19 yaşlı əsgərin itkin düşdüyü deyilir

Ata: “Hələ heç bir yenilik yoxdur”

Foto: Meydan.TV

Qazax rayonunda yerləşən N saylı hərbi hissənin 19 yaşlı əsgəri A.A-nın itkin düşməsi haqqında məlumatlar var. Bildirilir ki, o, yanvarın 16-dan yoxa çıxıb.

Faktı Meydan TV-yə əsgərin atası təsdiqləyib. Ancaq bildirib ki, həyat yoldaşı məsələdən məlumatsızdır və onun bilməməsi üçün hadisənin işıqlandırılmasını istəmir. Meydan TV mövzunun həssaslığını nəzərə alaraq, əsgərin adını və hansı rayondan hərbi xidmətə çağırıldığını açıqlamır. Komandanlıq yaxınlarına A.A-nın Tovuz istiqamətində itkin düşdüyünü deyib.

“Oğul mənimdir, haqqında yazılmasını istəmirəm. Həm də adının açıqlanması istintaqa təsir göstərə bilər”, – deyə ata Meydan TV-yə bildirib. Həmçinin deyib ki, oğlunun itkin düşdüyü 7 gün ərzində heç bir yenilik əldə olunmayıb.

Ailəyə yaxın şəxslərin Meydan TV-yə söylədiyinə görəsə, əsgərin ailəsinə mətbuata məlumat vermək qadağan edilib, bu səbəbdən də adlarının açıqlanmasını istəmirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Meydan TV-nin sorğusuna “yanlış məlumatdır, sizə məlumat verə bilmərik” cavabını veriblər.

Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosial19 yaşlı əsgərin itkin düşdüyü deyilir