27 may çevrilişi

Bu hərbi xunta parlamentin səlahiyyətlərini mənimsədi.

Foto: Meydan Tv


Çevrilişi həyata keçirən hərbçilər anlayırdılar ki, yüksək rütbəli liderləri olmasa, hakimiyyəti əllərində saxlamaq çətin olacaq

Bundan əvvəlki məqaləmizi 1960-cı il aprelin 18-də Türkiyə Böyük Millət Məclisində hakim Demokrat Partiyasının (DP) üzvü olan 15 deputatdan ibarət Təhqiqat Komissiyasının yaradılması ilə bitirmişdik. Aprelin 27-də Məclisdə komissiyanın “Vəzifə və səlahiyyətləri haqqındas Qanun” müzakirə olunurdu.

Həmin günlərdə Cənubi Koreyada seçkilərin saxtalaşdırılmasına etiraz olaraq kütləvi etiraz aksiyaları keçirilirdi. Qanlı toqquşmalar və 125 nəfərin ölümü ilə müşayiət olunan hadisələr etirazçıların qələbəsi ilə nəticələndi. TBMM-in sözügecən iclasından bir gün əvvəl Cənubi Koreya prezidenti Sınman Ri istefa verdi.

İndi Məclisdə müzakirələr zamanı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri İsmət İnönü çıxış edərkən Cənubi Koreya hadisələrini xatırlatdı: “Bir basqı rejimi qurulduğu zaman onu quranlar artıq müqavimət qalmayacağını zənn edərlər. Bizdəki basqı rejimini quranlar da elə zənn edirlər. Basqı tərtibçiləri bilsinlər ki, türk milləti Koreya millətindən daha az ləyaqətli deyildir”. Bu sözlər parlament çoxluğunun kəskin narazılığına səbəb oldu. İnönüyə Məclisin 12 iclasında iştirak qadağası qoyuldu. Üstəlik, mətbuata bu çıxışı yayınlamaq qadağan edildi. Cəzaya etiraz edən CHP qrupu parlamenti tərk etdi.

Ertəsi gün İstanbul universitetinin hüquq fakültəsinin tələbələri ölkədəki diktatura meyllərinə etiraz olaraq tələbə şəhərciyi ərazisində toplaşdılar və “Rədd olsun diktatorlar”, “Hürriyyət istəyirik” şüarları səsləndirdilər. Polisin müdaxiəsi sərt oldu. Avtomobillərini birbaşa tələbələrin üstünə sürdülər, sonra dəyənəklər işə düşdü, gənclər yerlərdə sürüdüldü. Universitetin rektoru Siddik Sami Onar polisin qarşısını kəsmək istərkən özü də yumruqlandı, təhqir olundu və saxlanıldı.

Süvari polislər tələbələri qovmağa başladılar. Kütləni dağıtmaq mümkün olmadıqda atəş açıldı. İyirmi yaşlı Turan Emeksiz həlak oldu, xeyli tələbə yaralandı. Amma etirazçılar yenə dağılmadılar. Əksinə, başqa təhsil müəssisələrindən tələbələr İstanbul universitetinin önünə gəlirdilər. Polisin köməyinə ordu birlikləri çağrıldı. İstanbul Erkek Lisesinin tələbəsi Nedim Özpolat tankın üstünə çıxmaq istərkən altında qaldı və həyatını itirdi.

Tələbələr onların üzərinə süngülərlə yürüyən hərbçiləri “Yaşasın ordu”, “Türk əsgəri, çox yaşa” hayqırtıları ilə qaşıladılar. DP iqtidarına yaxınlığı ilə seçilən professor Ali Fuat Başgil özünün “27 Mayıs ihtilalı və sebepleri” kitabında yazırdı: “İki tərəf arasında həmən həmən bir neçə addımlıq məsafə qalmışdı. Birdən əsgər durdu, aradan bir neçə saniyə keçməmiş əsgər və zabitlər tələbələrlə bir-birilərinə sarıldılar. Öz özümə “tamam, dedim, bu hərəkat orduya da sirayət etdiyinə görə, artıq Menderes hökuməti getmişdir” söylədim”.

İqtidar İstanbul və Ankarada hərbi vəziyyət elan etdi, univeristetləri bağladı və İstanbul hadisələrinin mətbuatda yayımlanmasına qadağa qoydu. Amma bu qadağa əks nəticələr verdi. Əhali arasında yüzdən çox tələbənin öldürülüdüyü, cəsədlərinin yeni çəkilən yolların asfalt örtüyünün altına gömüldüyü kimi şayiələr yayıldı.

Aprelin 29-da Ankara universitetində etirazlar baş verdi. Hərbi vəziyyət komandanı Namik Argüc etirazçılara atəş açmaq əmri verdi. Amma hadisə yerində olan əsgərlərin komandiri, hərbi çevrilişin iştirakçılarından biri olacaq Vehbi Ersü bu əmri yerinə yetirmədi. Bununla belə universitetə daxil olan polis tələbələri amansızlıqla kötəklədi.

Ertəsi gün yenə İstanbul tələbələri etiraza çıxdılar. Onlara qarşı göndərilən hərbçilər müqavimətə rast gəlmədən tələbələri yük maşınlarına doldurub apardılar. Amma sonra aydın oldu ki, saxlanılanların çoxu yolda buraxılıb, az qismi isə Davutpaşa kazarmalarına aparılıblar. Guya burada nəzarətdə saxlanılan tələbələr əsgərlərlə futbol oynayıblar. Ordunun iqtidar əleyhdarlarına rəgbət duyması getdikcə daha aydın şəkildə təzahür edirdi.

***

Ordunun DP iqtidarından narazılığının bir çox səbəbləri vardı. Hakimiyyətə gəldikdən sonra atılan elə ilk addımı – azanın ərəbcə verilməsinə qoyulan qadağanın ləğvini – ordu bəyənmədi. Menderesin sonrakı illər siyasi məqsədlər naminə dini duyğuları istismar etməsi bu narazılığı artırdı. Baş nazirin bir dəfə DP-nin Məclis qrupuna üz tutaraq “siz istəsəniz, xilafəti belə gətirə bilərsiniz” deməsi də olduqca ehtiyatsız hərəkət idi.

1951-ci ildə parlamentdə “emir erleri”nin ləğv olunması məsələsinin müzakirəsi daha bir narazılığa səbəb oldu. Emir erleri zabitlərin xidmətində olan, onların alış-veriş və digər təsərrüfat işlərini həyata keçirən əsgərlərə deyilirdi. Əslində ordunun narazılığına səbəb müzakirənin özü deyil, bu zaman işlədilən aşağılayıcı, istehzalı, ikibaşlı arqumentlər oldu.

Narazılığın başqa səbəbi ölkəyə müşavir qismində dəvət edilən amerikalı hərbçilərə verilən böyük səlahiyyətlər idi. Türk zabitləri onların, bəzən özlərindən daha aşağı rütbəli hərbçilərin məsləhət və hətta göstərişlərini yerinə yetirmək məcburiyyətində qalmışdılar və bunu qürurlarına sığışdıra bilmirdilər.

Üstəlik, Türkiyədəki ABŞ hərbçiləri vəzifələrini yerinə yetirərkən törətdikləri əməllərə görə məsuliyyətə cəlb oluna bilməzdilər. Həmin vaxt onların vəzifə başında olub-olmamasını da ABŞ hərbi komandanlığı müəyyən edirdi. Belə status-kvo daha çox müstəmləkələrə xas idi və müstəqil Türkiyə Cümhriyyətinə yaraşmırdı.

Bu halla bağlı xeyli nümunələr mövcuddur, lakin Allen Morrison olayı daha məşhurdur. 1959-cu ilin noyabrında polkovnik-leytenant Morrison gecə klubundan çıxıb sərxoş halda avtomobil sürərkən idarəetməni itirdi və səki ilə gedən türk əsgərlərini vurdu. Nəticədə 1 nəfər həlak oldu, 11 nəfər yaralandı. Amerikalılar dərhal Morrisonun iş başında olmasını iddia etdilər və özlərinin qurduqları hərbi məhkəmə ilə onu cəmi 1200 dollar cərimələdilər.

Narazılığın başqa bir səbəbi CHP sədri İsmet İnönü ilə bağlı idi. Hərbçilər üçün İnönü siyasətçidən daha çox Qurtuluş savaşının əfsanəvi sərkərdəsi, Atatürkün silahdaşı və orgeneral idi. Menderes və digər DP üzvlərinin parlamentdə müzakirələr zamanı paşanı aşağılamaları, 1959-cu ilin baharında ölkəni gəzərkən Uşak və İstanbulda hücuma məruz qoymaları hərbçilərdə hiddət doğururdu.

1960-cı il aprelin 2-də İnönü CHP-nin yerli təşkilatının konfransında iştirak etmək üçün Kayseriyə getdi. Vali hərbçilərə yolun kəsilməsini və İnönünün buraxılmamasını əmr etdi. Amma İnönü hərbçilərin qarşısına gəlib “mənə atəşmi açacaqsınız?” soruşduqda, birliyin komandiri mayor Selahettin Çetiner “ondansa intihara üstünlük verərəm” dedi və yolu açdı. Menderes hökuməti belə hallardan öz hesabını bilməli idi, amma bilmirdi.

Nəhayət, əsas səbəbərdən biri də DP iqtidarının ikinci yarısında əhalinin bütün təbəqələri kimi hərbçilərin də güzəranının pisləşməsi idi. Xüsusən 1958-ci ilin avqustunda həyata keçirilən 221%-lik devalvasiyadan sonra onların real gəlirləri xeyli aşağı düşmüşdü.

***

Yuxarıda adını çəkdiyimiz professor Ali Fuad Başgil aprelin 30-da Çankaya köşkündə Bayarla, Mendereslə, parlamentin sədri Refik Koraltanla və xarici işlər naziri Fatih Rüştü Zorlu ilə görüşdü. Başgil böhrandan çıxış yolu kimi hökumətin istefa verməsini, DP və CHP-nin koalisyon hökumət qurmasını məsləhət gördü. Amma Bayar bu təklifin əleyhinə çıxdı. Prezident “indi sərtlik zamanıdır” söylədi.

Mayın 3-də Quru qoşunlarının komandanı, orgeneral Camal Gürsel müdafiə naziri Ethem Menderesə məktub yazdı. Bu məktubda böhrandan çıxmaq üçün 15 bənd təklif olunurdu. Onların arasında başlıcası Celal Bayarın istefa verməsi və əhalini sevgisini hələ də xeyli dərəcədə saxladığı iddia olunan Menderesin prezident olması idi. Daha sonra məktubda nüfuzdan düşmüş nazirlərin hökumətdən uzaqlaşdırılması, Təhqiqat komissiyasının ləğv edilməsi, dustaq jurnalistlərin əfvi, din istismarından vaz keçilməsi, vətəndaş hüquq və azadlıqlarına əməl olunması və digər tələblər yer alırdı.

Hökumətin bu məktuba reaksiyası Cemal Gürseli üç aylıq məcburi məzuniyyətə göndərmək oldu. Bu üç ay ərzində generalın təqaüd yaşı çatacaqdı və hərbi xidmətdən gedəcəkdi. Beləcə, iqtidar gərginliyi azaldılması üçün siyasi addımlar atmaq barədə daha bir təklifi rədd etdi, repressiyalara üstünlük verdi.

Növbəti səs-küylü hadisə “555K olayı” oldu. Tələbələr mayın 5-də, yəni beşinci ayın beşinci günü, axşam saat beşdə Kızılay meydanında aksiya keçirmək qərarı verdilər, buradan da “555K” parolu yarandı. Həmin vaxt meydana yığışan tələbələr “Qazi Osman paşa marşı”nı fitlə çalaraq sivil itaətsizlik aksiyası keçirdilər.

Adnan Menderesin bu kütlənin içərisində necə peyda olması barədə iki versiya mövcuddur. Bunlardan birinə görə, Kızılayda həm də DP tərəfdarlarının mitinqi olmalı idi, orada iştirak etmək istəyən Baş nazir əleyhdarlarının arasına düşdü. Başqa versiyaya görə, Bayar, Koraltan və Menderes öz xidməti avtomobillərində oradan keçirdilər. İlk ikisi dayanmasalar da, Menderes avtomobilini saxlayır və etirazçılara tərəf gedir.

5ece298e55427e199c8442c6.jpg
27 may çevrilişi

Gənclər Menderesi “”yuh” səsləri ilə qarşıladılar. Mederes onlara “nə istəyirsiniz?” sualını verdikdə, gənclərdən biri yaxasından yapışaraq “hürriyyət istəyirk” bağırdı. Bu zaman Menderes özünün məşhur cavabını verdi: “Baş nazirin yaxasından yapışmısan, bundan böyük hürriyyət olurmu?”. Üst-başı dartışdırılan, linç təhlükəsi qarşısında olan Menderesi Emin Karakuş adlı jurnalistin maşınına oturdaraq meydandan uzaqlaşdırdılar. Jurnalistin xatirələrinə görə, Menderes yolboyu “Mənəmi yuh, ulan” deyib tələbələri söyürdü.

Bu arada Celal Bayar daxili işlər naziri Namik Gediki çağırdı, “niyə vəzifəni icra etmirsən?” deyə irad bildirdi. Prezident səsgücləndirici vasitəsilə etirazçılardan dağılışmaların istəməyi, dağılışmayanlara dərhal atəş açılmasını əmr etdi. Amma bu əmr, xoşbəxtlikdən, yerinə yetirilmədi.

İqtidar yenə məhdudiyyətlər tətbiq etdi. Ankarada on nəfərdən artıq insanın bir yerə toplaşması qadağan edildi. Mayın 11-də hətta parlament heç bir səbəb göstərilmədən 11 günlük tətilə buraxıldı. Menderes isə DP-nin iqtidara gəlməsinin 10 illiyi münasibətilə Egey bölgəsinə səfərə çıxdı.

Türkiyə cəmiyyətinin sərt şəkildə ikiyə bölünməsi siyasi liderlərin ölkə gəzintisi zamanı özünü açıq büruzə verirdi. İstər Menderesi, istər İnönünü onminlərlə insan kütləsi coşğu ilə qarşılayırdı. Bu dəfə də istisna olmadı, Baş naziri hər yerdə böyük izdiham gözləyirdi. Kütlələrin sevgi təzahüründən şövqə gələn Menderes yenə də müxalifəti, mətbuatı, universitet müəllimlərini və tələbələrini hədələdi.

Mayın 19-da, Mustafa Kamal paşanın Samsuna çıxışının ildönümündə hər il keçirilən idman və əyləncə tədbirlərinə qadağa qoyuldu. Buna görə həmin gün Anıtkabirdə, axşam isə Atatürk bulvarında etirazlar oldu. Mayın 21-də isə iqtidar üçün daha həyəcanlı hadisə baş verdi. Ankara Kara Harp Okulunun minə qədər müdavimi küçəyə çıxaraq səsssiz yürüş keçirdilər.

Hərbçilərin ən azı bir qisminin artıq açıq şəkildə siyasi səhnəyə çıxması və hökumətdən narazılığını ifadə etməsi ciddi təlaş doğurdu. Celal Bayar hərbi məktəbin tələsik İzmirə köçürülməsi qərarını verdi və bu barədə məktəbin müdiri Sıtkı Ulay məlumatlandırıldı. Hərbi məktəb qəsdin nüvəsini təşkil edirdi, onun köçürülməsi bütün planları pozacaqdı. Amma özü də qəsdçilərdən olan Ulay qərarın yerinə yetirilməsini sabotaj edə bildi.

Mayın 23-də daha mülayim xətt tərəfdarı olan DP-lilər xüsusi antipatiya doğuran nazirlərin istefaya göndərilməsini Bayar və Menderesə təklif etdilər. Amma DP iqtidarının hər iki rəhbəri bu addımın müxalifət tərəfindən zəiflik əlaməti kimi qiymətləndiriləcəyini iddia etdilər.

Mayin 24-də Türkiyə Silahlı qüvvələrinin Baş qərargah rəisi Rüştü Erdelhun və iyirmiyə yaxın yüksək rütbəli generallar Baş nazirlə görüşdülər, ordunun hökumətə sadiq olduğunu söylədilər. Hər iki tərəf bunun gerçək olduğuna inanırdı. Amma hərbi qəsd generalların xəbəri olmadan daha aşağı rütbəli zabitlər səviyyəsində planlaşdırılırdı. Qəsdin başında sadəcə tümgeneral (general-mayor) rütbəsi daşıyan Cemal Madanoğlu dururdu.

Mayın 25-də Menderes DP-nın parlament qrupunun iclasında iştirak etdi. Burada hökumət xeyli tənqidə məruz qaldı. Doxsan millət vəkili Təhqiqat komissiyasının ləğv edilməsini, erkən seçkilərin təyinini, ordunun siyasətə qarışmasını müzakirə etmək istəyirdi. Baş nazir isə iclası tələsik yekunlaşdırıb qəfil planlaşdırdığı Eskişehir səfərinə hazırlaşmaq istəyirdi. Bu günlərdə Menderesin qarşısında duran problemləri həll etməkdən yayınaraq özünü daha rahat hiss etdiyi əyalət səfərlərinə çıxmağa üstünlük verməsi sezilir. Demək olar ki, nazirlərin hamısı onu gəzinti vaxtı olmadığına inandırmağa çalışdılar, faydası olmadı.

Mayın 26-da Menderes Eskişehere uçdu. Burada o, vəziyyətinin həqiqətən də qorxulu olduğunu göstərən bir hal ilə üzləşdi. Onu qarşılayan hərbçilərə salam verməyə hazırlaşarkən onlar bir nəfər kimi arxalarını çevirdilər, marş söyləyərək uzaqlaşdılar. Bu hadisə Menderesə bütün xəbərdarlıqlardan daha güclü təsir etdi və hakimiyyətinin uçurum astanasında olduğunu anlatdı.

Baş nazir əvvəlcədən hazırladığı və yəqin ki, əleyhdarlarına qarşı hədə-qorxu ilə dolu olan nitqini dəyişməyə məcbur oldu. O, ekspromt çıxış etdi və Egey gəzintisində olduğundan xeyli yumşaq danışdı. Amma mitinq təyin olunan yerdə də müəmmalı hadisə baş verdi: səsgücləndiricilərin xətləri kəsilmişdi. Bağıraraq danışan Baş nazir üç ay müddətinə təsis olunan Təhqiqat komissiyasının öz işini artıq yekunlaşdırdığını, onun buraxılacağını və erkən seçkilərə gediləcəyini elan etdi. Bu, başqa vaxt siyasi gərginliyi azaltmaq üçün ciddi addım ola bilərdi, amma indi gecikmişdi. Hərbi çevriliş mexanizmi artıq hərəkətə düşürdü.

***

Ordu daxilində qəsdçilər qrupu 1954-cü ildən yavaş-yavaş təşkilatlanmış və şaxələnmişdi. Qrupda təşkilatlanma şaquli deyil, üfüqi istiqamətdə gedirdi, əsasən binbaşı (mayor), yarbay (polkovnik-leytenant) və albaylardan (polkovnik) ibarət olan qəsdçilərə bir-iki tüğgeneral və tümgeneral daxil idi. Bununla belə, 1960-cı ilin mayına doğru artıq ən önəmli mövqelərdə də öz adamlarını yerləşdirmişdilər. Hətta prezidentin iqamətgahı olan olan Çankaya köşkünün Mühafizə alayının komandiri də qəsdçilərdən idi.

Qəsdçilər təkcə iqtidar nümayəndələrini deyil, çevrilişə mane ola biləcək hərbçilərin də həbs edilməsini planlaşdırırdılar. Mayın 27-nə keçən gecə saat 03.15-dən etibarən çevriliş hərəkatı başladı. İqtidar mənsublarından ilk olaraq parlament sədri Refik Koraltan həbs edildi. Baş qərargah rəisi Rüştü Erdelhun və digər yüksək rütbəli hərbçilər tutularaq Hərbi məktəbin təcridxanasına salındılar. 1-ci ordu komandanı Fahrettin Özdilek isə çevrilişə qoşulmağa razılıq verdi. Millət vəkilləri, nazirlər, Ankara və İstanbul valiləri, polis rəisləri həbs olundular.

Saat 04.26-da albay Alparslan Türkeş radio ilə çıxış etdi. Onun özünün yazdığı müraciətdə deyilirdi: “Sevgili vətəndaşlar! Dünən gecə yarısından etibarən bütün Türkiyədə dəniz-hava-quru Türk Silahlı Qüvvələri əl-ələ verərək məmləkətin idarəsini ələ almışdır. Bu hərəkat silahlı qüvvələrimizin müştərək işbirliyi sayəsində qansız bacarılmışdır. Sevgili vətəndaşlarımızın sükut içində qalmalarını və rəsmi səbəbi nə olursa olsun, heç kimsənin küçəyə çıxmamasını xahiş edirik”.

Əslində bu müraciət oxunan zaman çevrilişin taleyi hələ bəlli deyildi. Iqtidarın iki əsas fiquru həbs edilməmişdi. Çankaya köşkünün 9 tank və mindən çox əsgərlə mühasirəyə alınmasına baxmayaraq, Celal Bayar “Mən bu vəzifəyə milli iradə ilə gəldim. Başıma silah da sıxsanız istefa verməyəcəyəm!” deyərək təslim olmurdu. Amma köşkün Mühafizə alayının qəsdçilərə tərəf keçməsindən sonra müqavimət göstərməyə qüvvə qalmadı. Bayar çıxış yolunu intihar etməkdə gördü, amma onu həbs etməyə gələnlər qoca prezidentdən daha cəld davranaraq üstünə atıldılar və silahını aldılar.

Bununla belə, intiharsız da olmadı. Saxlanılan daxili işlər naziri Namik Gedik Hərb məktəbinin pəncərəsindən atılaraq özünü öldürdü. Hərçənd, onun əvvəlcə döyülərək meyidinin pəncərədən atılması barədə ehtimallar da geniş yayıldı. Gedikin həm “6-7 eylul olayları” zamanı davranışı, həm də müxalifətə qarşı münasibətilə xeyli nifrət qazandığını nəzərə alsaq, öldürülməsi tamamilə mümkündür.

Adnan Menderes isə səhər tezdən Eskişehirdən Konyaya yola düşdü. Baş nazirin hara getdiyindən xəbərsiz olan hərbçilər havaya hərbi təyyarələr qaldırdılar və bir müddət sonra qafiləni təsbit etdilər. Kutahyaya çatan Menderes və maliyyə naziri Hasan Polatkan buradakı hökumət binasında ikən albay Muhsin Batur tərəfindən həbs edildi və təyyarə ilə Ankaraya gətirildi.

Çevrilişi həyata keçirən hərbçilər anlayırdılar ki, yüksək rütbəli liderləri olmasa, hakimiyyəti əllərində saxlamaq çətin olacaq. Buna görə hətta Baş qərargah rəisi Erdelhunu öz tərəflərinə çəkməyə cəhd etdilər. Amma orgeneral 3 gün öncə sədaqətinə əmin etdiyi hakimiyyətə qarşı çıxmağı qüruruna sığışdırmadı. Belə olduqda, İzmirdə istirahət edən Camal Gürsel üçün təyyarə göndərildi.Gürsel Ankaraya gəldi və çevrilişin başına keçdi.

Çevrilişdə əsas rol oynayan 38 hərbçidən ibarət Milli Birlik Komitəsi yaradıldı. Bu hərbi xunta parlamentin səlahiyyətlərini mənimsədi. Amma Gürsel və Özdilek istisna olmaqla, hərbçilər hökumətdə yer almadılar. Cemal Madanoğlu hələ çevrilişdən öncə bununla bağlı onlara and içdirmişdi. On hüquqşünas alimdən təşkil edilən xüsusi komissiya isə yeni konstitusiyanın layihəsini hazırlamalı idi.

***

Türkeşin radioda yayılan müraciətində küçələrə çıxmamaq istənilsə də, səhər tezdən onminlərlə insan Ankara küçələrinə çıxaraq DP iqtidarının devrilməsini bayram edirdilər. Onların arasında gənclər, tələbələr çoxluqda idilər. Kütlə rastlarına çıxan hərbçilər qucaqlayır, çiyinlərində daşıyırdılar. Əslində isə bayram ediləsi bir şey yox idi.

Türkiyə Cümhuriyyəti özünün ilk demokratiya imtahanından uğurla çıxa bilmədi. Demokratik yolla hakimiyyətə gələn qüvvə eyni yolla hakimiyyətdən getməyi, bir müddət müxalifətdə qalıb yenidən revanş götürməyi bacarmadı. Bütün üsullarla hakimiyyəti saxlamaq üçün çalışdı, müxaliflərə və narazılara qarşı basqı rejimi qurdu. Nəticədə iş hərbi çevrilişə qədər gedib çıxdı. Bu arzuolunmaz sonluq Türkiyənin sonrakı tarixində uzun müddət öz təsirini göstərdi, yəqin ki, günümüzdə də göstərməkdədir.

Ana səhifəXəbərlər27 may çevrilişi