50 İLLİK MÜVƏQQƏTİ NARAHATÇILIQ

Bu zaman Məhəmməd Füzulinin “hər nə gördüm, əyri gördüm, özgə halət görmədim” sözləri yalnız orta əsr İraqında deyil, müasir Azərbaycanda da çin çıxır.

Source: Meydan.tv


(Yubiley yazısı)

Əzəl başdan deyim ki, ömrümdə “narahat” sözünün sonuna peşə bildirən yersiz “çı” şəkilçisini birləşdirməmişəm. Nə də “kömək” sözünün sonuna tüfeyli “lik” şəkilçisini yamamışam. Yəni doğma dilimdə savadsız deyiləm.

Lakin professor Hacıbala Abutalıbovun və ilk növbədə onu yuxarıda saxlayan elmlər namizədi İlham Əliyevin birgə səylərinin nəticəsində Bakının təmir-tikinti sahəsini inhisara almış arkadaşların bisavadlığı ucbatından şəhərin əksər tikinti meydançalarını bəzəyən lövhələrdəki “müvəqqəti narahatçılığa görə üzr istəyirik” nəzakətli müraciəti diqqətsiz qoya bilməzdim. Odur ki, elə özüm də xalqımı “minmiş” bu qəribə şəxsin dil üslubuna keçib 1969-2019-cu illərdə tariximizə və gerçəkliyimizə hansı və necə möhürün vurulduğu barədə bir kaç kəlmə yazmaq istəyirəm.

Mövzunun aktuallığına işarəni səhər tezdən Biləcəri dəmiryol stansiyasına getmək üçün saat səkkizin yarısında evdən maşınla çıxıb xam xəyallarla yola düşməyim, Biləcəri girişində çıxılmaz tıxaca düşməyim, nicat yolu axtararaq Xırdalan istiqamətinə səmt almağım, orada da tıxac olduğunu görəndən sonra Şamaxı yoluna dönməyim və oradan şəhərin mərkəzinə tərəf üz tutmağım, nəhayətdə düz iki saatdan sonra dolana-dolana gəlib Sabunçu vağzalına varid olmağım verdi. Bu iki saat ərzində minlərlə, on minlərlə binəva vətəndaşın vaxtının əbəs yerə puç olmasını, minlərlə ton yanacağın əbəs yerə sərf edildiyini gördüm.

Bütün bu uzun yol boyu mən özümə bir sual verirdim: paytaxtda çoxzolaqlı yollara xərclənmiş milyardlarla dolların müqabilində nə üçün belə biabırçı vəziyyət yaranıb? Sualı verməyimə verirdim, lakin həmin andaca cavabını da verirdim: çünki işi bisavad, qeyri-peşəkar, məsuliyyətsiz və oğru adamlara tapşırıblar.

Savadlı və məsuliyyətli bir adama şəhər daxilində çoxzolaqlı yolun çəkilişini tapşırsaydılar, həmin adam əvvəl ətrafına peşəkar memarları, yolçəkənləri, təcrübəli DYP zabitlərini, şəhərsalma mütəxəssislərini toplayardı, sonra onlarla birlikdə müşahidə və araşdırma təşkil edərdi, müəyyənləşdirərdi ki, adam və maşın axınları haradan çıxıb haraya yönəlir, bu axın qarşıdakı 30-40 il ərzində hakimiyyətin gələcək üçün nəzərdə tutduğu inkişaf layihələri nəticəsində necə dəyişəcək və sairə. Yolun layihələşdirilməsi zamanı əsas diqqət ona yönəldiləcəkdi ki, bu insan və maşın axınında dar yerlər, tıxac yarada biləcək nöqtələr olmasın. Layihə mütləq əhali ilə geniş məsləhətləşmələrdən sonra təsdiq ediləcəkdi.

Lakin bizdə bu işi dediyim kimi etmədilər. Məsələni gizlicə, pərdə arxasında, dar çevrədə qərarlaşdırdılar. Qarşıda böyük pullların mənimsənilməsi vəzifəsi dururdu.

Mən bilmirəm, bu çoxzolaqlı yolları konkret kim çəkib. Yəni adını-soyadını bilmirəm. Sözün düzü, heç bilmək də istəmirəm. Lakin dəqiq bilirəm ki, yolu o, necə və kiminlə çəkib. Çünki Azərbaycanda bütün işlərimiz, bütün əyri və uğursuz işlərimiz eyni qəlib və eyni tövrdə görülür.

Deməli, yola ayrılmış məbləğ onun hesabına keçən kimi bu qanacaqlı və mərifətli adam ilk addım kimi “yuxarı”ya çatası məbləğı bankdan nağd götürüb və çatdırıb bu yağlı tikəni ona ayırmaq barədə sərəncamı imzalamış şəxsə. İkincisi, yığıb ətrafına bütün qohum-əqrəbasını və yolun tikintisinin hər bir hissəsini tapşırıb onların əvvəlcədən qeydiyyatdan keçirdikləri şirkətlərə. Bu zaman bu qohumlardan kiminsə dünən eşşək minməsi, kiminsə srağagün qoyun otarması, kiminsə ömrü boyu orta məktəbdə uşaqlara idman keçməsi, kiminsə universitet diplomunu dünən səhər alması heç bir əhəmiyyət daşımamışdır.

Bəli, əsas işləri görəndən sonra bu bəxtəvər insan pulun qalan hissəsini köçürmüşdür qohumların şirkətlərinə və hər bir şirkət işə götümüşdür bir dənə miyanə podratçını. O da yığmışdır iş və pul ardınca küçədə-bacada veyillənən bədbəxtləri, götürmüşdür icarəyə Baş Prokurorun “Akkord” şirkətindən maşın və mexanizmləri və düşmüşdür sovet vaxtı sovet mühəndislərinin çəkdikləri yollların üstünə… Genişləndirmişdir, torpaq təpələri qalaylayıb dikəlmişdir, beton dirəklərin üstünə beton plitələr düzüb körpü çəkmişdir…

Xülasə, bir şair lazımdır ki, bu məxluqatın əmək qəhrəmanlığını vəsf etsin. Bu qəhrəmanlığın nəticəsində bu məxluq və onun qohumları hərəsi bir villa tikib bir neçə lyuks avtomobil almışdır, yolun açılışına zati-aliləri gəlib lenti qayçılamışdır, yol açılmışdır sıravi vətəndaşların hərəkəti üçün və…

Və! Maşınlar düşmüşdür çıxılmaz tıxaclara, insanlar başlamışdır əvvəl deyinməyə, sonra pəsdən söyməyə, sonra ucadan söyməyə. Bir müddət söyüşlə hirslərini soyutmuşlar, lakin bir də yan-yörəyə diqqətlə baxandan sonra başlamışlar bu məhbubi-vətəndən əkilmək yollarını axtarmağa.

Azərbaycanda bütün işlərin beləcə əyri qurulduğunu hamı, ilk əvvəl imtiyaz sahiblərinin özləri və yaxınları, hamıdan əvvəl və hamıdan yaxşı bilir. Bilir və bu vəziyyətin dəyişməz qalması üçün əlindən gələni edir, çünki yalnız bu əyri vəziyyətdə onlar xalqın var-yoxunu belə rahatca və maneəsiz oğurlaya bilirlər.

Millətin başbiləni və qayğıkeş rəhbəri olmalı insanların böylə küt, tamahkar və millətə yad olmalarının da səbəbi və tarixi var. Bu tarix heç də 1920-ci ildən başlamır. Belə olsaydı Azərbaycan gərək əzəl başdan indiki Zimbabvenin və ya Sudanın kökündə olaydı. Lakin sosialist Azərbaycanı 1969-cu ildə indiki Zimbabveyə və ya Sudana əsla bənzəmirdi. İndi isə 2019-cu ildə, həm Zimbabveyə, həm də Sudana bənzəyir. Zimbabveyə insan hüquqları və ictimai münasibətlər sahəsində, Sudana isə ərazi bütövlüyü sahəsində bənzəyir.

Səbəb? Bəli, səbəb hakim siyasi sinfin zaylığında, bu zaylığın tədricən cəmiyyətin bütün qatlarına və təbəqələrinə sirayət etməsindədir.

Təsəvvür edin ki, naqis bir insan saf yeniyetmələri yoldan çıxarır və onlara natəmizlik, yalançılıq, dələduzluq və nəşəxorluq dərsləri keçir. Uzun müddət, illərlə, on illərlə, yarım əsr keçir. Vaxtilə saf olmuş yeniyetmələr gənc əyri adamlara, sonra cavan əyri kişilərə, sonra isə qoca qurumsaqlara çevrilirlər, elə özlərinə bənzəyən iki nəsil törədib yetişdirirlər. Nəticədə bütün cəmiyyət tədricən əyilir, onun saflığı itir, düzün yerini əyri, halalın yerini haram tutur. Bu zaman Məhəmməd Füzulinin “hər nə gördüm, əyri gördüm, özgə halət görmədim” sözləri yalnız orta əsr İraqında deyil, müasir Azərbaycanda da çin çıxır.

Bu məşum proses Azərbaycanda 1969-cu ildən başlamışdır və indiyədək aramsız davam edir. Cəmiyyətin immun sistemi sarsılmışdır və millət ölümcül xəstəliyə dəxi müqavimət göstərə bilmir, zəifləyir, sınıxır və bihal olur. Heç bir ciddi çağırışa cavab verə bilmir, fəsadların ziyanını anlamır, bəd taleyinin aqibətini görmür, hansısa Lazımın gələcəyi barədə bəsit, lakin işlək nağılllara inanır.

Həmin bu böyük məkr və hiylə ilə bəslənməyə başlamış xəstə və bivec hakim siyasi sinif ölkənin başının üstünü qara buludlar alanda, vətənin üstünə düşmən ayaq açanda zəmanənin çağırışlarına layiqli cavab verə biləcək hansısa layiqli bir addım atdımı? Öz sıralarından hansısa layiqli bir rəhbəri irəli sürə bildimi?

Kim idi layiqli rəhbər? Xalqa yad Əbdürrəhman Vəzirovmu? Anlaqsız və qətiyyətsiz Ayaz Mütəllibovmu? Cəmiyyətə özünün piyada olduğunu açıq etiraf etməkdən utanmayan Yaqub Məmmədovmu? Zəmanənin inteqral tənliklərini vurma cədvəli vasitəsilə həll etməyə çalışan cahil və gülünc Əbülfəz Əliyevmi? Moskvada Qarabağı Bakıdakı hakimiyyətə və neftə aşkar dəyişən Heydər Əliyevmi? Və ya indi ölkəni gizli sovet sexi tövründə idarə edən qlamurpərəst İlham Əliyevmi?

Başlanğıcını 1969-cu ildə götürən həmin bu məşum prosesin məntiqi sonluğu varlılarımızın pullarını xaricə qaçırması, xəstələrimizin İrana, naümid işsizlərimizin Rusiyaya və Avropaya üz tutması, heç bir vətəndaşın ölkədə qanunun mövcudluğuna inanmaması, erməni işğalçılarının bivecliyimizə arxayınlaşıb işğal etdikləri ərazini tədricən məskunlaşdırmağa başlaması, beynəlxalq bürokratiyanın Azərbaycanı ağzı açıq pul kisəsi hesab etməsidir.

Şəxsən mən vətənimin bu alçaldıcı vəziyyətindən utanıram. 1969-cu ildə mənim 23 yaşım var idi. Sıravi vətəndaş idim, məndən cox az şey asılı olsa da, mən özümü bu biabırçılığa görə, qismən də olsa, məsul sayıram. Odur ki, heç nədən çəkinmədən başımın üstünə bir lövhə qaldırıram və üstündə cəmi-əhli-Azərbaycana xitabən yazıram: “50 illik müvəqqəti narahatçılığa görə üzr istəyirəm”.

Ana səhifəXəbərlər50 İLLİK MÜVƏQQƏTİ NARAHATÇILIQ