”8 ayın əsgəri özünü niyə assın ki?”

Müşfiq Qaçayev qardaşının hərbi hissədə ölməsi hadisəsinin araşdırılmasını tələb edir


Müşfiq Qaçayev qardaşının hərbi hissədə ölməsi hadisəsinin araşdırılmasını tələb edir

“Qardaşım Mikayıl Qaçayevin avqustun 14-ü səhər saatlarında xidmət etdiyi hərbi hissədə intihar etdiyini dedilər və biz bu məsələnin həqiqətin aşkar edilməsi üçün araşdırılmasını istəyirik”.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bunu N saylı hərbi hissədə qulluq edən və intihar etdiyi deyilən əsgər Mikayıl Qaçayevin qardaşı Müşfiq Qaçayev bildirib.

“Biz bu məsələnin araşdırılmasını, hadisənin intihar olub olmadığını bilmək istəyirik. 8 ayın əsgəri özünü niyə assın ki? İyul ayında məzuniyyətə buraxılıb, sonra hərbi hissəyə qayıdıb. Psixi pozğunluğu olmayıb. Amma yenə də hərbi hissədən bizə deyilib ki, may ayında hansısa əsgər yoldaşı ilə dava edib və bu məsələ ilə hərbi prokurorluq maraqlanırmış”.

O deyib ki, bu məsələ ilə bağlı hərbi hissəyə çağırılsalar da atası xəstə olduğu, özü isə təsərrüfat işlərinə baxdığı və imkan olmadığı üçün gedə bilməyiblər.

“Bəlkə təzyiq olub, ya kimsə qorxudub. Buna görə deyirəm ki, məsələ araşdırılmalıdır ki, əsl səbəb ortaya çıxsın. Bizə deyirlər ki, qardaşım məktub yazıb qoyub. Məktubunda bu addıma görə valideynlərindən üzr istəyib. Amma qardaşım hərf belə tanımırdı, məktubu necə yaza bilərdi? Məktub olması barədə söz-söhbət gəzsə də hərbi hissə məktubu bizə göstərməyib”.

Müşfiq Qaçayev bildirib ki, qardaşı 2019-cu ilin yanvarından ilyarımlıq hərbi müddətə çağırılıb.

Bu məsələ ilə bağlı hələlik Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Ana səhifəXəbərlər”8 ayın əsgəri özünü niyə assın ki?”