Abid Şərifov: İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Abid Şərifov
Abid Şərifov


”Yanğın vaxtı bir həkim ölüb. Ancaq o, xəstəyə baxan həkim olmayıb”

Martın 2-də Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın gündəmin əsas müzakirə predmetidir.

Martın 3-də, şənbə günü prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının ilk iclası keçirilib.

Toplantıdan sonra Azərtac-a

açıqlama

verən komissiyanın sədri Abid Şərifov bildirib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i ölüb. Qalan 30 nəfər isə xilas edilib:

“Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Yanğın vaxtı bir həkim ölüb. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub. Ölən 25 nəfərdən yalnız biri pensiyaçıdır.”.

Komissiyanın ilk iclasında müzakirə olunan məsələlərdən danışan Abid Şərifov bildirib ki, ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar artıq dəfn olunub. Qalanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar və onların da şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb.

Komissiya sədri deyib ki, vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır:

“Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik. Cənab Prezidentin tapşırığına uyğun olaraq, görülən işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə araşdırmalar aparılır. Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın. Hazırda Narkoloji Mərkəzdə müalicə alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, – Prezidentin Sərəncamı ilə tanışsınız, – Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək”.

Komissiyanın sədri bəzi KİV-lərdə yanğınla əlaqədar əsassız iddialar səsləndirildiyini təəssüflə qeyd edib.

Martın 2-si saat 06.10-da Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində

yanğın

olub. Taxta konstruksiyadan ibarət olan birmərtəbəli korpusun yanması zamanı palatada olan 55 xəstədən 25-i yanaraq ölüb.

Olayla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Səhiyyə Nazirliyinin balansında olan narkoloji dispanser 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini çoxdan başa vurub.

Ana səhifəVideoAbid Şərifov: İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib