Zərdüşt Əlizadə
İran cavab olaraq İsraili vuracaqmı?
İsrail mənbələri deyir ki, İrana son hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib. Onların çoxu ABŞ-nin İraqdakı və Suriyadakı bazalarından qalxıb. Əgər bu məlumat həqiqətdirsə, deməli, nə Suriya, nə də İraq hansısa hüquq sahibidir. Bu iki dövlətin belə zəlil günə qalmasının əsas səbəbi, məncə, tək Qərb imperializmi və İsrail deyil, ilk növbədə əhalinin cəhaləti və hakim sinfin acgözlüyüdür.
İndi hamı ehtimallar qurur ki, İran İsrailə necə cavab verəcək. Hələlik Livanın Hizbullah təşkilatı İsrail əhalisinə müraciət yayıb ki, ölkənin şimalında yerləşən 25 yaşayış məntəqəsinin sakinləri köçməlidir, çünki bu məntəqələr vurulacaq. İranın İsrailə raket atmaqdan başqa heç bir digər imkanı yoxdur, çünki aviasiyası şahdan qalma 3-4 təyyarədən ibarətdir.
Demək olar ki, İsrail arxasında duran ABŞ-yə söykənməklə İran üzərində tam hərbi və informasiya üstünlüyünü nümayiş etdirir.
Bəlkə də tərbiyəmin qüsurudur, fəqət millətimdən və mədəniyyətimdən saydığım insanların naqisliklərini müşahidə edəndə onlara yazığım gəlir və utanıram.
Fərqi yoxdur, özünü azərbaycanlı sayan insan toplusunun və ya istənilən bir fərdin ədəbsizliyini və ya cəhalətini görəndə, yazığım gəlir və utanıram.
Dindar olmasam da, özümü müsəlman mədəniyyətinin yetirməsi sayıram, bu səbəbdən müsəlmanların cəhalətinə acıyıram, onların məğlubiyyətlərindən utanıram və yazığım gəlir.
İsrail ardıcıl olaraq özündən qat-qat böyük müsəlman dövlətlərini üstələyir və diz çökdürür.
Gəncliyimdə Misir ordusunda hərbi mütərcim kimi çalışmışam və o zaman işğalçı İsrailə qarşı Fələstin naminə ərəb dövlətlərinin səfi durmuşdu: Misir, Suriya, İordaniya, İraq, Sudan, Liviya, Yəmən, Əlcəzair, Tunis, Mərakeş, Səudiyyə, Ərəb Əmirlikləri, Qatar, Bəhreyn, Oman…
Yarım əsr ötüb. Misir İsrailin müttəfiqidir, İraq, Sudan, Suriya, Yəmən və Liviya viranə qoyulub, müsəlman dünyasında Fələstin naminə yeganə müqavimət göstərən dövlət İrandır, ona qarşı ABŞ-nin rəhbərliyi altında bütün sünni ərəb əmirlikləri səfərbər olunur.
Gözəl anlayıram ki, məsələ nə sünnilikdədir, nə də şiəlikdə, məsələ hakim zümrələrin iqtisadi maraqlarındadır. Ərəb dövlətlərinin hakim zümrələrinin iqtisadi maraqları onları Qərbə, deməli, ABŞ-yə, onun vasitəsilə İsrailə tabe edir və bağlayır.
İranın hakim zümrəsi xalqını idarə etmək üçün onu Fələstin və Qüds amalları ilə səfərbər edir. Əvvəl bu amallar kütləni toparlaya bilirdi, indi onların təsiri zəifləyib.
Əksəriyyət daha bu amallar naminə pulunu və canını qurban vermək istəmir. Hakim zümrənin əvvəlki hörməti qalmayıb, mollalar tədricən SSRİ-nin süqutu ərəfəsindəki partokratlara bənzəyirlər.
İsrail də, qələbə və uğurlarına baxmayaraq, əvvəlki İsrail deyil. Yəhudi cəmiyyəti içəridən aşınıb zəifləyir. İsrail demokratiyasını yəhudi dələduzları və ifrat dindarları eşib dağıdırlar. Yəhudi dövlətinin nə qədər tənəzzülə uğradığını anlamaq üçün David Ben-Qurion və Bibi Netanyahu şəxsiyyətlərini müqayisə etmək kifayətdir. Sanki İosif Stalinlə Mixail Qorbaçovu yan-yana qoymusan.
Lakin “gombul arıqlayana qədər arıq acından ölər” deyirlər. Mübarizənin indiki mərhələsində İsrailin intellektual, texnoloji və təşkilatı üstünlüyü göz önündədir. Sizin həqir bəndəniz müsəlman tərəfinin yəhudi tərəfinə səfehliklə ardıcıl olaraq uduzmasını görəndə, yazığım gəlir və utanıram.
Əvvəla, 1967-ci ildə 6 günlük müharibədə balaca İsrailin böyük ərəb ordularını darmadağın etməsi ərəb dövlətlərinin, onların siyasi quruluşlarının şəksiz əqli, mənəvi və təşkilati naqisliyinin parlaq sübutu idi. İsrail qırıcı-bombardmançı təyyarələri döyüş tapşırığını yerinə yetirmək üçün hərbi aerodromlarda uçuşa başlamaq əmrini gözlədiyi anda Misir ordusunun bütün rəhbər heyəti… Hərbi-Hava Qüvvələrinin komandanı Şəms Bədranın qızının toyunda şənlənirdi. Mən bu məlumatı eşidəndə, Misir xalqına yazığım gəldi və utandım.
1970-ci ildə bir gecə Misirin Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komandanlıq qərargahında növbətçi mütərcim idim. Qırmızı dəniz bölgəsindən xəbər gəldi ki, İsrail kommandosu SSRİ-nin Misirə verdiyi təptəzə sirli radarı oğurlayıb aparıb.
Bu, nətəhər ola bilərdi? Hər bir radarı bir rota piyada hissəsi mühafizə etməli idi. Məsələni təhqiq etdilər, məlum oldu ki, briqada komandiri yəhudiləri aldatmaq üçün təlimatlara rəğmən öz müsəlman ağlı ilə mühafizə hissəsini həqiqi radarın yanından çəkib müqəvva radarın ətrafında yerləşdiribmiş. Bədbəxt anlamayıb ki, yəhudilər həm insani, həm elektron kəşfiyyat sahəsində dünyada birincidirlər.
Həm yazığım gəldi, həm də utandım.
1971-ci ildə 15 komanda-qərargah təlimində mütərcim oldum, Misir ordusunun dövlətin ərazi bütövlüyünü bərpa etmək məqsədilə müharibəyə hazırlığında iştirak etdim. Əməliyyatın 12-ci günü Misir ordusu İsrailin dövlət sərhəddinə çatıb dayanmalı idi.
1971-ci ilin sentyabrında iki illik hərbi qulluğum sona yetdi, qalıb işləmək təkliflərini rədd edib Bakıya qayıtdım. 1973-cü ildə başlamış Misir-İsrail müharibəsini uzaqdan izlədim. Ərəb orduları yenə basıldı, İsrail özündən sayca üstün rəqiblərini yendi.
Nə oldu? Müharibə başlayandan bir həftə sonra Misir ordusunun Baş Qərargah rəisi Səədəddin əş-Şazli Parisə uçub orada mətbuat konfransı keçirtdi, orada açıq söylədi ki, Misir Prezidenti və Ali Baş Komandan Muhamməd Ənvər əs-Sadat xaindir, bilərəkdən elə əmrlər verir ki, Misir ordusu məğlub olsun.
Necə dedisə, elə də oldu, Misir bu müharibəni də uduzdu. Mənə qaldı utanmaq və misirlilərə yazığım gəlmək.
Vətənimin başının üstünü qara buludlar alanda dözmədim, girdim meydana və xilas naminə xalqı birliyə çağırdım. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi ilə tanış oldum, partokrat liderlərin zəka qıtlığını, vicdan naqisliyini, şərəfsizliyini görəndə onlara yazığım gəldi, utandım.
Yeni yaranan təşkilatda vəzifə və gəlir fürsəti duymuş cəbhədaşlarımda abır-həya, şərəf və ləyaqət nə olduğunu bilmədən yuxarılara dürtülmək eşqi görəndə onlara yazığım gəldi və utandım.
Cəbhəni tərk etdim və adıma ləkə gətirmədiyimə görə sevindim.
İndi maraqla dünyanın qəribə işlərinə tamaşa edirəm. Yenə əzilən və basılan müsəlmanlardır. İsrail kəşfiyyatı İranın daxilində istədiyini edir, İranın əks-kəşfiyyatı yəhudi zəkası qarşısında aciz qalıb. İsrail İranın nüvə alimlərini elə ölkə daxilində qətlə yetirir, nüvə sənədlərini tonlarla oğurlayıb xaricə daşıyır və dünyaya faş edir, İranın əziz qonağını Tehranın ən qorunan binasında qətlə yetirir. Baxıram, yazığım gəlir və utanıram.
Mollalar nə ilə məşğuldur? Qadınların baş örtüyünü düzgün bağlaması məsələsi öndədir. Yadıma SSRİ-nin süqutu ərəfəsində partokratların ölmüş sovet ehkamlarını qoruyub saxlamaq cəhdləri düşür.
Hizbullah İsraillə döyüşür. Böyük təşkilatdır, Livan parlamentində və hökumətində təmsil olunur, deyilənə görə, Livan dağlarında gizli mağaralarda İsraili vura biləcək 150 min raketi var. Son iki ildə bu raketlərin böyük əksəriyyəti artıq atılıb, İsrailə hələ ki, təsir etmir.
Bu yaxınlarda 4 min Hizbullah komandirinin istifadə etdiyi peycerlər bir dənə zəngdən sonra partlayıb. 11 nəfər həlak olub, 4 min insan yaralanıb. İsrail kəşfiyyatının ən uğurlu əməliyyatı ən cüzi xərclə düşmənə ən ağır zərbəni endirməyə imkan yaradıb.
Sual yaranır: ölüm-dirim mübarizəsi aparan nəhəng təşkilatın əks-kəşfiyyatında bu qədərmi bəsit insan cəmləşib? İsrailə komandirləri vurmaq imkanı verməmək üçün mobil telefonlardan imtina etmək qərarını qəbul edən təşkilat rəhbərliyi peycerlərə keçərkən öz elektronika üzrə mütəxəssislərinə alınan 4 min cihazı yoxlamaq əmri verə bilməzdimi? Cəmi bir peyceri söküb onun içində gizlədilmiş 25 qram partlayıcı maddəni tapmaq nə çətin iş idi? Niyə etmədilər?
Yazığım gəlir və utanıram.
Baxıram Azərbaycan hökumətinə. Guya ki, gələcək nəsillər üçün nəzərdə tutulmuş Dövlət Neft Fondundan milyardlarla vəsait ayrılır və xərclənir. Bir dənə iqtisadi layihə gəlir gətirmir. Prezident sərəncamları sel kimi verir: agentlik yaradılır, sonra bağlanır, yenisi yaradılır, sonra bağlanır. Bir irimiqyaslı oğru nazir təyin olunur, ona nəhəng pullar tapşırılır, yeyib dağıdandan, oğluna Londonda təmtəraqlı mülk alandan sonra çıxarılır, digər bir oğru təyin olunur.
Azərbaycan, deyilənə görə, dünyada mövcud olan 11 iqlim qurşağından doqquzunun sahibidir, nə istəsən, əkib-becərə bilər. Xalqımızın kökü çobandır, maldardır. Di gəl ki, əti, südü, yağı xaricdən alırıq. Ölkənin ərzaq təhlükəsizliyi sıfra doğru dığırlanır.
Deyirlər, yazırlar. Kimə deyirlər, kimə yazırlar?
Vaxt var idi, İranın zəlil gününə Sabir, Cəlil acıyıb nalə çəkirdilər.
Baxıram indiki İrana, ərəblərə, cəmi müsəlmanlara, özümüzə yazığım gəlir, özümüzdən utanıram.