”20 mərtəbəli binalar bizi havasız, işıqsız qoyur”

Sakinlər: ”Bünövrə qazıb öz ciblərini doldurmaq üçün bina tikirlər”

Source:


Sakinlər: ”Bünövrə qazıb öz ciblərini doldurmaq üçün bina tikirlər”

“Şirkət binaların ətrafını tutub, yaşıllığı məhv edib, hündürmərtəbəli binalar tikib, yenə gözü doymur. İndi də üzbəüz boş sahəyə əl atıb”.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivindəki 18 saylı binanın sakinləri üzbəüz boş sahədə “Xəzər İnşaat”ın hündürmərtəbəli bina tikməsinə narazılıq edir.

Traktorlar işə düşən kimi küçəyə tökülüşürük

Sakinlər Meydan TV-yə danışırlar ki, əslində həmin sahə vaxtilə yaşıllıq olub. “Xəzər İnşaat” yaşıllığı hissə-hissə məhv edərək binalar tikib. İndi də növbəti hündürmərtəbəli binanın tikintisi üçün özül qazmağa cəhd edir. Lakin hər dəfə ərazidə ağır texnikalar işə düşəndə 18 saylı binanın sakinləri toplaşaraq işi dayandırırlar. Sakin Qədir Abbasov:

“Traktorlar işə düşən kimi tökülüşürük əraziyə, fəhlələr traktorları qoyub qaçır. Bir az ara sakitləşən kimi yenə yığışırlar, traktorları işə salanda düşüb qarşısını alırıq. Bu, nə vaxta kimi belə davam edəcək? Hərənin əlinə bir parça kağız veriblər, deyiblər, vətəndaş qələt eləyir, get, tik. Köhnə binalar 9 mərtəbəlidir, hər tərəfdən də 20 mərtəbəli yeni binalarla əhatələnib. Havasızıq, oksigen udmuruq, bunlar hamısı gələcək nəsilləri məhv edir. Yaşıllıq qalmadı, hava qalmadı, hamısını əlimizdən aldılar”.

10 ildən çoxdur ciyərlərimiz toz-torpaq udur

Cəmilə Həsənova 30 ildir ki, 18-ci binada yaşayır. Deyir, son 10 ildə bu binalarda yaşayanların rahatlığı əlindən alınıb:

“Hara baxırsan, tikinti, hara baxırsan, dağılıb, tökülüb. Biz burda gün görmürük, yaşaya bilmirik. Nə qədər tikintinin içində yaşamaq olar? İnsanın ciyərləri nə qədər toz-torpaq udar, insanın beynində nə qədər traktorun tırtılının səsi oynayar?”

Adını, soyadını təqdim etməyən şəxs iş icraçılarından biri olduğunu deyib və ərazidən foto çəkmək istəyən müxbirə mane olub. O bildirilib ki, şirkət burada hündürmərtəbəli bina tikəcək, buna görə Bakı Şəhər İcra Hakimiyyətindən lazımi sənədləri var:

“Sakinlərlə də dəfələrlə danışılıb, sənədlər təqdim olunub. İş sakinlərə görə dayandırılmayıb, bəzi texniki məsələlər həllini tapan kimi bünövrə qazılacaq, bina tikintisinə başlanılacaq”.

Ötən qış “Xəzər İnşaat”ın ərazidəki hazır binalarında yaşayan sakinlər də şikayətçi düşmüşdülər. Onlar şirkətin müqaviləyə əməl etmədiyini, mərkəzlədirilmiş istilik sistemi qurmadığını, əvəzində şirkətə pul keçirməklə kombi sistemi çəkilişi təklif etdiyini deyirdilər.



Köçkünləri köçürüb, ərazidə 19 mərtəbəli bina tikirlər

Nizami rayonu, Elşən Süleymanov küçəsində də oxşar vəziyyətdir. 49 saylı binanın sakinləri deyir, üzbəüz ərazidə yaşayan köçkün ailələri köçürdükdən sonra kiçik tikililər sökülüb və ərazidə iri bünövrə qazılmaqdadır. Bir şirkət burada 19 mərtəbəli bina tikir. Binaların arası sıx olduğundan 16 mərtəbəli binada yaşayanlar gələcəkdə havaya, işığa həsrət qalacaqlar.

Bina sakini Əzizə Səmədova:

“Köçkünləri kirayə çıxartdılar, gecəqonduya oxşayan evlərini sökdülər, elə əraziyə bitişik yerdə bir küncdə onlara 3-4 ayın içində 7 mərtəbəli bina tikdilər. Yerin qalan hissəsini də özlərinə götürdülər. Bünövrə qazıb öz ciblərini doldurmaq üçün bina tikirlər. Əvəzində biz havasız, işıqsız qalacağıq. Hava, günəş şüası görməyən insan necə yaşaya bilər? Bizim əlil olmağımız hesabına kimsə cibini doldurmaqla məşğuldur”.

Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan ünvanda çoxmərtəbəli yaşayış binası tikilir: “Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin icazəsi var, başçının möhürü var… Adam elə-belə iş görmür. Sakinlərin narazılığı varsa, həmin sənəddən məhkəməyə şikayət edə bilərlər, bu, onların hüququdur”.

Ana səhifəXəbərlər”20 mərtəbəli binalar bizi havasız, işıqsız qoyur”