İranlılar tarixdə ən uzun internet blokadası ilə üzləşiblər. Hakimiyyət yanvarın 8-dən başlayaraq etirazları qanlı şəkildə yatırmaq məqsədilə ölkədə həm də rəqəmsal blokada tətbiq edib.
Etirazlar 2025-ci il dekabrın 28-də Tehranda başlayıb, mağaza sahibləri iqtisadi şərtlərə, artan inflyasiyaya etiraz ediblər. Sonradan etirazlar ölkəyə yayılıb, hakimiyyətə qarşı çevrilib. Həftələrlə davam edən nümayişlər, əsasən, yatırılıb, amma ölkədə internetə çıxışın bərpa olunub-olunmayacağı hələ sual altındadır.
“AzadlıqRadiosu”nun İran üzrə yazarı Kian Şərifi qeyd edir ki, hətta xidmətlər bərpa olunsa belə, iranlıların qlobal internetdən istifadəsi həmişəlik kəsilə bilər. Çünki hakimiyyət vətəndaşları “İntranet” adlı daxili şəbəkədən istifadəyə məcbur edir. Bu şəbəkə isə dünya internetindən ayrı işləyir.
“NetBlocks” internetə monitorinq təşkilatı yanvarın 20-də bildirib ki, İran hökuməti sınaq xarakterli “ağ siyahı” bağlantı sisteminə keçməkdədir. “Ağ siyahı” internet senzurasının bir növüdür, burada hakimiyyətlər qlobal internetin böyük hissəsini bloklayır və yalnız məhdud sayda təsdiqlənmiş veb-saytlar, tətbiqlər və xidmətlərə girişə icazə verirlər.
Texasda yerləşən “Miaan Group”a bağlı “Filterbaan” İran üzrə rəqəmsal hüquqlar təşkilatı bildirir ki, islam respublikasında internet siyasəti artıq tam blokadaya keçib, istifadəçilər yalnız müəyyən saytlar və tətbiqlərə daxil ola bilirlər.
Bir hökumət rəsmisi yanvarın 19-da bildirib ki, internetə çıxış bir həftə ərzində normal vəziyyətə qayıdacaq.
Hökumət sözçüsü Fatimə Mühacirani isə jurnalistlərə beynəlxalq internetə çıxışın ən azı martadək olmayacağını deyib.
İnternetin uzun müddət kəsilməsi İranın rəqəmsal iqtisadiyyatına da böyük ziyan vurub. İranın İnternet Biznesi Assosiasiyasının katibi Rza Ülfət Nəsəb deyib ki, internetin kəsilməsi kiçik və böyük müəssisəslərə 400 trilyon rialdan (təxminən 288 milyon dollar) çox ziyan vurub.
Hakim orqanlar internetə çıxışı bərpa etsələr belə, “Instagram”, “WhatsApp”, “Telegram” kimi sosial media tətbiqlərinə çıxışın qaytarılmayacağı görünür.
“Ölkədə mövcud şərtləri nəzərə alsaq, xarici mesajlaşma tətbiqlərinə çıxışı bərpa etməyin yeri yoxdur”, – bunu İranın Rəqəmsal Transformasiya Komissiyasının başçısı Əhməd Nirumənd deyib.
ABŞ Dövlət Departamenti yanvarın 20-də “X” platformasında iranlıların internetə çıxışını dəstəklədiyini bildirib. Departamentin açıqlamasına görə, Vaşinqtonun İrana “maksimum təzyiq kampaniyası” xalqa deyil, hökuməti hədəfləyir. Bu səbəbdən, əhalinin əlaqə qurmasına köməklik göstərən internet, rabitə və texnologiyalar sanksiyalardan azaddır. “Biz əlçatanlığı dəstəkləməyə davam edəcəyik”, – paylaşımda vurğulanır.
İranda sosial platformalara nəzarət, 2009-cu ildə Məhmud Əhmədinejadın mübahisəli şəkildə yenidən prezident seçilməsi sonrası ölkədə kütləvi etirazlara cavab olaraq tətbiq edilir.
2019-cu ilin noyabrında yanacağa qəfildən edilən qiymət artımı ilə bağlı etirazlar zamanı İran hakimiyyəti ilk dəfə ölkə üzrə internet blokadası tətbiq etdi və nümayişləri sərt şəkildə yatırdı.
2022-ci ildə “Qadın, həyat, azadlıq” şüarı ilə bir neçə ay davam edən etirazlar zamanı da internetdə fasilələr tətbiq olundu. Ölkədə sərt tədbirləri müdafiə edənlər rəqəmsal blokadanı dəstəkləyir, bunu milli təhlükəsizliyi qorumaq üçün vacib sayırlar.
İran hakimiyyəti illərdir insanları yerli sosial şəbəkə tətbiqlərindən istifadədəyə təşviq etməyə çalışır və populyar xarici alternativlərə çıxışı məhdudlaşdırır. Bununla belə, iranlıların çoxu VPN vasitəsilə hökumətin nəzarətindən yayınaraq, xarici sosial media tətbiqlərindən istifadə edirlər.