“Bu insanların hamısına eyni gözlə baxmaq lazımdır”

Mənbə: Foto: Meydan tv

Başlıq: “Bu insanların hamısına eyni gözlə baxmaq lazımdır”

Qarabağ əlili etiraz olaraq maşınını yandırıb

Məqalə yeniləndi:  11 Dekabr 2019

“Bizim hesabımıza qurulmuş dövlətdə bizi saymırlar”

Elşad Quliyevin 46 yaşı var, Gəncə sakinidir. O, 1992-ci il Qarabağ döyüşlərində iştirak edib. 3-cü qrup əlilliyi də elə bu döyüşlərdə qazanıb. Deyir, vətəni uğrunda canını qoyub, yenə olsa, yenə edər: “Fəxri fərmanlarımın sayı-hesabı yoxdur. Ancaq bu gün əziyyətimin qiymətləndirilməməsi məni üzür.

Əslində kifayət qədər dərin yaralarım var. Sadəcə vaxtında pul istədilər, vermədim. 3-cü qrupla çıxardılar. Bu, mənim ayaqlar altına alınan yeganə hüququm deyil”.

“Hirsimdən maşınıma od vurub, yandırdım”

Elşad Quliyev deyir ki, bütün Qarabağ müharibəsi əlillərinə ev, maşın verilib. Ancaq indiyədək onun qapısını döyən olmayıb:

“Səsimi çıxarmadım deyə həmişə məni kənarda qoydular. Bütün bu haqsızlıqlar məni təngə gətirdi. Bu yaxınlarda hirsimdən maşınıma od vurub, yandırdım. Eləcə maşın qalıb polis idarəsində. Danışmağa da utanıram. Ona görə ki, canımı qoymuşam, ancaq qiymətləndirən yoxdur”.

“Çətinliklə yaşayır, sosial problemlər içində boğuluruq”

Elşad Quliyevin öhdəsində 3 azyaşlı övladı var. Deyir, çətindir, güclə dolanırlar:

“İşləyirəm gecə-gündüz. Ancaq bu, mənə çox çətindir. Çünki əsəblərim yerində deyil. Aldığım yaralar, cəbhədə gördüklərim və s. bir günə unudulası şeylər deyil. Bir baxın, prezident gündə birinə “Xalq artisti” adı verir. Onlara hər şəraiti qurur. Ancaq hesabımıza qurulmuş dövlətdə bizi saymırlar. Çətinliklə yaşayan, sosial problemlər içində boğulan, çarəsizlik içində yaşayan bizik”.

“Hamımız xəstəlik tapmışıq”

Elşad Quliyevin evi yoxdur. 5 nəfər ailə üzvü ilə birlikdə 12 ildir kirayədə qalır. Kirayə qaldığı evin şəraiti pisdir. Deyir, başqa, normal evdə qalmağa imkanı yoxdur. Normal kirayə evlər çox bahadır:

“Gücüm buna çatır. Bir baxın, divarları rütubətdən tökülür. Elə uşaqlarım da revmatizmadan əziyyət çəkirlər. Hamımız xəstəlik tapmışıq”.

“Fəxri fərmanlarımın sayı-hesabı yoxdur''.

“Fəxri fərmanlarımın sayı-hesabı yoxdur''.

Mənbə: Foto: Meydan tv

“Bu insanların hamısına eyni gözlə baxmaq lazımdır”

Elşad Quliyevin Gəncədə ərzaq mağazası var. Gecə-gündüz işləyib, ailəsini dolandırmağa çalışır. Deyir, ona da imkan vermirlər. Gündə biri gəlir, hərəsi də bir şey istəyir:

“Qırğınla, əlimin qabarı ilə özümə iş qurmuşam. Zülmlə, qırğınlarla, dava-dalaşla. Heç nə asan başa gəlmir. Birtəhər işimi qurmuşam. Bircə haqqım olan evimi, maşınımı da versələr, rahat yaşayaram, vermirlər. Ayrı-seçkilik edirlər. Vətən yolunda canını qoyan insanları ayırırlar. Kiminə yaxşı şərait qurur, iş, ev, maşınla təmin edilər. Kimi də mənim kimi sürünür. Olmaz belə. Bu insanların hamısına eyni gözlə baxmaq lazımdır”.

“Aylıq kirayəm 140 manatdır, çatdıra bilmirəm”

Elşad Quliyev deyir ki, problemi ilə bağlı müraciət etmədiyi ünvan qalmayıb. Ancaq şikayət məktublarına baxan yoxdur. Ən azından bugünədək yazdıqları bir işə yaramayıb:

“Mən demirəm ki, mənə 2 mərtəbəli ev verin, yaxud bahalı maşın alın və s. Ev bütün Qarabağ qaziləri üçün nəzərdə tutulub. Onlara nə verilibsə, eynisindən mənə də çatır. Aylıq kirayəm 140 manatdır, çatdıra bilmirəm. 200 manat isə 3-cü qrup əlilliyə görə pensiya alıram. Aldığımın yarıdan çoxunu verirəm kirayəyə. Xahiş edirəm, haqqım olan evi, maşını mənə də versinlər”.

“Dövlət heç kimi ayırıb, ayrı-seçkilik etmir”

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə məsələni araşdıracaqlarını söyləyiblər:

“Görünür, ya müraciət etməyib, ya da edib, ancaq balansda ev yoxdur. Yoxsa, dövlət heç kimə qarşı ayrı-seçkilik etmir. Belə şeylər bir gündə həll edilmir”.

Bu gün Qarabağ müharibəsində əlillik qazanmış minlərlə insan dövlətdən ev almaq üçün qeydiyyatdadır, gözləyir. Onların əksəriyyəti müharibədə ağır xəsarətlər aldıqlarından əmək qabiliyyətləri yoxdur. Buna görə özlərinə ev almaq və ya inşa etmək iqtidarında deyillər.

Rəsmi məlumatlara görə, imtiyazlı şəxslərin evlə təmin olunması üçün 2001-ci ildən indiyə qədər 2,5 milyard manatdan çox vəsait xərclənib.

"Vətən yolunda canını qoyan insanları ayırırlar"

"Vətən yolunda canını qoyan insanları ayırırlar"

Mənbə: Foto: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1v2wu0

Ən çox baxılan