Blinken Bayramovla Mirzoyanı Nyu-Yorkda bir araya gətirdi (yenilənib)

Foto: Azərtac

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller 26 sentyabr görüşü barədə bildirib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri irəliləyişə görə yüksək qiymətləndirib:

“Blinken hər iki ölkəni razılığın əldə olunması istiqamətində daha da irəliləyiş əldə etməyə çağırıb“.

“Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğuladı”, – Miller belə deyib.


Görüşün qapalı keçirildiyi bildirilir

Sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Bildirilir ki, tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Hər iki tərəf görüşü təşkil etdiyinə görə ABŞ Dövlət katibinə minnətdarlıq ediblər.

Eyni açıqlamanı Ermənistanın Xarici İşlər Nazirliyi də yayıb.

“Turan”ın yazdığına görə, görüş bağlı qapılar arxasında keçirilib:

Dövlət Departamentinin yaxın saatlarda görüş barəsində açıqlaması gözlənilir”.

Sonuncu dəfə iyulun 10-da Entoni Blinkeninin iştirakı ilə Ararat Mirzoyan və Ceyhun Bayramov görüşmüşdü.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir. Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ana səhifəSiyasətBlinken Bayramovla Mirzoyanı Nyu-Yorkda bir araya gətirdi (yenilənib)