Əliyevlə Paşinyan xarici işlər nazirlərinə sazişlə bağlı təlimat veriblər

Nikol Paşinyan və İlham Əliyev. Foto: Anadolu via Reuters Connect

Ermənistanın Baş naziri: “Bakı ilə sülh müqaviləsinin layihəsi minimum 80-90 faiz razılaşdırılıb”

Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində XVI BRİCS sammitində (“Outreach” / “BRICS+” formatında) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Dövlət başçılarının görüşündə iki ölkənin xarici işlər nazirləri, baş nazirin müavinləri və xarici siyasət üzrə köməkçilər də iştirak ediblər.

Məlumata görə, Əliyev və Paşinyan xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” Saziş üzərində işlərin tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat veriblər.

İlham Əliyev və Nikol Paşinyanın Kazan görüşü. Foto: president.az

Görüşdən əvvəl sammitdə çıxış edən Nikol Paşinyan deyib ki, Yerevan və Bakı sülhün təməlinin qoyulması üçün bütün prinsipial məsələləri razılaşdırıblar:

“Bakı ilə sülh müqaviləsinin layihəsi minimum 80-90 faiz razılaşdırılıb”.

Paşinyan vurğulayıb ki, Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi sammitin mövzusu – “BRİCS və qlobal cənub: daha yaxşı dünyanın birgə qurulması” ilə mükəmməl uyğunlaşır:

“Layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin və kabel yollarının keçidini təşkil etməyə hazırdır və maraqlıdır. Bu, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dənizlə Fars körfəzi arasında ən qısa yol, həmçinin Azərbaycan, Ermənistan və Türkiyədən keçən Xəzər və Mərmərə dənizləri arasında ən qısa yoldur”.

Bu istiqamət Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələri üçün də istifadə oluna bilər. Bunu nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi, habelə yurisdiksiya və səlahiyyətlər nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsi mexanizmlərini təklif etdik”, – deyə Paşinyan bildirib.

Baş nazir Ermənistanın öz ərazisindən malların, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etməyə qadir olduğunu deyib.

O həmçinin rabitə təhlükəsizliyinin üçüncü bir ölkə tərəfindən təmin ediləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Azərbaycanla sülh müqaviləsi layihəsi barədə danışan Paşinyan bildirib ki, artıq əsas dil, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə onları irəli sürməmək öhdəliyi barədə razılıq əldə olunub.

Müqavilə layihəsi sülh üçün möhkəm zəmin yaratmaq və respublikalarımız arasında münasibətləri normallaşdırmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir və Azərbaycanı bu sazişi imzalamağa dəvət edir”, – deyə Paşinyan bildirib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətƏliyevlə Paşinyan xarici işlər nazirlərinə sazişlə bağlı təlimat veriblər