk prezident idi. Ondan sonra daha yeddi həmkarı belə bir aqibətlə üzləşib. Onlardan dördü qətlə yetirilib (Avraam Linkoln, Ceyms Qarfild, Uilyam Mak-Kinli və Con Kennedi), üçü isə öz əcəllərilə vəfat edib – Zaxari Teylor, Uorren Hardinq və artıq xatırladığımız Franklin Ruzvelt). Daha bir prezident – Riçard Nikson isə istefa verən (Uotorgeyt qalmaqalı) yeganə ABŞ prezidenti kimi şübhəli şöhrətə malikdir.

Niksonun 1974-cü ildəki istefası daha bir hadisə ilə əlamətdardır. Belə ki, ondan daha əvvəl vitse-prezident Spiro Aqnyu maliyyə maxinasiyaları ittihamı ilə istefa vermiş, onun yerini Niksonun təyinatı və konqressin hər iki palatasının təsdiqi ilə Cerald Ford tutmuşdu. Niksonun özünün istefasından sonra isə Ford prezident oldu. Beləliklə, o, ABŞ tarixində xalqdan nə prezident, nə vitse-prezident kimi səs almadan prezident olan ilk və bugünə qədər yeganə şəxs oldu.

Ümumiyyətlə, 14 nəfər prezident olmazdan öncə vitse-prezident olub. Onlardan 13-ü bilavasitə vitse-prezidentlikdən prezidentliyə atılıblar. Yalnız Riçard Niksonun vitse-prezidentliyi ilə prezidentliyi arasında 8 il (1961-1969) fasilə var. Nikson yeganə şəxsdir ki, iki dəfə vitse-prezident və iki dəfə prezident seçilib. 14 nəfərdən doqquzu prezidentin vəfatı səbəbindən onun vəzifəsini tutub.

Bundan əvvəlki məqaləmdə ABŞ-da prezident seçkilərinin ikimərhələli olduğunu qeyd etmişdim. Hər ştat öz əhalisinin sayına uyğun olaraq seçimçi seçir. Bu baxımdan bu il noyabrın 3-də əslində prezident deyil, seçimçilər seçiləcəklər. Sonuncular isə dekabrın 14-də prezidenti seçəcəklər. Amma bu formal prosedur sayılır.

1964-cü ildən etibarən seçkilərdə 50 ştat və paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi iştirak edir, 538 seçimçi seçilir. Prezident olmaq üçün ən azı 270 seçimçinin səsini qazanmaq lazımdır. Ən çox seçimçi Kaliforniya (55), Texas (38), Nyu-York (29) və Florida (29) ştatlarında seçilir. Altı ştat və Kolumbiya dairəsi ən az seçimçi seçirlər: hər biri 3.

Ştatda qalib gələn namizəd hansı fərqlə udmasından asılı olmayaraq bütün seçimçiləri qazanır. Məsələn, 2000-ci il seçkilərində Florida ştatında altı milyona yaxın seçicinin iştirak etdiyi seçkini kiçik Buş 537 səs (0,01%) üstünlüklə uddu və ştat üçün ayrılan 25 seçimçinin hamısının səsini qazandı. Məhz həmin 537 səs hesabına Buş toplam 271 seçimçi əldə edərək prezident oldu.

Belə sistem daha çox seçici səsi toplayan namizədin daha az seçimçi qazanmasını və seçkini uduzmasını mümkün edir. ABŞ tarixində belə hal beş dəfə olub – 1824, 1876, 1888, 2000 və 2016 seçkilərində. Bundan əlavə, sayca daha çox ştatda qələbə çalan namizədin seçkiləri uduzması halına da iki dəfə rast gəlinib.

1960-cı ildə Riçard Nikson 26 ştatda, Con Kennedi isə 22 ştatda qalib gəldi. Buna baxmayaraq, seçimçilərin sayında Kennedi öndə idi: 303 səs 219 səsə qarşı. 1976-cı il seçkilərində də Cerald Ford 27 ştatda, onun rəqibi Cimmi Karter isə 23 ştatda və Vaşinqton dairəsində qalib gəldi. Amma Karter 297, Ford isə 241 seçimçi qazandı. Çünki həm Kennedi, həm də Karter daha çox əhalisi olan və daha çox seçimçi verən ştatlarda qalib gəlmişdilər.

2000-ci il seçkilərindən etibarən Men və Nebraska ştatları bir qədər fərqli sistem tətbiq edirlər. Men ştatında iki seçki dairəsi var və dörd seçimçi seçilir. Nebraskada isə üç dairə var və beş seçimçi seçilir. Dairədə qələbə çalan namizəd bir seçimçi qazanır. Ümumilikdə ştat üzrə daha çox səs toplayan namizəd isə daha iki seçimçinin səsini əldə edir.

Məsələn, adətən demokratlara səs verən Men ştatında 2016-cı ildə Tramp bir dairədə seçkini uddu və bir seçimçi qazandı. Digər dairədə seçkini Hillari Klinton uddu. Xanım namizəd ştat üzrə də daha çox səs topladığından daha iki seçimçi və toplam üç seçimi qazandı. Respublikaçıların qalası olan Nebraskada isə yalnız 2008-ci ildə Obama bir dairəni udaraq bir seçimçi qazandı. Qalan iki dairədə və ümumilikdə ştat üzrə qələbə çalan Makkeyn isə dörd seçimçi qazandı.

Ən gənc yaşda prezident Teodor Ruzvelt olub. O, qətlə yetirilən Mak-Kinlinin yerinə 1901-ci ildə prezident keçərkən 43 yaşına 43 gün qalırdı. Seçilmiş ən gənc prezident isə Kennedidir. Vəzifəsinin icrasına başlayarkən anadan olmasından təxminən 43 il 8 ay keçirdi. Ondan sonra Bill Klinton gəlir – 46 il 5 ay.

Ən qoca yaşda ilk müddətə prezident seçilən indiki dövlət başçısı Donald Trampdır – 70 il 7 ay. Ronald Reyqan ikinci müddətə prezident seçiləndə 74 yaşının olmasına 17 gün qalırdı. Bu rekord indiki seçkilərdə təzələnəcək. Çünki hər iki namizədin yaşı daha çoxdur.

Corc Vaşinqton istisna olmaqla bütün prezidentlərin partiya mənsubiyyəti olub. Bundan əlavə, vəfat edən Uilyam Harrisonun yerinə prezident olan Con Teylor viqlər partiyasının üzvü idi. Amma hakimiyyətdə olduğu müddətdə öz partiyasının təşəbbüslərinin əleyhinə o qədər çıxdı ki, partiyadan qovuldu və prezidentliyinin bir hissəsini bitərəf kimi keçirdi.

Tarix boyu beş partiyanın namizədi ABŞ prezidenti seçilib. 1852-ci il seçkilərindən etibarən isə prezident ya demokratlar, ya da respublikaçılar olurlar. Ümumilikdə 16 demokrat və 19 respublikaçı prezident olub. İqtidar illəri isə eynidir: Hər partiya 92 il hakimiyyətdə olub. Dalbadal ən uzun müddətli iqtidar rekordu demokratlara məxsusdur. Onlar 1933-1953-cü illərdə 20 il fasiləsiz hakimiyyətdə olublar. Respublikaçıların tarixində isə iki 16 illik parçalar var: 1869-1885 və 1897-1913-cü illər.

Ata və oğulun prezident olması halına iki dəfə rast gəlinir. ABŞ-ın ikinci prezidenti (1797-1801) Con Adamsın oğlu Con Kuinsi Adams 1825-1829-cu illərdə prezident olub. 1989-1993-cü illərdə prezident olan Corc Buşun eyniadlı oğlu isə 2001-2009-cu illərdə prezident olub. Teodor Ruzvelt və Franklin Ruzvelt isə uzaq qohumlardır.

Martin van Buren (1837-1841) yeganə prezidentdir ki, doğma dili ingilis dili olmayıb (niderland dili olub). O, həmçinin ABŞ dövləti yaranandan sonra anadan olan ilk prezidentdir. Franklin Pirs (1853-1857) XIX əsrdə, Con Kennedi isə XX əsrdə doğulan ilk prezidentdir. Kennedi həmçinin xristianlığın katolik məzhəbinə məxsus yeganə prezidentdir.

İndiyə qədər fəaliyyətdə olan prezidentlər 32 dəfə namizədliklərini təkrar irəli sürüblər. Bunlardan 22-də qalib gəliblər, 10-da isə məğlub olublar. Sonuncu məğlubiyyət 1992-ci il seçkilərində baş verib. Ata Buş seçkilərdə Bill Klintona uduzdu. 1912-ci il seçkilərində prezident Uilyam Taft üçünçü yer tutdu. Bu, ABŞ tarixində yeganə analoji haldır.

Adətən prezidentlərin uduzması ciddi daxili və ya xarici problemlərlə bağlı olur. Məsələn, Taftın uduzması respublikaçılar partiyasında baş verən parçalanma səbəbindən idi. “Böyük depressiya” adını alan iqtisadi böhran 1932-ci il seçkilərində prezident Huverin məğlubiyyətinə səbəb oldu.

İran İslam inqilabından sonra yaşanan “girov böhranı” və uğursuz xilasetmə əməliyyatı 1980-ci il seçkilərində Cimmi Karterin sarsıdıcı məğlubiyyətinə səbəb oldu. Prezident yalnız 6 ştatda və Kolumbiya dairəsində qalib gəldi (49 seçimçi). 44 ştat isə rəqibi Ronald Reyqanı dəstəklədi (489 seçimçi).

Reyqan növbəti seçkilərdə demokratların namizədi Uolter Mondeylə daha əzici üstünlüklə qalib gəldi. Mondeyl yalnız ö doğma ştatı Minnesotada minimal üstünlüklə (0,18%) və Kolumbiya dairəsində qalib gələrək 13 seçimçi qazandı. Reyqanın seçimçiləri isə 525 idi və bu prezident seçkiləri üçün rekorddur. Seçici səsi baxımından rekord isə Barak Obamaya məxsusdur. 2008-ci il seçkilərində o, 69,5 milyon seçicinin səsini topladı.

1920-ci il seçkilərində respublikaçı Uorren Hardinq seçicilərin 60,3%-nin səsini toplayaraq, 34,1% səs toplayan demokrat rəqibi Ceyms Koksu 26,2% üstünlüklə məğlub etdi. Bu seçkilər tarixində ən böyük faiz fərqi sayılır. Say baxımından rekord üstünlük Riçard Niksona məxsusdur. O, 1972-ci ildə öz rəqibi Makqoverndən 18 milyon çox səs topladı.

1936-cı il seçkilərində 523 seçimçi qazanan Franklin Ruzvelt isə 8 seçimçi qazanan respublikaçı rəqibi Franklin Noksu 515 səs fərqilə qabaqladı. Bu da seçimçi sayı baxımından rekord fərq sayılır. 1984-cü ildə Reyqan bu fərqə çox yaxınlaşdı – 512. Ən kiçik seçimçi fərqi isə 1876-cı il seçkilərinə aiddir. Respublikaçı Rezerford Heys 185, demokrat Samuel Tilden isə 184 seçimçi qazandılar. Ümumiyyətlə, həmin seçkilər ABŞ tarixində ən mübahisəli və kirli seçkilər sayılır.

ABŞ seçkilərinin daha bir özəlliyi də “sadiq ştatlar” mövzusudur. Məsələn, Kolumbiya dairəsi seçkilərdə iştirak etdiyi 1964-cü ildən bəri 14 seçkinin hamısında əzici çoxluqla demokratlara səs verib. Son üç seçkidə demokratların burada topladıqları səs 90%-dən çoxdur. Hətta Ronald Reyqan özünün müzəffər 1984-cü il seçkilərində həmin dairədə cəmi 13,73% səs topladı.

Minnesota ştatında son 11 seçkilərdə yalnız demokratlar qalib gəlib. Nyu-York, Massaçusets, Oreqon, Rod-Aylend, Vaşinqton və Havayda son 8, Vermont, Delaver, Kaliforniya, İllinoys, Konnektikut, Merilend, Men və Nyu-Cersidə son 7 seçkilərdə demokratlar üstün olublar.

Respublikaçıların da alınmaz qalaları var. Kanzas ştatı son 20 seçkilərdə yalnız bir dəfə – 1964-cü il seçkilərində respublikaçı namizəd Barri Qoldouterin nüvə silahı ilə bağlı davakar ritorikasını dəstəkləməyib. Qalan 19 seçkidə respublikaçıları seçib. Alyaska ştatı da seçkilərə qatıldığı 1960-ci ildən bəri yalnız bir dəfə (həmin 1964-cü ildə) demokratlara, 14 dəfə respublikaçılara səs verib. Arizonada son 17 seçkidə 16 dəfə (1996-cı il istisna) respublikaçılar qalib gəliblər.

Aydaho, Nebraska, Oklahoma, Cənubi Dakota, Şimali Dakota, Vayominq və Yuta ştatları 13 seçkidir ki, respublikaçılara səs verirlər. Alabama, Missisipi, Texas və Cənubi Karolinada da respublikaçılar son 10 seçkilərdə uduzmurlar.

Ohayo ştatı isə son 31 seçkidə (1896-2016) yalnız iki dəfə prezidenti düz müəyynləşdirməyib – 1944 və 1964-cü illərdə. Qalan 29 halda Ohayo ştatında seçkiləri udan şəxs ölkə prezidenti olur. Son 13 seçkidə də belə olub.

Hazırda dörd eks-prezident həyatdadır: Cimmi Karter, Bill Klinton, oğul Buş və Barak Obama. 96 yaşlı Karter ən uzunömürlü prezidentdir. Üstəlik, eks-prezident statusunda ən çox yaşayan prezidentdir – 2021-ci ilin yanvarında vəzifədən getməsindən 40 il ötəcək. Ən gənc yaşda vəfat edən isə Con Kennedidir. Dallasda qətlə yetirilərkən onun yaşı 46 il 6 ay idi.

ABŞ-da ölkənin 5 və ya 10 ən yaxşı prezidenti müəyyən etmək üçün mütəmadi sorğular keçirilir. Adətən nəticələr arasında ciddi fərqlər olmur. Daha çox rast gəlinən fikrə görə, Avraam Linkoln, Franklin Ruzvelt, Corc Vaşinqton, Teodor Ruzvelt və Tomas Cefferson ABŞ tarixinin beş ən yaxşı prezidenti hesab olunurlar. Ceyms Byukenen, Uorren Hardinq, Endrü Conson, Franklin Pirs, Con Teylor, Millard Fillmor, Herbert Huver, Zakari Teylorun adları isə ən pis prezidentlər siyahısında daha tez-tez çəkilir.

Ana səhifəXəbərlərABŞ prezidentləri: maraqlı faktlar