30 illik Qarabağ münaqişəsi niyə sülhlə sonlanmadı?

30 illik Qarabağ münaqişəsi niyə sülhlə sonlanmadı?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə 2018-ci ilin iyun ayında Moskvada keçirilən futbol üzrə dünya çempionatında tanış olublar. 3 ay sonra isə Tacikistanda keçirilən MDB ölkələrinin dövlət başçıları iclasında tərəflər qısa görüş keçirib. Sonralar Paşinyan həmin görüşü xatırlayarkən o gün Əliyevlə “kiçik inqilab edərək, gərginliyi xeyli azaltdıqlarını deyirdi. Növbəti qarşılaşma isə 2019-cu ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən rəsmi görüşdə baş tutdu. Ard-arda keçirilən görüşlərin fonunda Qarabağ münaqişəsinin həlli barədə gözləntilər yaranmışdı. Lakin bu baş vermədi.

2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi başladı.

“Taleyə bir baxın… O vaxt yalınayaq, çılpaq qucağımızda qaçırtdığımız uşaqları yataqxana şəraitində min bir əziyyətlə böyütmüşük. İndi həmin uşaqlar qayıdıb döyüşərək torpaq alırlar. Kimisi sağ, kimisi yaralı, kimisi şəhid… Balalarımızın taleyinə baxın… Mən istəyərdim münaqişə sülh yolu ilə həll olsun. Dövlətlər hamısı bir yerə yığılsın, bu iki respublikanın münasibətləri bərpa olunsun, sülh yolu ilə torpağımız alınsın”.

Ağdam rayonundan məcburi köçkün olan Nigar Əsgərova sülh istəyində tənha deyil. Torpaqların Azərbaycanda dinc yolla qaytarılmasını istəyən gənclər sosial şəbəkələrdə “no war” – “müharibəyə yox” həştəqi ilə yazırlar. Lakin böyük əksəriyyət hərbini yeganə çıxış yolu kimi görür.

“Münaqişənin həlli deyəndə həm müharibə, həm də sülh yolu nəzərdə tutula bilər. Mən müharibəyə heç vaxt inanmamışam. Ona görə yox ki, müharibə ilə qələbə qazanmaq olmaz. Ona görə ki, düşünürəm, bu yolla bu qələbə bizə nə qədər baha başa gəlir, nə qədər insan itkisi olur”-sülh fəalı Arzu Abdullayeva deyir.

Bəs münaqişə ötən 30 ildə danışıqlar yolu ilə niyə həllini tapmayıb? ATƏT-in Minsk qrupunun uzun illər keçirdiyi görüşlər hansı səbəblərdən fayda verməyib?

Qarabağ münaqişəsi ilə bağlı tədqiqatçı Amerikalı jurnalist Tomas de Vaal bu haqda fikirlərini bölüşür:

“Biz bunun çətin münaqişə olduğu faktını bilirik. Hər iki tərəfin qarşılıqlı iddiaları var. 1994-cü ildə Ermənistan ordusunun qələbəsi baş tutdu. Ancaq Qarabağa hansı status veriləcəyi 1988-ci ildən bəri problem idi. Artıq daha demokratik olan iki ölkə arasında həlledici danışıqlar ola bilərdi. Ancaq Sovetlərdən bəri iki ölkə arasında müvafiq həll aparılmadı. Xüsusilə vurğulamaq istəyirəm ki, Vəfa Quluzadə ilə Ermənistan tərəfi arasında saatlarla aparılan danışıqlar düzgün format idi. Düşünürəm ki, xüsusilə Rusiya kimi üçüncü tərəflərə güvənmək hər zaman problemlidir. Bu problem həmişə Rusiyanın gündəmində var idi. Bu, sirr deyil ki, onlar rus sülhməramlılarını yerləşdirməklə, masada sülhü həll etmək istədilər. Amma rus strategiyası məğlubiyyətə uğradı. İndi görək nələr baş verəcək. Bəlkə də Rusiya və Türkiyə arasında danışıqlar olacaq, beləliklə, Orta Şərqdə Rusiya və Türkiyə arasındakı problemlər də danışılacaq”.

Münaqişə tərəfləri arasındakı danışıqlar iki formatda aparılıb. Track 1 dövlət səviyyəsində olan rəsmi danışıqlar, Track 2 isə xalq diplomatiyası adlandırılır. Ekspert danışıqlarında iştirak edən Əhməd Əlili razılaşmanın önünü kəsən maneələrdən danışır:

“Ermənistan tərəfi həmişə çalışıb ki, məsələni Track 2 səviyyəsində müzakirə etsin. Çünki Track 1 səviyyəsində – rəsmi danışıqlarda bəzi hüquqi bariyerlər vardı ki, onları keçə bilmirdilər. Onların 90-cı illərdən bəri atəşkəslə bağlı danışıqları məqsədi həmişə Qarabağın hazırki statusu saxlamaq olub”.

Xalq diplomatiyasında iştirak edən ermənistanlı jurnalist Yuri Manvelyan danışıqların nəticə verməməsində hökumətləri günahlandırır: “Deməli, 30 il insanlardan danışıqların mahiyyəti gizlədilib. Və təkcə danışıqların mahiyyəti deyil. Danışıqlar Azərbaycanda və Ermənistanda bu 30 il ərzində baş verənlərin ən əsas hissəsi olmayıb. 30 il Azərbaycanda və Ermənistanda çox konkret şeylər baş verib. Bunlar hakimiyyətin qəsbi, seçkilərin saxtalaşdırılması, məmuların varlanması olub. 30 il ərzində bütün bunlar baş verib. Bununla belə, insanlara hər şeyin xalq üçün, xalqın naminə edildiyini deyiblər və 30 ildir ki, insanların adından hansısa məsələləri həll etməyə haqları çatacaq hakimiyyət qurulmayıb”.

Tərəflərin imzaya ən yaxın olduğu vaxt 2007-ci ildə – Madrid prinsiplərini adlanan sülh planında olub. Plana görə Dağlıq Qarabağa daxil olmayan ətraf rayonlar Azərbaycana verilməli, Ermənistan ordusu münaqişə zonasından geri çəkilməli, bundan sonra isə Dağlıq Qarabağa veriləcək status müzakirə edilməliydi. Lakin az sonra bu plan da baş tutmayan digər cəhdlər arasında yer aldı. Bəs 30 ilə yaxın davam edən nəticəsiz danışıqların fonunda ümumən atəşkəsi davam etdirən ölkələr niyə məhz indi müharibəyə başladı?

“Mən düşünürəm ki, indiki halda sülhə ən böyük problem Paşinyanın son bir ildə verdiyi bəyanat və ümumi hərəkətləridir. Demək olar ki, o, əlindən gələni etdi ki, Azərbaycan tərəfi müharibəyə başlasın. Bu, həm 5 avqustda Dağlıq Qarabağda verilmiş olan bəyanatdır, yəni, Dalıq Qarabağın Ermənistan adlandırılmasıdır. Elə onun Qarabağa ardıcıl səfərləri, Şuşada yallı getməsi, Qarabağ ermənilərinin Şuşanı paytaxt etmək istəmələri haqda bəyanatları və s . Bundan başqa, Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Kapokyanın Azərbaycanın birinci xanımını Qarabağda muğam dinləməyə dəvət etməsi çox həssas məqama toxunmaq idi. Bütün bunlar Azərbaycan insanının heysiyyətinə toxundu və müharibə zərurət halını aldı”- beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili deyir.

“İndi bu qədər pul, Qarabağda göydən yağan bu qədər raket və bomba şəkilndə olan maddi vəsait heç vaxt həmin insanların daha yaxşı yaşaması üçün yağdırılmayıb. Həll olunmaq nə deməkdir? Qələbədən danışanda bu nə deməkdir? Oradakı polislər şahidləri döyəcək, ya döyməyəcək? Orada siyasi məhbuslar olacaq, ya olmayacaq? Orada mətbuat necə olacaq, qəzet necə olacaq? Orada ədalətsizliyə düçar olmuş insanın özünü müdafiə edə bilməsi üçün hansı imkanları olacaq? Azərbaycan həmin yerdir ki, orada insanlar gerçəkdən müdafiə olunmuş şəraitdə yaşayırlar? Yoxsa Ermənistan bu cür yerdir? Olmaya orada bütün problemlər çözülüb?”- jurnalist Yuri Manvelyan deyir.

Qarabağ uğrunda döyüşlər artıq 1 aydan çoxdur ki, davam edir. Azərbaycan ordusu bu müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib. Paytaxt Bakıda isə həm qələbə sevinci, həm də döyüşlərdə həlak olanların ağrısı yaşanır.

Döyüşlər dövründə ATƏT-in Minks qrupu vasitəsilə tərəflər arasında 3 dəfə atəşkəs razılaşdırılsa da, baş tutmayıb. Tədqiqatçı Tomas de Vaal düşünür ki, bu, Azərbaycanın danışıqlar prosesindən məyus olduğunu göstərir və ölkə artıq prosesə xaricdən nəzarətə inanmır.

Ana səhifəVideo30 illik Qarabağ münaqişəsi niyə sülhlə sonlanmadı?