2018-ci ildə Qarabağ danışıqlarında nələr baş verdi?

İcmalçılar fərqli ilin yaşandığı fikrindədirlər

Başa çatmaqda olan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanla Ermənistan arasında aparılan danışıqların özündə ciddi irəliləyiş olmasa da, danışıqlar ətrafında fəal proseslər gedib.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra tərəflər arasında müxtəlif səviyyələrdə danışıqlar aparılıb və onların nəticələrinə dair pozitiv bəyanatlar verilib.

“Bölgənin gələcək statusu indikindən tamamilə fərqli olmalıdır”

2018-ci ildə danışıqlar prosesinin nəticələri barədə Meydan TV-ə danışan siyasi icmalçı İlqar Vəlizadə xatırladıb ki, bu il son 25 illik tarixdən baxdıqda Dağlıq Qarabağ ermənilərinin də danışıq masasında oturması təklifi gündəmə gəldi.

“Köçəryan və Sarkisyan hakimiyyətləri bu təkliflə çıxış etmirdilər. Rəsmi Bakı da Azərbaycan icmasının danışıqlar masasında iştirakına işarə vurdu. Buna misal kimi xarici işlər naziri Elmar Məmmədyarovun sonuncu müsahibəsini göstərmək olar. Ermənistan Bakının bu cavabını rədd etmədi”.

Onun fikrincə, çox güman ki, Baş nazir Nikol Paşinyan bu məsələyə fərqli yanaşır.

O xatırladıb ki, bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrov və onun mətbuat katibi Zaxarova danışıqlar prosesində hansısa kreativliyin mövcud olmasından danışdılar. “Bəlkə də kreativ ideya icmalarla bağlıdır”, - icmalçı deyib.

İlqar Vəlizadə

İlqar Vəlizadə

İcmaların danışıqlar prosesinə qatılmasından Azərbaycanın siyasi qazancına gəlincə, İlqar Vəlizadə bildirib ki, məsələ Dağlıq Qarabağ müstəvisinə keçir.

“Bölgənin gələcək statusunu kimsə müəyyənləşdirməlidir. Ermənistan tərəfi bu barədə müzakirələrdə icmalarını göstərir, bundan sonra Azərbaycan tərəfi də öz icmasını önə verib deyəcək ki, bunlar olmadan statusu müəyyənləşdirmək mümkünsüzdür”.

O hesab edir ki, ümumiyyətlə, bölgənin gələcək statusu indikindən tamamilə fərqli olmalıdır və statusun müəyyənləşməsində azərbaycanlıların iştirakı mütləqdir. İlqar Vəlizadənin sözlərinə görə, ehtimalların biri odur ki, status müəyyənləşəndən sonra Dağlıq Qarabağ vilayətinin rəhbərliyi rotasiya şəklində dəyişməlidir.

“Paşinyan müharibə hərbi etməyəcəyi jestini göstərdi”

ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli bu ilin diqqətin daha çox Ermənistandakı siyasi dəyişikliklərə yönəlməsi ilə yadda qalacağı qənaətindədir:

“Azərbaycan üçün yaxşı hal odur ki, müharibə cinayətlərində iştirakı olan Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı, Robert Köçəryan isə həbs olundu. Onu başqa səbəbə görə həbs etsələr belə, müsbətdir. Çünki bu adamlarla bir masa arxasında oturmaq Azərbaycan üçün aşağılayıcı idi”.

E.Qədirlinin fikrincı, əgər Paşinyan seçki öncəsi vədlərini gerçəkləşdirsə, o zaman Ermənistanın siyasi elitasından “qarabağlıların” uzaqlaşdıracaq ki, bu da bizim xeyrimizədir.

“Bu yöndə addım atıldı, ardınca gərginlik yaşandı. Amma Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Bu amil müxtəlif cür yozulsa da, məncə, siyasi girovluqdur. Orta əsrlərdə şahlar övladlarını qonşu ölkələrə girov göndərirdilər ki, hücum etməyəcəyi mesajı kimi anlaşılsın. Paşinyan da bununla müharibə hərbi etməyəcəyi jestini göstərdi”.

O qeyd edib ki, eyni zamanda, Dağlıq Qarabağda hərbi nazir dəyişdirildi, həmin ərəfədə korrupsiya cinayətlərində əli olan hərbçilər həbs olundu, sonra girov müqabilində sərbəst buraxıldılar.

“Yaxud sabiq prezident Sarkisyanın vəzifədən uzaqlaşdırdığı hərbi kəşfiyyatın rəisi Karapetyanı Baş nazir özünə müşavir təyin etdi. Qəribə sayılacaq qərardır və Ermənistanda çox şübhəylə yanaşıldı”.

Erkin Qədirli

Erkin Qədirli

E.Qədirli hesab edir ki, iki ölkə münasibətlərinin tam mənzərəsinin görünməsi üçün Baş nazir Paşinyanın növbəti addımlarını gözləmək lazımdır.

“Aydın olan odur ki, Paşinyan nə qədər qərbyönümlü bəyanatlar versə də, Ermənistanın Rusiyadan qopa bilmir. Çünki ortada kobud gerçəklik var. Ölkənin sərhədlərini Rusiya qoruyur, iqtisadiyyatın əsas aktivləri şimal ölkənin dövlət şirkətlərinin mülkiyyətindədir, Qarabağı Ermənistanın işğalı altında saxlayan da Rusiyadır. Belə bir durumda Ermənistan Rusiyanın icazə verdiyi qədər müstəqildir”.

ReAL-çı son günlərdə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbərliyinin dəyişdirilməsinin də sıradan bir hadisə olmadığını düşünür:

“İcmanın rəhbərliyinə diplomat Tural Gəncəliyev gətirildi. Həm də dövlət başçısı İlham Əliyev sülh mesajları verir, amma Sarkisyanın hakimiyyəti zamanı müharibə ritorikası çox sərt idi. Məncə, Əliyev ağıllı davranış sərgiləyir, gözləmə mövqeyində dayanır. Çünki parlament Paşinyanın nəzarətində olsa da, mənzərə tam aydın deyil. Qarabağ klanı hələ hakimiyyətdən uzaqlaşdırılmayıb, mafioz Tsarukyan yerindədir, korrupsiya problemi qalır. Paşinyan da onunla ehtiyatla davranır”.

E.Qədirli digər tərəfdən vurğulayıb ki, Dağlıq Qarabağın rəhbəri Bako Saakyan daha çox Moskvadan asılıdır, nəinki Yerevandan. Onun fikrincə bu mənada Saakyanın nə dərəcədə Paşinyanın sözünə baxacağı, bilinmir.

“Paşinyanın əvvəlki hakimiyyətdən daha realistik olacağı gözləntisi var”

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov 2018-ci ildə Ermənistan hakimiyyət dəyişikliyi istisna olmaqla Yerevan-Bakı münasibətlərində geniş mənada ciddi yeniliklə yadda qalmadığını düşünür.

O, Ermənistanda hakimiyyət dəyişikliyinin iki gözləntisi olduğunu hesab edir:

“Bir qism Nikol Paşinyanın əvvəlki hakimiyyətdən daha realistik olacağını və Qarabağ münaqişəsinin həllinə diqqət yetirəcəyini düşünür. Digər gözlənti ondan ibarətdir ki, Ermənistanda Qərbyönümlü hakimiyyətin formalaşması bu ölkənin Moskva ilə münasibətlərinə neqativ təsir göstərəcək, nəticədə Rusiya Azərbaycanyönlü mövqe tutacaq”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Birinci gözləntiyə gəlincə, Rauf Mirqədirov xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə görüş barədə bəyanatı razılaşdırmasını pozitiv hesab edir, bununla bəradər qeyd edir ki, bu ciddi deyil.

“Qərbyönlü Paşinyanın konstruktiv mövqe tutmasına iki amil təsir edə bilər. Bu, Rusiyanın regionda mövqelərinin zəifləməsi və Qərbin mövqeyinin güclənməsi nəticəsində olardı. İkinci isə Paşinyanın ölkə daxilində mövqeyinin gücləndirməsi ilə mümkündür. Çünki Dağlıq Qarabağ münaqişəsi son hakimiyyət dəyişikliyi istisna olmaqla Ermənistanda həmişə hakimiyyət dəyişikliyi üçün istifadə olunub. İkinci gözləntiyə gəlincə, bu, Azərbaycanın hakimiyyətyönlü mediasında daha çox səslənir. Bu media orqanları elə təəssürat yaradırlar ki, Moskva-Yerevan münasibətləri yaxın günlərdə tam pozulacaq və Rusiya təcavüzkarı cəzalandıracaq. Belə illüziyanı formalaşdıranlar ya birbaşa Rusiyanın maraqlarına xidmət edirlər, ya da sadəlöhvdürlər”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/42ycya

Ən çox baxılan