Abadlıq-quruculuq… dəllalları

Kim bilir, bəlkə, təsdiqini tapmayacaq…

Mənbə: Meydan TV


Bir abidə ətrafında nə qədər abadlıq-quruculuq işləri aparmaq olar?!

Aprelin 26-da qara maskalıların həbs etdiyi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alımpaşa Məmmədovu prezident aprelin 27-də imzaladığı sərəncamla vəzifəsindən çıxarıb, yəni DTX-nın fakt kimi ortaya qoyduğunu rəsmiləşdirib.

Aprelin 29-da isə Dövlət Təhlükəsizlik Xidməti Alimpaşa Məmmədovu niyə Şəmkirdən tutub Bakıya gətirməsiylə bağlı açıqlama yayıb. Ancaq DTX sadaladıqlarının əsaslı şübhələr olduğunu yazır: “..

.rayonda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib

”.

Bu açıqlama bir daha göstərir ki, Azərbaycan qanunlarla idarə olunur, təqsirsizlik prezumpsiyası hüququ rüşvət istəyən icra başçısına da tanınır; “tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilsə” də… Görünür, hüquq-mühafizə orqanlarında da yaxşı bilirlər ki, şübhələr hələ adamın cinayətkar olması anlamına gəlmir. O üzdən Səbail Rayon Məhkəməsində Alimpaşa Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçiblər ki, şübhələr əsaslı şəkildə araşdırılsın. Kim bilir, bəlkə, təsdiqini tapmayacaq…

Ancaq gəlin şübhələrə yox, faktlara əsaslanaraq yaxın tarixə kiçik bir ekskurs edək. Ölkə başçısı prezidentliyi dövründə Şəmkirdə 7 dəfə səfərdə olub ki, onun da 3-də İlham Əliyevi qara maskalıların tutub Bakıya gətirdiyi Alimpaşa qarşılayıb. Sonuncu qarşılanma bu il martın 3-də olub. Bu barədə prezident saytında və müxtəlif rəsmi mənbələrdə xəbər verilib, eləcə də qabaqkı səfərlərlə bağlı da yetərincə xəbər tapmaq olar. Ardıcıllığı izləyək:

“Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gəlmişdir. Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verdi”. (

10 sentyabr 2013

).

2014-cü ildən isə abidə ətrafında abadlıq-quruculuq işləri aparmaq estafeti Alimpaşa Məmmədova ötürülüb:

– Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı

Alimpaşa Məmmədov

abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi (

15 noyabr 2014

)

– Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı

Alimpaşa Məmmədov

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi (

20 avqust 2017

).

– Dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı

Alimpaşa Məmmədov

rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. (

03 mart 2020

)

Bu tipli informasiyalar prezidentin ölkənin bütün rayonlarına səfəri zamanı “Azərtac” vasitəsilə yayılır. Yalnız rayonların adları dəyişdirilir, qalan cümlələr eynidir. İndiki haldasa “abadlıq-quruculuq işlərini” şübhə altına almaq başqa şübhələrə yol açır…

Məsələn, prezidentliyi dövründə (o dövr indi də davam edir) İlham Əliyev 14 dəfə Qəbələyə səfərə gedib. Bu səfərlərdən 10-u indiki icra başçısı Səbuhi Abdullayevin (2010-cu ilin martından bu vəzifədədir) vaxtında olub. Hər dəfə də prezident atasının – Heydər Əliyevin abidəsi önünə gül qoyub, hər dəfə də icra başçısı heykəl ətrafında aparılan abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib:

“Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi”.

Ancaq bu məlumatlar illərlə nöqtə-vergülünə toxunmadan veriləndə İlham Əliyev bir yol da icra başçısından (başçılarından) soruşmayıb ki, bir abidə ətrafında nə qədər abadlıq-quruculuq işləri aparmaq olar?!

Soruşmayıb, o üzdən hər bir icra başçısının rəhbərlik etdiyi rayonda əsas işi “abadlıq-quruculuq”dur, həm də heykəl ətrafında. Bu işlərin hamısı korrupsiya mənbəyidir, bütün rayonlarda. Heç cavabdeh dövlət qurumları, Hesablama Palatası belə icra başçılarının “abadlıq-quruculuq” biznesini araşdırmayıb, qiymətləndirməyib.

Ara-sıra olan həbslər idarəetmədə islahat, “korrupsiya ilə amansız mübarizə” nümunəsi kimi çıxışlara, hesabatlara salınır, salınacaq…

İcra başçıları yerdəyişmə islahatıyla islah olunana, ölkəni “abad” edənə qədər!

P.S.Ölkədə islahat adına daha bir örnək. 2007-ci ilin aprelindən Lerikin icra başçısı olan, haqqında rayon sakinlərinin bir xoş söz demədiyi Rövşən Bağırovu prezident ötən ilin noyabrından başçısız qalan Ağsuya icra başçısı təyin edib. Yeri gəlmişkən, dövlət başçısı 2010-cu ilin iyununda Lerikdə olanda da ənənəyə sadiq qalıb:

“…əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət etdi. Prezident İlham Əliyev Heydər Əliyev meydanında aparılmış tikinti işləri ilə tanış



oldu”



.

Ana səhifəXəbərlərAbadlıq-quruculuq… dəllalları