ABŞ niyə Əfqanıstandan çıxdı?

Ən dəhşətli xarici güc belə, daxildəki korrupsiya və yarıtmaz idarəçilik qədər dağıdıcı deyil

Foto: Meydan TV


Ən dəhşətli xarici güc belə, daxildəki korrupsiya və yarıtmaz idarəçilik qədər dağıdıcı deyil

Bir neçə saat öncə Əfqanıstanın paytaxtı Kabili ələ keçirən Taliban silahlılarının yayımladığı bir videonu izlədim. Video Əfqanıstan hakimiyyətinin orta ranqlı bir məmurunun evindən çəkilmişdi. Orta əsr ərəb memarlığı üslubunda, qızılı ornamentlərlə işlənmiş, dəbdəbəli əşyalarla bəzədilmiş malikanə orta ranqlı bir əfqan məmurun bulaşdığı korrupsiyanın miqyasını açıq şəkildə ortaya qoyurdu. Bu, hələ orta ranqlı bir məmurun sahib olduğu ev idi. Daha yüksək səviyyələrdə hansı miqyasların olduğunu təxminən təsəvvür etmək mümkündür.

Bilməyənlər üçün qısa qeyd: ABŞ 2001-ci ildən bu tərəfə Əfqanıstana 2 trilyon dollardan artıq pul xərcləyib. Bunun yarıdan bir az artığı hərbi xərclərdir. Qalanı isə Əfqanıstanın iqtisadiyyatına, təhsilinə, dövlət idarəçiliyinə və islahatlara xərclənib. Necə xərcləndiyi göz qabağındadır.

1945-ci ildə, II Dünya Müharibəsinin üç məğlub dövləti, Almaniya, İtaliya və Yaponiya darmadağın edilmişdi. Almaniyanın bir çox şəhəri yer üzündən silinmiş, Yaponiyaya 2 atom bombası atılmışdı. Uzunmüddətli ağır müharibə və müttəfiq bombardımanları bu ölkələrin sənayesini sındırmışdı. Bu iki dövlət, eləcə də nisbətən az zərər görsə də, Almaniya və Yaponiya kimi qeyd-şərtsiz təslim olmuş İtaliya acınacaqlı vəziyyətdə idi. Amerika Marşal proqramı əsasında bu dövlətlərdə yenidənqurma proqramı başlatdı. Bilinənin əksinə, Marşal proqramının şərtləri o qədər də yumşaq deyildi. Hətta, məğlub Almaniyada, eləcə də ABŞ-ın özündə bu proqramla bağlı mübahisələr var idi. Lakin yekunda bu dövlətlər Marşal planında iştirak etdilər. Almaniya toplam 12 milyard dollar aldı. Günümüzün pulu ilə 300 milyard dollar. İtaliya 8 milyard (200 milyard) dollar. Yaponiya 9.6 milyard (240 milyard).

Müharibədən 5 il sonra Almaniya (Qərbi) və Yaponiya müharibədən əvvəlki vəziyyətə gəlib çatdılar. İtaliya isə 10 ildən sonra.

Bəs bunu necə bacardılar? Dəmir intizamla, sərt inzibati idarəçiliklə. Ən əsası isə ayrılan vəsaitlər səliqəylə xərcləndi. Kiçik istisnaları çıxsaq, heç kim oğurlamadı. Müharibədən çıxan ölkələrin vətəndaşları birlik oldular, soyuq müharibənin ayaq səslərinin eşidildiyi gərgin ortamda var güclərini yeni ölkə inşa etməyə sərf etdilər. Rəhbərlər də milli maraqlar nağılı uydurub, ayrılan pulları mənimsəmədilər.

Almaniya (Qərbi) bərpa prosesinin ilk 3 ilində 3 işğal zonasına bölünmüş, hətta 1 qutu siqaretə bədənin satıldığı bir ölkə idi. Amma bacardılar. Müasir Almaniyanın təməllərini müharibədən rüsvayçılıqla və mənəvi böhranla çıxmış həmin nəsil atdı. Tarixdəki ən möhtəşəm yenidənqurmanı həyata keçirdilər. 3-cü dəfə təkrar edirəm, çünki heç kim oğurlamadı.

İndi qayıdaq, Əfqanıstana. Ya da hələlik qayıtmayaq, başqa örnəklər də var. ABŞ-ın yenidənqurmasının uğurlu olduğu başqa bir ölkə, Cənubi Koreyadır. Amansız müharibədən, 20 illik sərt hərbi diktaturadan sonra sürətlə demokratikləşən və sənaye dövlətinə çevrilən Cənubi Koreyanın da uğurunun səbəbi, idarə edənlərin oğurlamaması idi.

Başqa bir misal. Balkan müharibəsi. Müsəlman Bosniya və xristian Serbiya. Bir-birinin xirtdəyindən ölümcül şəkildə yapışan bu iki ölkəyə ABŞ yardımları Əfqanıstandan qat-qat az olsa da, demokratiya və şəffaf idarəçilik bu ölkələri bugünkü inkişaf səviyyəsinə çatdırdı. Bu iki xalqın bu gün çatdıqları inkişaf səviyyəsi ona görə mümkün oldu ki, azsaylı istisnalarla, idarə edənlər ayrılan yardımları basıb yemədi, oğurlamadı, təyinatı üzrə xərcləndi pullar.

İndi deyəcəksiz ki, ABŞ-ı mələk kimi göstərmə. Göstərmirəm. ABŞ qətiyyən mələk deyil. Həm də heç deyil. Amma məsələ ABŞ-dadırsa, eyni ABŞ-ın müharibədə darmadağın etdiyi və ya yenidənqurma başlatdığı ölkələr arasında niyə bu qədər böyük uçurum olduğu sizə maraqlı deyilmi?

ABŞ-ın dünya siyasətinin lideri olduğu II Dünya Müharibəsindən bugünədək ən böyük hüsranı şübhəsiz ki, Vyetnam müharibəsidir. ABŞ-ın 550 min əsgərini yeritdiyi, II Dünya Müharibəsində bütün dövlətlərin bütün dövlətlərə atdığından daha çox bombanı kiçik bir ölkəyə atdığı bu müharibədəki və cənubda qurduğu yenidənqurma prosesindəki uğursuzluğunun səbəbi nə idi? Şimali Vyetnamın ölümünə döyüşən, fədakarlığın möcüzələrini göstərmiş, mükəmməl təchizat xətləri quraraq ABŞ kimi supergücü iflic etmiş gerillalarının zəhmətini kiçimsəmədən, deyə bilərik ki, cənubdakı müttəfiq zay idi. Əvvəlcə Nqo Din Dyöm, ardınca isə Txieu hökumətləri xirtdəyəcək korrupsiyaya bulaşmış, komfortlu həyata və oğurlamağa öyrəncəli olan haramzadalarla dolu idi. Onlara investisiya etmək bəribaşdan uduzmaq idi. ABŞ sistemi azacıq dəyişmək istəyəndə isə hər şey nəzarətdən çıxdı. Çox sonralar, həmin dönəmdə ABŞ prezidenti olan Lindon Conson da bunu etiraf edəcəkdi…

Keçək başqa bir uğursuz yenidənqurma nümunəsinə. İraq. Deyirdilər, ABŞ İraqa neft üçün girib. ABŞ bu ölkəyə müharibə xərcləri daxil 6 trilyon dollar xərclədi. İraq xalqı 100 il yeməsə, içməsə, nefti çıxarıb amerikalılara versə, bu məbləğin heç yarısı eləmir.

Bəs bu nağılı kim uydurmuşdu? İraqdakı, eləcə də dünyadakı korrupsionerlər.

Məsələn, İraqın rüşvətxor idarəçiləri, mollalar və ordu. İraqa xərclənən 6 trilyonun təxminən 1 trilyonu orduya və yenidənqurmaya getməliydi. Getmədi. Sadə iraqlılar Səddamın dövründəkindən daha pis yaşadılar. Niyə? Çünki pul isteblişmentin, mollaların və ordudakı korrupsionerlərin cibinə axdı. İŞİD-in qarşısından qaçan çəlimsiz əsgərlər yarım trilyon xərclənmiş orduya oxşayırdımı? Hiss olunurdumu onlara edilən investisiya? Əlbəttə, yox. Çünki bu pulun böyük hissəsi kabinetlərdə yeyilmişdi.

Əfqanıstan da həmçinin. Xirtdəyə kimi korrupsiyaya bulaşmış idarəçilər, gələn yardımları bölüşdürüb yedilər, Taliban isə dayanmadan təşkilatlandı, gücləndi. Və gözəl olmayan günlərin birində ABŞ tüpürüb getmək qərarı verəndə, ən müasir hərbi texnikayla silahlanmış Əfqanıstan ordusu, avtomatla döyüşən taliblərin qarşısında yesir gününə düşdü. Günah kimdədi? Amerikada?

Amerikanın Əfqanıstandan çıxması böyük tarixi səhvdir. Regionda vakuum yaranacaq ki, bu vakuumu doldurmaq uğrunda böyük güclər arasında mübarizə qızışacaq. Və əminliklə deyə bilərik ki, regionu heç də xoş günlər gözləmir. Lakin bir şeyi dərk etməliyik ki, bütün bəlaların baiskarı olan "günah keçisi" axtarıb tapmaq və hər şeyi ona yükləmək, gələcək faciələrdən sığortalamır.

“Əşşi, Amerika alçaqdı” deyib, məsuliyyəti kənar güclərə yükləmək günü yola verməyə yaraya bilər, amma uzunmüddətli perspektivdə faciəli nəticələrə səbəb olacaq. Ən dəhşətli xarici güc belə, daxildəki korrupsiya və yarıtmaz idarəçilik qədər dağıdıcı deyil.

Ana səhifəXəbərlərABŞ niyə Əfqanıstandan çıxdı?