1958-ci il Livan böhranı

Livan konstitusiyası dalbadal prezident seçilməyi qadağan edirdi və Şihab 1970-ci ildə öz namizədliyini yenidən irəli sürə bilərdi.

Foto: Meydan Tv


"Bu hadisə bütün ərəb dünyasında geniş rezonans doğurdu"

Milli paktın Livana bəxş etdiyi kövrək sabitlik artıq on il sonra sarsılmağa başladı. 1952-ci ildə Misirdə monarxiyanın devrilməsi və respublika qurulması ilə nəticələnən hərbi çevriliş bütün regionda önəmli hadisə oldu. Həmin çevrilişdən sonra “ərəb soyuq müharibəsi” adını alan proses vüsət aldı.

Misirdəki “İyul inqilabı”nın xarizmatik lideri Camal Əbdül Nasir tezliklə ərəb birliyini ehtiva edən panərəbizm cərəyanının lideri və simvolu oldu. Onun 1956-cı ildə Süveyş kanalını milliləşdirməsinə cavab olaraq Britaniya-Fransa-İsrail qoşunlarının Misirə qarşı əməliyyatları hərbi cəhətdən uğurlu, siyasi baxımdan fəlakətli oldu.

SSRİ ilə yanaşı hətta ABŞ da NATO üzrə müttəfiqlərinin hərəkətini pislədi. Nəticədə Britaniya, Fransa və İsrail öz qoşunlarını geri çəkdilər. Həmin qələbə Nasirin ərəb dünyasındakı nüfuzunu xeyli artırdı.

1958-ci ilin ilin fevralında Misir və Suriya Birləşmiş Ərəb Respublikasını (BƏR) yaratdılar. Qeyd etmək lazımdır ki, birləşmək məsələsində suriyalılar israrçı idilər və Nasir ciddi tərəddüdlərdən sonra razılaşdı. Suriya prezidenti Şükrü Qüvvətli öz vəzifəsindən istefa verdi və Nasir vahid dövlətin prezidenti oldu. Bu hadisə bütün ərəb dünyasında geniş rezonans doğurdu.

“Ərəb soyuq müharibəsi” bir tərəfdə Nasirin panərəbizm cərəyanın dəstəkləyən əsasən dünyəvi dövlətlərin, digər tərəfdə isə monarxiyalardan ibarət dövlətlərin rəqabəti idi. Birinci tərəf daha çox SSRİ-yə meyl edir və sosializm yolu tutduğunu bəyan edirdi (hərçənd bu ölkələrdə kommunistlərə divan tutulurdu), ikinci tərəf isə ABŞ-ın yardımına bel bağlayırdı.

SSRİ birinciləri silahla təchiz edir, müxtəlif iqtisadi layihələrini maliyyələşdirirdi. Məsələn, Misirdə Asuan bəndinin layihələşdirilməsinə və tikintisinə həm maddi, həm texniki yardım göstərildi. ABŞ da ikincilərə yardım edirdi, üstəlik 1957-ci ilin əvvəllərində Eyzenhauer doktrinası deyilən sənədi qəbul etdi.

Həmin doktrinaya görə, istənilən Yaxın Şərq ölkəsi “öz ərazi bütövlüyünün və siyasi müstəqilliyinin kommunist təcavüzündən qorunması” üçün ABŞ-ın hərbi yardımına ümid bəsləyə bilərdi. Sənəddə söhbət yalnız “beynəlxalq kommunizm”dən getsə də, ərəb millətçiliyi də ABŞ maraqlarına təhdid kimi qəbul olunurdu.

***

Misir inqilabı, Süveyş konflikti və BƏR-in yaranması Livanda da millətçilik dalğasına səbəb oldu. Amma bu əsasən müsəlman ərəbləri, daha çox da sünniləri əhatə edirdi. Şiələrin Nasirə münasibəti soyuq idi, xristian ərəblər də müsəlmanların çoxluq təşkil edəcəyi və hakimiyyətdə olacaqları ərəb birliyinə can atmaq fikrindən uzaq idilər.

Belə vəziyyət, üstəlik prezident Kamil Şamunun Süveyş böhranı zamanı Misirlə savaşan dövlətlərlə diplomatik əlaqələri kəsməməsi, qərbyönümlü Mərkəzi Müqavilə Təşkilatına (CENTO – Böyük Britaniya, Türkiyə, İran, İraq və Pakistanın daxil olduğu hərbi-siyasi blok) meyl etməsi Livan toplumunda kəskin parçalanma yaratdı.

Onsuz da Milli paktın şərtlərindən narazılıq get-gedə artmaqda idi. Əsas konfessiyalar arasında ilk baxışda hakimiyyət bölgüsü olsa da, proporsional deyildi. Maronitlərin nəzarət etdikləri prezident postu həm baş nazir, həm də spikerlə müqayisədə xeyli çox səlahiyyətə malik idi. Üstəlik, demoqrafik balans ilbəil dəyişirdi: xristianlarda doğum aşağı, mühacirət isə yüksək idi.

Bütün bunlar azmış kimi, antimüsəlman fikirlərinə görə “Livan səlibçisi” adını qazanan Kamil Şamunun prezidentin dalbadal seçilməsinə qadağa qoyan konstitusiya müddəasını pozaraq yenidən seçilmək istəyi müsəlmanların səbrini daşıran son damla oldu. Ölkədə gərginlik günbəgün artdı.

Mayın 7-də müxalif və panərəbçi jurnalist Nəsib Mətni öldürüldü. Əslində qətl qeyri-siyasi motivlərdən baş vermişdi. Buna baxmayaraq keçmiş baş nazirlər Rəşid Kərəmi və Abdullah Yafinin rəhbərlik etdiyi sünnilər Şamuna qarşı üsyan qaldırdılar. Mayın 15-də druzlar prezident sarayını tutmaq üçün uğursuz cəhd göstərdilər. Ölkə ərazisinin ¼ hissəsi üsyançıların nəzarətinə keçdi. İki aya qədər davam edən toqquşmalarda çoxu müsəlman olmaqla 2 min livanlı həlak oldu.

Kamil Şamun BƏR rəhbərliyini ölkədəki hadisələri qızışdırdığını, üsyançılara silah göndərdiyini iddia edərək mayın 22-də BMT Təhlükəsizlik Şurasına (TŞ) şikayət ünvanladı. TŞ şikayəti gündəliyə daxil etdi, amma İraqın təklifilə əvvəlcə Ərəb Dövlətləri Liqasında (ƏDL) müzakirə olunmasını gözlədi.

ƏDL qərar çıxara bilmədikdə TŞ-nın 11 iyun tarixli 128 saylı qətnaməsi ilə Livanda müşahidə üzrə BMT qrupu təsis edildi. Livan-Suriya sərhədində müşahidə aparacaq qrupun tərkibində iyunun 16-da artıq 100 müşahidəçi fəaliyyət göstərirdi. Onların ixtiyarında 2 helikopter və 4 yüngül təyyarə vardı. Qrupa Ekvadorun keçmiş prezidenti Plazo Lasso rəhbərlik edirdi.

Livan prezidenti eyni zamanda hərbi yardım üçün ABŞ-a müraciət etmişdi. Vaşinqton Nasirin Livanda güclənməsindən ehtiyat etsə də, Şamunun daxili siyasətindən də məmnun deyildi və yenidən prezident seçilməsini dəstəkləmirdi. Buna görə də onun müraciətinə mənfi cavab verildi. Amma iyulun 14-də İraqda hərbi çevriliş baş verdi, qərbyönümlü monarxiya devrildi, kral və yaxın adamları güllələndi, respublika elan olundu. Xəbəri eşidən Şamun dərhal yenidən ABŞ-a müraciət etdi. Eyzenhauer elə həmin gün axşam “Mavi yarasa” əməliyyatına (Operation Blue Bat) başlamaq barədə sərəncam imzaladı.

Ertəsi gün səhər saat 9-da ABŞ-ın Altıncı donanmasının dəniz piyadaları Beyrut çimərliklərinə desant çıxardılar. Onlar ilk növbədə Beyrutdan 9 km cənubda yerləşən hava limanını tutdular və bundan sonra digər hərbçilər təyyarə ilə gəlməyə başladılar. Livana çıxarılan 14 mindən çox hərbçi tezliklə vəziyyəti tam nəzarətə aldı. “Mavi yarasa” olduqca uğurlu keçdi. Yalnız bir hərbçi snayper tərəfindən öldürüldü, daha üçü isə qəza qurbanı oldu.

Vəziyyət sakitləşəndən sonra Duayt Eyzenhauer təcrübəli diplomat Robert Merfini şəxsi nümayəndəsi kimi Livana göndərdi. Burada müxtəlif konfessiyaların təmsilçilərilə danışıqlar aparan Merfi ilk növbədə Kamil Şamuna anlatdı ki, onun yenidən prezident olması dəstəklənməyəcək. Amerikalı diplomatın daha bir uğuru Livan ordusunun baş komandanı Fuad Şihabı prezidentliyə namizəd olmağa razı salması oldu. Özünün mülayim baxışları ilə tanınan generalın namizədliyini müsəlmanlar da dəstəklədilər.

Eyzenhauer doktrinasının tətbiq edildiyi yeganə hal olan “Mavi yarasa” əməliyyatı təxminən 100 gün sonra yekunlaşdı. 1958-ci il oktyabrın 25-də ABŞ qoşunları Livanı tərk etdi.

Livan da daxil bütün ərəb dünyasında panərəbizm coşğusu doğuran Birləşmiş Ərəb Respublikası isə çox yaşamadı.

Nasirin Suriyaya “kiçik qardaş” münasibəti və daxili siyasətdəki bəzi addımları suriyalıların narazılığına səbəb oldu. 1961-ci ilin sentyabrında Dəməşqdə baş verən hərbi çevrilişdən sonra Suriya BƏR-dən çıxdı.

***

Bundan əvvəlki məqaləmdə qeyd etdiyim kimi, Şihab sülaləsi Osmanlının bir əyaləti olan Dağlıq Livan əmirliyini 1697-1842-ci illərdə idarə etmişdi. Əmirliyin əhalisi əsasən druzlar və maronit xristianlar oldğu halda kökünün Qüreyş soyundan olduğu söylənilən Şihablar sünni müsəlman idilər. Druzların sünnilərə qarşı münasibəti daha barışmaz olduğundan, əmirlər maronitlərə hamilik edirdilər.

Yusif Şihabın hakimiyyəti zamanı (1770-1789) isə hakim ailə özü də maronitliyi qəbul etdi. Livan parlamentinin 1958-ci il sentybarın 22-də prezident seçdiyi Fuad Şihab da həmin sülalənin nümayəndəsi idi.

Şihab 1945-ci ildən Livan ordusunun komandanı idi. Həmin vəzifəni daşıdığı 13 il ərzində ordunu məzhəblərarası çəkişmələrdən kənarda saxlamağı bacardı. General peşəkar fəaliyyəti zamanı hansısa məzhəbin nümayəndəsi kimi deyil, livanlı kimi davranırdı. O, istər 1952-ci ildə prezident Bişara Xuriyə qarşı yönələn korrupsiya ittihamlarından doğan etirazlar, istərsə də haqqında bəhs etdiyimiz 1958-ci il böhranı zamanı ordunu daxili çəkişmələrə cəlb edilməsinə imkan vermədi. Ordu yalnız strateji obyektlərin mühafizəsi ilə məşğul oldu.

Fuad Şihabın sentyabrın 23-də öz vəzifəsinin icrasına başlayarkən dediyi “İnqilab zamanı qaliblər və məğlublar olmur” ifadəsi də milli barışığa hesablanmışdı. Onun hakimiyyətdə olduğu altı il Livan respublikası tarixində ən sakit dövr oldu. Prezident daxili və xarici siyasətində ölkənin bütün məzhəblərinin, eləcə də dünyəvi cərəyanların mənafeyini nəzərə alır və ölkədaxili harmoniya qorunurdu. Onun hakimiyyət illərində Livanda modern dövlətlərə xas olan bir çox strukturlar yaradıldı. Bu siyasət şihabizm adını aldı.

General əslində siyasəti heç sevmirdi. Hələ 1956-cı ildə Şamun onu ordu komandanı saxlamaqla müdafiə naziri təyin etsə də, dörd ay sonra həmin vəzifədən imtina etmişdi. Prezidentliyinin iki ilindən sonra da heç kəsin gözləmədiyi halda istefa vermək istədiyini açıqladı, amma ölkənin bütün təbəqələrinin müraciətindən sonra səlahiyyət müddəti bitənə qədər vəzifəsində qalmağa razılaşdı.

1961-ci ilin son günündə faşist tipli Suriya sosial nasionalist partiyası (partiya Livanda fəaliyyət göstərirdi, amma Livanı Böyük Suriyanın bir parçası hesab etdiyindən belə adlanırdı) çevrilişə cəhd etdi, amma qarşısı alındı. Bundan sonra Fuad Şihab təhlükəsizlik və kəşfiyyat xidmətlərinin gücləndirilməsinə xüsusi önəm verdi.

Livanda əksəriyyət hesab edirdi ki, konstitusiyanın dəyişdirilməsi və Şihabın ikinci dəfə prezident seçilməsi ölkə üçün ən yaxşı yol olar. Prezident özü bundan imtina etdi və Şarl Elunun namizədliyini dəstəklədi. Amma Altıgünlük müharibədən sonra ölkəyə fələstinli qaçqınların axınına imkan verdiyinə və Fələstin yaraqlılarına yumşaq münasibətinə görə öz xələfini tənqid etməyə başladı.

Livan konstitusiyası dalbadal prezident seçilməyi qadağan edirdi və Şihab 1970-ci ildə öz namizədliyini yenidən irəli sürə bilərdi. Bir çoxları bunun üçün ona müraciət etdi. Amma general açıqladığı bəyanatda bildirdi ki, əvvəlki prezidentlik təcrübəsi Livan xalqının feodal-əşirət qaydalardan imtina etməyə və müasir dövlət qurmağa hazır olmadığını göstərib. Fuad Şihab bunu əsas gətirərək namizədliyini irəli sürməkdən imtina etdi.

Şihabın dəstəklədiyi namizəd İlyas Sərkis Livan tarixinin ən mübahisəli prezident seçkisində feodal-əşirət təmsilçisi Süleyman Franjeyə uduzdu. Bu məğlubiyyətdə druzların onun rəqibinə səs verməsi də önəmli rol oynadı. Franjeninin yürütdüyü siyasət isə 1975-ci ildə vətəndaş müharibəsinin başlaması ilə nəticələndi. Fuad Şihab isə bundan iki il əvvəl vəfat etmişdi.

Ana səhifəXəbərlər1958-ci il Livan böhranı