2019: Qaranlıqdan aydınlığa

Pleyerimi işğal edən Bayram Lidia Percianidən “Bella Çao”-nu qoydu.

Foto: Meydan TV


Ötən il mənim həyatımın ən möhtəşəm ili oldu

2019-u çox lənətləyirlər. Bəlkə də lənətə layiqdir, amma bu il mənimçün fantastik və 180 dərəcə əks emosiyalarla keçdi.

Ötən ilin dekabr ayının sonunda Mehman Hüseynova içəridə cinayət işi açıldı və Mehmanın aclıq aksiyasına başlaması xəbəri gəldi. Biz ilin sonunu içəridə Bayram, Əhsən Nuruzadə və Elçin İsmayıllı ilə birlikdə Mehmanla bağlı müzakirələrlə bitirdik. Yanvarın ilk günlərində Mehmanın aclıq aksiyasıyla bağlı ziddiyyətli xəbərlər gəlməyə başladı. Biz bu vaxt artıq aclıq aksiyasına başlamağı qərara almışdıq. Digər həbsxanalardakı siyasi məhbuslarla da əlaqəyə keçmişdik. Hamı eyni gündə başlamalıydı; planımız bu idi. Lakin koordinasiya istədiyimiz kimi alınmadı. Özümüz başlamağa qərar verdik. Mətni hazırladıq. 10-dan çox imzalı sürətini (əlyazma ilə) çap edib həbsxanadakı etibarlı kanallarımıza ötürdük. Və ilk cəhddəcə müraciət çölə çıxdı. Xədicə İsmayıl öz hesabından yaymışdı. Ertəsi gün yuxudan durduq. Həbsxanaya xüsusi təyinatlılar (qara maskalılar) yeridilmişdi. Sıra yoxlamasından sonra bir-bir həbsxanadakı bütün kriminal avtoritetləri çağırıb onları təhdid etmişdilər: ya onlar (yəni, biz) aksiyanı dayandırır, ya da biz xüsusi təyinatlıları yeridib həbsxananı və həbsxanadakı camaatı şumlayırıq. Əgər ağlınız sovet vaxtının miflərinə gedirsə, getməsin. Təbii ki, mövcudluğunu böyük ölçüdə sistemə borclu olan və bu səbəbdən də sistem qarşısında gücsüz olan kriminal aləm bütün gücü ilə üzərimizə şığıdı. Biz 4 nəfər idik. Onlar isə bütün həbsxanadakıların beynini bizim əleyhimizə doldurmuşdular. Bizi didməyə hazır olan, nifrət dolu gözlərlə baxan min nəfər. Bu arada, 5-ci kolon – həbsxana administrasiyasının məhbuslar arasındakı agenturası da dayanmadan qorxu dolu dezinformasiya yayırdılar. "Qoşun girəcək". Belə bir şəraitdə kriminal avtoritetlər bizi “razborka”ya çağırdılar. Əlbəttə, onların əksəriyyəti, bizim kim olduğumuzu, bizə toxunmağın onlar üçün nəylə nəticələnəcəyini (başqa heç kim yox, elə məhz məsuliyyəti öz üzərindən atmaq istəyəcək dövlət tərəfindən) anlamırdılar. Qəzəb və qorxu dolu idilər. Həbsxanadakı komfortlu həyatları əllərindən alınacaq, kim bilir, hara sürgün olunacaqdılar.

Buna görə, kriminal aləm “razborka”ya çox sərt tonla başladı. Ardıcıl və birtərəfli ittihamları çox ağır və sərt idi, həmin vaxtadək istifadə etdikləri "dövlətin düşmənləri" maskasını çıxarmışdılar. Bütün kartlar açıq idi. Dövlət baba "Vaşinqton Post"-un haqqında yazdığı aclıq aksiyamızı nə yolla olur-olsun, dayandırmaq istəyirdi. Və bunun üçün kriminal aləmdən yararlanmaq, ən çox sınaqdan çıxarılmış üsul olaraq, dövriyyəyə salınmışdı: "Siyasi məhbuslara qarşı zeklər". Top artıq bizim meydançada idi. "Razborka" vaxtı gedən "yaxşı oğlan, pis oğlan", "din", "Allah" söhbətlərini anidən kəsib dedim ki, söhbəti bitirək. Necə gəliblər, elə də gedəcəklər. Biz onların bu həbsxanadakılara toxunmasına imkan verməyəcəyik. Onlara gülməli gəldi. Kriminal aləmin, qarşısında tir-tir əsdiyi xüsusi təyinatlıların qarşısını bütün günü kitab oxuyub musiqiyə qulaq asan bu adamlarmı alacaqdı?

Otaqdan çıxdıq. Getdik növbətçi hissənin ağzına. Bu anda, xüsusi təyinaylıların komandiri həbsxanada ərazi gəzintisinə çıxdı. Türmə həyatında bu, xüsusi təyinatlılar yeridilməzdən əvvəl olan prosedur sayılırdı. Komandirə yaxınlaşdım. Qəbul istədim. 15 dəqiqə sonra məni təklikdə qəbul etdi, söhbət etdik. İstəyini açıqladı. Dedi ki, "əgər siz, bu gün aclıq aksiyasıyla bağlı ərizə versəniz, "zon"-a qoşun soxacam, siz 4 nəfərdən başqa hamını qanına qəltan edəcəm. Sonra da çıxıb gedəcəm, onlar özləri sizinlə məşğul olacaqlar". "Amma, əgər, aksiyayla bağlı ərizəni bu gün yox, 17 yanvardan (Avropa Parlamentində qətnamə müzakirəsindən) sonra versəniz, sakitcə buradan çıxıb gedirik, heç bir "tədbir" də olmur". Gəldim uşaqların yanına, müzakirə etdik, qərara gəldik ki, bizim aksiyamızdan "Vaşinqton Post" yazdıqdan sonra bunlara ərizəni 3 gün sonra vermək heç nəyi dəyişmir. Bu qədər insanı boş yerə qırğına verməyək. Həm də ki, biz aclığımızı dayandırmayacağıq.

Komandirlə, ondan sonra da axşam müəssisəyə gələn PX rəhbərliyi ilə axşam danışdıq. Qoşun geri qayıtdı. Həbsxanada heç kimə toxunmadan. Və aksiyaya davam etdik.

Ertəsi gün bizi ərizə olmadığı üçün karserə salmadılar. Aclığımızı Bayram Məmmədovun (Bayram aclığa qarşı çox dözümsüz və zəif immunitetli idi deyə, cəmi bir-neçə saatlıq aclıq belə onun, tamam, "sönməsinə" səbəb olmuşdu) qaldığı 5 nömrəli yataqxanada səhərdən axşama kimi uzanmaqla keçirdik. Və mətbuata Penitensiar Xidmətin dünənki təzyiqi ilə bağlı məlumat ötürdük.

Ertəsi gün səhər Elçin İsmayıllını başqa CÇM-ə apardılar. Bir sonrakı gün də Əhsən Nuruzadəni. Bayramla ikimiz qalmışdıq. Bayramın gözlərinin altı artıq aclıqdan qaralmağa başlamışdı. Hərəkət etməyə halı yox idi.

Hər gün yalnız su və musiqiylə qidalanırdıq. Və üstəlik, mətbuata onların təzyiqlərilə bağlı informasiya ötürdüyümüzə və bundan sonra artıq ənənəvi təzyiq mexanizmləri işləməyəcəyinə görə bizə qəzəbli olan administrasiya bizi karserə salmırdı.

Yemək yeyən insanların yanındaydıq. Üstəlik bizi 24 saat nəzarətdə saxlayırdılar ki, "birdən gizlincə nəsə yeyərlər". Yemədik. Bəzi zabitlər, gözümüzün içinə baxa-baxa, kabab təklif edirdilər. Aldanmadıq. Beləcə 8 gün keçdi. Qətnaməli, mitinqli maraqlı günlər. Həbsxanada zabitlər danışırdılar ki, "İlkin Amerikanın adamıdır, yoxsa o boyda "Vaşinqton Post" bunun ağzından çıxan hər sözü niyə yazsın ki".

9-cu gün valideynlərimiz bizimlə görüşə gəldi. Həmişəkindən fərqli olaraq, birgə görüş verdilər. Dedilər ki, aksiyanız artıq istənilən effekti yaradıb. Buradan sonra özünüzə nəsə etməyiniz mənasızdı. Bayramla, əvvəlcədən razılaşmışdıq ki, ailələrin təzyiqlərinə boyun əyməyəcəyik. Əymədik. Onlara israrlı olduğumuzu, sonadək gedəcəyimizi bildirdik və izah etdik ki, məsələ sadəcə Mehman məsələsi deyil, eyni şeyi sabah bizə də edə bilərlər. Sərt və prinsipial olmaq lazımdır.

Ailə üzvlərimiz hüznlü şəkildə bizimlə sağollaşdılar. Bundan sonrakı görüşdə (15 gün sonra) bəlkə də artıq komada olacaqdıq. Qayıtdıq yataqxanaya. Pleyerimi işğal edən Bayram Lidia Percianidən "Bella Çao"-nu qoydu.

"Mülkiyyət yoxdur".

Amma elə həmin gün, axşam yoxlamasından sonra xəbərlərə baxan məhbuslar bir-bir gəldilər və Mehmanın məlum müraciətini bizə danışdılar. Elə yerindəcə məhbus dostlarımızdan bizə pendir-çörək gətirmələrini istədik. Mehmanı söyə-söyə pendiri yedik, sonra da bir az Mehmanın bunları trollayacağından danışıb, deyib-gülüb ayrıldıq. Mən getdim öz qaldığım yataqxanaya.

Sonrasını bilirsiniz. Bizim bir çoxumuzu azadlığa buraxdılar. Amma o aksiyanın mənim sağlamlığıma vurduğu zərər (metabolizmamın pozulması nəticəsində 15 kiloluq kökəlməni çıxıram) indiyədək aradan qalxmayıb. Əgər "dəyərdimi" deyə soruşursunuzsa, birmənalı olaraq cavab verirəm ki, dəyərdi. O aksiyanın, ardınca qəbul edilən qətnamənin və möhtəşəm 19 yanvar mitinqinin nəticəsi bizim azadlığımız oldu. Və eyni zamanda 2019 mənim həyatımın ən möhtəşəm ili oldu. Təkcə azadlığa çıxdığım üçün yox. Ötən ilin bu vaxtı həbsxanada "lomka"-da oturub hökumətin sərhədsiz repressiyalarını düşünürdüm. İndi isə avtobusdayam, Pragadan Berlinə 7 ildən sonra ilk dəfə azadlıqda qeyd edəcəyim yeni ili dostlarla keçirməyə gedirəm. Amma bu, indiyədək yalnız məğlub olmamaqla qürurlandığımız böyük və güclü bir sistemə qalib gələ bilməyin verdiyi sevinc və qürurun yanında heç nədir.

Ana səhifəXəbərlər2019: Qaranlıqdan aydınlığa