23 ildə dəyişən Zaur və ya Təhminədən Laləyə

“Happy end”lə bitməyən filmlərdən narazı qalmağımız normaldır

Source:
Pərdə filmindən parça
Pərdə filmindən parça

“Happy end”lə bitməyən filmlərdən narazı qalmağımız normaldır. Amma bu narazılıqda haqlı olmamağımız da ən az o qədər normaldır. Yeni Azərbaycan filmi olan “Pərdə”də də belədir. Yoldaşım sonluqdan narazı qaldı, müəllif əsəri başqa cür də bitirə bilərdi.

Razı deyiləm. Müəllif əsəri başqa cür bitirsə, hind kinosu olardı. İncəsənət cəmiyyətin inikası rolunu oynayanda sonluğu da digər həlledici hissələr kimi müəllif seçmir.

Zaur kinomuzda inkişafda olmalı olan obrazdır. Təhminənin bədbəxtliyinin səbəbkarı Zaurun qətiyyətsizliyi olmuşdu. O, nə köhnəliyə sadiq qala bilmişdi, nə də yenilik uğrunda fədakarlıq edə bilmişdi. Ortada döyükdü və nəticə faciəvi oldu.

Üstündən 23 il keçib. Vəziyyət dəyişibmi? Dəyişibsə, hansı istiqamətdə? Bunu “Pərdə” filmi göstərə bildi, məncə. Azərbaycanda azlıq da olsa, bir xeyli gənc başını adət-ənənədən, başımıza salınan torbadan qaldırıb. İndi bir az cəsarət göstərib adam kimi yaşamaq lazımdır. Amma yenə də əksəriyyəti ortada döyükür. Çətinlik qarşısında dözməyin daha az tələb olunduğu kimi görünən köhnəliyi seçirlər. Amma bir dəfə oyanan vicdan səni köhnəliklə tanış edir, bundan sonra sənin üçün ən ağır şey həmin köhnəlikdə qalmaqdır. Amma insanlar maddi çətinliyin vicdan əzabından qat-qat yüngül olmasını hər zaman vaxtında anlamırlar.

Təhminənin dövründəki Zaur hələ kimisə öldürüb-öldürməmək çətinliyinə düşməmişdi. Düşsə, necə davranacaqdı, dəqiq demək olmaz. 1993-cü ildə daha demokratik cəmiyyətdə yaşayırdıq. Rok konsertlərində stadionları doldururduq. Hakimiyyət xalqdan qorxurdu, qocalar gənclərdən. 23 il ərzində isə çox şey dəyişdi. Passionarlığımızı öldürdülər, passionarları marginal elədilər, qocalar qalib gəldi, gənclərə qoca olmaqdan və marginal olmaqdan başqa seçim tanınmadı, əksəriyyəti qoca olmağı seçdi.

Pərdə filminin afişası
Pərdə filminin afişası

Amma bu qocalan gənclərin içindən Zaurlar çıxmalı idi, çıxır da. Onların nə həyat yaşadıqları, dəyərlərinin imtahana çəkildiyi vaxtlarda necə davrandıqları “Pərdə” filmində göstərilib, ən azı 1 problemin fonunda. Zaur 23 il sonra nəinki yeniliyə addım atmaq, ailəsinin, köhnələrin, pulun əleyhinə çıxmaq cəsarətini yenə sona qədər göstərə bilmədi, hətta həlledici anda geriyə doğru addım atdı, özünü məhv etdi.

Adamların çətin vəziyyətlərdə necə davranacağını normal şərtlər altında bilmək olmur. “Təhminə” filmində konkret bir mənfi qəhrəman yox idi. Zaurun anası da öz adət-ənənəsi əsasında hərəkət edən adi bir insan idi. Amma “Pərdə”də hadisələr daha həyatidir. Zaurlara imkan verilmir ki, seçimləri rahat etsinlər. Daha çətin vəziyyətlər var, daha böyük məsuliyyət ola bilər. Və bu vəziyyətlərdən çıxmaq asan deyil. 1993-dən bəri çətinləşən vəziyyətimiz fonunda nə qədər adamın bu məsuliyyəti daşıya bilmədiyini, daha yaxşı şəraitdə gözəl insanlar olan adamların çətin şəraitdə simalarını, şərəflərini necə itirdiyini, hətta bu prosesin kütləvi olduğunu, milyonların xorla mənəvi cəhətdən alçaldığını, satıldığını hamımız müşahidə etmişik və ya etmə şansımız olub.

Əslində “Pərdə”dəki Zaur elə Təhminənin Zaurudur. 1993-də o qədər də alçalmadan ayaqda qalmaq olurdu. Amma indi elə deyil. İndi sənin qabağına elə rəzil adamlar və situasiyalar çıxır ki, sən mütləq 2 ifratdan birini seçməlisən, ya namus üstündə qatil olmalısan, ya da peysər. Bu qədər sərt seçim qarşısındayıq.

Təhminə “Pərdə”də də var. “Pərdə”nin Təhminəsi artıq azad yaşamır, kişilərlə sərbəst münasibət qurmur, siqaret çəkmir, içki içmir, sevgilisi ilə, hətta vətəndaş nikahında da yata bilmir, bakirəliyini qoruyur, tikilir, PƏRDƏ arxasında yaşayır. Onun namusuna toxunulanda susur, ərə gedir, üsyan eləmir. Ona görə də “Pərdə”nin Təhminəsinin adı başqadır. 23 il ərzində Zaurların dəyişməzliyi, yaxud geriçiliyə daha çox meylliyi, qərarsızlıqları, ortada qalmaları Təhminləri bitirdi, çevirib Lalə elədi, bəlkə də Lalə Təhminə olsa idi, Zaur “Pərdə”də daha fərqli davranardı.

Filmin bitməsi cəmiyyətin nə gündə olmasını, 23 il ərzində nə böyük deqredasiya keçirməsini göstərir. Biz yeni ideyaların, inkişafın qatilləri kimi yetişmişik. Fuad kimi çıxış yolu görənlərin də əl-qolu bağlanıb. Hamı vintdir, çarxla birlikdə bütün cinayətlərə qol qoyur.

Çarx dəyişilmədikcə, vəziyyət get-gedə pis olacaq. 23 il sonra Zaur Fuadı da öldürəcək.

P.S. 1993 gözəl simvolikadır. Bu xalqın bədbəxtlik yolunu yenidən tutduğu tarixdir. Təhminə həm də demokratiyanın, azad, proqressiv yaşamanın şəkli idi, biz onun 1993-də öldürülməsinə xorla “H.Ə.” dedik.

Ana səhifəXəbərlər23 ildə dəyişən Zaur və ya Təhminədən Laləyə